Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Aslandan qorxaraq qaçmış meydandan.

At saldı, düşmənin ardınca getdi,

Yolunu bağladı, tez basqın etdi.

Üstünü alaraq, kin boğa-boğa

Başını bir anda saldı torpağa.

Elə ki, düşməni torpağa atdı,

Qaçqınlar içində qorxu yaratdı.

Düşmənin başını saldığı yerdə

Bir təpə vardı o yaşıl çöllərdə.

Müzəffər və sağlam dövlət adına

Təpənin başında saldı bir bina.

Qızıldan vurdurdu şux bəzəkləri,

Ona pəhləvicə ad qoydu "Həri".

Binanın işləri bitdikdən sonra

Ordunu yeritdi şah Nişabura.

Gördü ki, ikilik çıxmış meydana:

Şəhərin yarısı dost idi ona,

Yarısı Daraya təbil vururdu,

Dostluqdan açıqca boyun bururdu.

Bir bayraq var idi Daradan nişan,

Sanırlar Daradır altında duran.

Bu uca bayrağı "namusdur" deyə,

Daranın adından ucaltmış göyə.

Nə qədər kin ilə coşdu İskəndər,

Daranın eşqindən əl çəkmədilər.

Bu kinə tapmışdı yalnız bir çara:

Köməklik göstərsin doğru dostlara.

Ordundan sınaqlı, igid kəslər də

Bir bayraq dikəltsin bu kinli yerdə.

Padşahın məqsədi bu idi ancaq,

Kin ilə çarpışsın bu iki bayraq.

Bilirdi, Daranı sevir bu şəhər,

Bu yolda çalışmaq verməz bir səmər.

Bu nifaq, düşmənlik sürəcək həşrə.

Səmimi bir dostluq girməz o şəhrə.

Torpağa girmişsə o qatı düşman,

Hələ kin sönməmiş kinli torpaqdan.

Kəkliyi saldırdı qırqovullara,

Mərvə tərpənərək düşdü yollara.

Söndü əmri ilə hər atəşkədə,

Yaxdı pərvanəni qızğın atəşdə.

Bəlxə yetişərkən, Zərdüşti odu

Qılınclar zərbindən dönüb su oldu.

Orada bir bahar vardı qəlb açan,

Güllərin dimağı acıydı ondan[212].

Içində qədərsiz gözəl, şux dilbər,

Çiçəkli bahartək sənəmxanələr.

Saysızdı xəzinə bu şən ocaqda,

Zəhmətsiz qoyulmuş hər bir bucaqda.

Qızıldan nal vurmuş möbidin atı,

"Azərgüşəsb" idi o yerin adı.

Elə ki, əl tapdı ora hökmüran,

Müğləri məst gördü müğlər camından.

Hurini cənnətdən atdı dişarı,

Qovdu cəhənnəmə dost olanları[213].

Köhnə xəzinəyə olunca məhrəm,

Ondan çox sinəyə parladı mərhəm.

Xorasan səmtinə etdi hərəkət,

Qaldı hər şəhərdə bir neçə müddət.

Xorasan beynindən çıxardı duman,

Onlara çox cəza verdi hökmüran.

Hər səmtə axırdı müzəffər ordu,

Ona gənc taleyi kömək olurdu.

Kirmanı, Qəzneyni, Quru cahangir

Atların naliylə ölçürdü bir-bir.

Hər hansı şəhərə gəlsə tacidar,

Qapısı üzünə dərhal açılar.

Ölkələr dolaşmaq olsa da çətin,

Yollarda sayı yox xəzinələrin.

İskəndər hər yerə bassaydı ayaq,

Xəzinə yüküylə ağırlaşaraq,

Yeri doldurarkən xəzinə, sərvət,

Torpağa basdırıb, etdi hərəkət.

Qızıl ki, insanı edəcək qorxaq,

Ya atəş udsun, ya bu qara torpaq.

Qızılı torpağa gömən hər qafil

Ağzına dəmirdən vurur bir qıfıl.

Madam ki, torpağı sovurur külək,

Ona bir dəmirdən qıfıl nə gərək?

 

 

 

İSKƏNDƏRİN HİNDİSTANA

GETMƏSİ

 

Saqi, ver ərinmiş o saf qızıldan,

Qırmızı kükürdü odur doğuran[214].

Mənə ver, dərmantək tutiya edim,

Misimi onunla kimiya edim[215].

Həvəslə sür atı, xoşdur bu çöllər,

Cilovu çəkmə ki, atındır dilbər.

Gözəl bir ad ilə çirkin dünyadan

Köçərək tut cənnət bağında məkan.

Bağlanma torpağa, gəl həzər eylə,

Qarunu udmuş öz xəzinəsiylə.

Dinclikdir qurtuluş, gəl, olma sərkəş.

Dağıntı olmaqla yığcamdır günəş.

Qorxulu, zəhmətli olduqca yollar

Ticarət əhlinin qazancı artar.

Yollar quldurlardan olsa səlamət

Bazar əsnafına olmaz mənfəət.

Qaydadır, hər yerdə xəzinə vardır,

Yolunda qorxunc bir əjdaha yatır.

Sözə yağ, bal qatan o dehqan yenə

Belə yağ, bal qatır işin məğzinə:

Padişah Qəzneyndən Bəlxə aşınca,

O acı dənizdən uzaqlaşınca,

O qədər sərvərlər ona baş vurdu.

Hindistan səfəri qarşıda durdu.

Ağıllı kəslərlə etdi məsləhət:

"Bax, ayaqlarımdan öpür bu dövlət,

Iranın torpağı ovcum içində,

Atımı çevirmək istərəm Hində.

Öncə Keyd üstünə ordu tökərəm,

Kin ilə hiylədən mən əl çəkərəm.

Başqa kəslər kimi baş əysə mana,

Köməkdən başqa şey etmərəm ona.

Mənimlə başlasa qızğın savaşı,

Qılıncımla düşər o şəxsin başı.

Bu yandan o yana çevirrəm, bir də



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info