Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Padşahlıq edərək dünyanı alaq,

Əsrlər boyunca tacidar olaq".

Atını oynatdı dağın başına,

Bir neçə nəfər də qoşuldu ona.

Əliylə uzağı göstərdi: "Baxın,

Hurilər dünyaya etmişdir axın!

Dərgahı büsbütün gövhər, xəzinə,

Incilər saçılmış silah yerinə.

Yəhərlər büsbütün yaqutla dolu,

Incidir, gövhərdir atların çulu.

Ulduzlu külahlar ucalmış göyə,

Uzun don az qalır ayağa dəyə.

Tirmələr, ipəklər, fərşlər, xalçalar,

Nə əldə nizə, və oxluqda ox var.

Xalxalı qızıldan taxmış ayağa,

Zülfünün ucunu burmuş qulağa.

Hamısı şahanə zinətlə dolu,

Yox gedən ayağı, yox güclü qolu.

Bu əlsiz, ayaqsız nəfərlər neylər?

İskəndər bunlarla ordumu yenər?

Onlara bir iynə batırsan, bişəkk,

Ağızlar açılar bir pəncərətək,

Tarixlə, təqvimlə hərbə gedirlər,

Həsabda bir ayı təxir edirlər[247].

Bu ordu ən qızğın döyüşdə bir az

Əzilmiş kəsəkdən toz da qoparmaz.

Birlikdə hücuma keçsək üz-üzə,

Bu ordu dayanmaz bir həmləmizə".

Zəhmətlə keçinən sadəlövh ruslar

Hiyləyə aldanıb dedilər: "Sərdar!

Nə qədər ki, can var - əmrində varıq,

Bu əhdə, peymana baş, can qoyarıq.

Hər işdə, hünərdə olarıq nəhəng,

Qoymarıq qalsın bu gülşəndən bir rəng.

Bir basqın edərik azğın düşmana

Nizəmiz daşları boyar al qana.

Nizədən qılınca əl atan zaman

Başını keçirər kəməndə düşman".

Rus ordu qəlbini bir ocaq gördü,

Gücündən dağları yupyumşaq gördü.

Döndü ordugaha diləyi zəfər,

Qılıncdan pas sildi, qəlbindən kədər.

O biri tərəfdən şah da oturdu,

Başçı igidlərlə bir məclis qurdu.

Padşahı igidlər almış ortaya,

Bənzərdi dörd yanı ulduzlu aya.

Qədər xan Xətadan, Qur xan Xütəndən,

Dəbis Mədayindən, Vəlid Yəməndən,

Dəvalı Abxazdan, Hindi də Reydən,

Qubad Istəxrdən, Nəsəbi Keydən,

Gilanlı Zərivənd Mazandarandan,

Xavər ölkəsindən Niyal pəhləvan,

Sipənd Xorasandan, Fum da Iraqdan,

Bərişad Ərməndən, bu ittifaqdan,

Rumdan, Əfrəncədən, Misirdən, Şamdan

Hesaba gəlməyən bir çox pəhləvan.

Padişah onları qurtardı qəmdən,

Ümidlər verməklə etdi qəlbi şən.

Dedi: "Düşmənimiz dava görməmiş,

Aslanla döyüşə etməmiş vərdiş.

Quldurluq, oğurluq, bir də yol vurmaq,

Düşmənin mərdliyi, bax, budur ancaq!

Qılıncı görməmiş hər iki əldə,

Bıçağı, nizəni köküsdə, beldə.

Bunlarda tapılmaz kəskin bir yaraq,

Yaraqsız döyüşdə neylər bir qoçaq?

Qarşıya çıxsa bu çılpaq nəfərlər

Biçərik başından göbəyə qədər.

Meydanda başlasam qılınc oyunu

Bağlaram Əlbürzün uca qolunu.

Mənəm əl gəzdirən o uzaqlara,

Can almaq istərkən can verdi Dara.

Kəməndi hiyləylə atdı Keyd mana,

Saldım o kəməndi öz ayağına.

Furun qoşunuyla döyüşə girdim,

Mərdliyimdən ona kafur yedirdim.

Yayım ki, qaşına bir düyün aldı,

Xaqanın yayında giriş boşaldı.

Ruslarla döyüşdən indi qorxmaram,

Onlar bir sel isə, mən də bir dağam.

Xəzər dağından Çin suyuna qədər

Türklərlə doludur bütün bu yerlər.

Bilirəm Rumları sevməyir bir türk,

Rumlara kinləri rusdan da böyük.

Türklərin oxuyla yenə bu zaman

Qabar əskik olmaz rus ayağından.

Zəhər ki, vücuda salır zəlzələ,

Sağalır yenə də başqa zəhərlə[248].

Eşitdim: bir tülkü yırtıcı qurddan

Köpək səsləriylə tapmışdır aman.

Durmayıb iki qurd kin ilə coşdu,

O qoca tülkünün dalınca qoşdu.

Çox zorba itləri vardı bu yurdun,

Qanına susardı tülkünün, qurdun.

Qorxudan tülkücük qopardı fəğan,

Itlərin bəndini açdı ağzından.

It səsi bürüdü kəndin üstünü,

Canavar sandılar qoca tülkünü.

Itlərin səsindən hürkərkən qurdlar,

Qurtuldu o tülkü, olmadı şikar.

Sınaqlı düşmən də hər işdə belə

Qurtulur düşməndən düşmən əlilə.

Mənim ki, dəbdəbəm ucalır göyə,

Varmı ehtiyacım başqa köməyə?

Hər bağlı qapını açardır açan,

Çarə tapılmazsa, danış qılıncdan".

Başçılar bağırdı baş endirərək:

"Yolunda qanımız tökülsün gərək!

Hər zaman hünərlə işə yaradıq,

Indi biz olarıq ondan da artıq.

Həm hünər göstərmək, həm də mal üçün

Çalışmaq bir borcdur istiqbal üçün!"

Orduya verdi çox padişah ürək,

Ürəksiz bir nəfər olmasın gərək!

Düşündü, daşındı axşama qədər,

Cam ilə qılıncdan neyləsin səhər?!

Üzünü gizlərkən gündüz gecədən,

Keşikçi növbətdə, casus yatırkən,

Hesaba gəlməyən növbətçi əskər

Keçidli yollarda keşik çəkdilər.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] [99] [100] [101] [102] [103] [104] [105] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info