Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Çövkana pərəstiş edən bu dövran

Ələ top keçirdi gecə oynundan.

Şahlardan top qapan böyük hökmüran

Cilovu çövkana buraxdı bir an.

Qalxdı dağlar yaran gəmiyə birdən.

Fil atın üstünə mindi filbədən.

Ucaltdı bayrağı boyun çəkənlər,

Qiyamət başladı, göründü məhşər.

Ordunun olurdu eni bir ağac,

Ceyranla dolmuşdu bütün çöl, yamac.

Çindən Cəndə qədər hey başdan-başa

Yer-göy bürünmüşdü ipək qumaşa.

Ordunun sayına çatdı hökmüran,

Var idi beş yüz min adlı pəhləvan.

Qabaqda, arxada tovuzrəng türklər,

Sağ, solda poladqol aslanlar gedər.

Ordunun qəlbində durmuş hökmüdar.

Sahildə dağ kimi dəmir külahlar.

O dəmir külahlı ərlərdən başqa

Qırx filə söykənmiş həm ön, həm arxa.

Qarşıda ucalmış şahın sancağı,

Min igid əlində tutmuş bayrağı.

Xas qullar belində qızıldan kəmər,

Ərinmiş saf qızıl çubuğa bənzər.

Gözəl, gənc igidlər coşurdu seltək,

Hər yandan çəkirdi minlərcə yedək.

Yolun zəhmətini qat-qat azaldan

Nədimlər bürümüş onu hər yandan.

Şövkətlə tərpəndi Rum şəhriyarı,

Yanınca gedirdi Çin hökmüdarı.

Elə ki, yolları ölçdü bir qədər,

Xaqana işarə etdi İskəndər.

Durmayıb mülkünə qayıtsın yenə,

Cilovu çevirsin türk ölkəsinə.

Şah ilə görüşdü, ayrıldı xaqan,

Üzünü islatdı kirpik suyundan.

O dünya dolaşan atını sürdü,

Qoşunla Ceyhuna doğru yürüdü.

Elə ki, yetişdi o dərin çaya,

Dincəlmək əmrini verdi orduya.

O yerdə sevimli bir çəmən gördü,

Enməkçin münasib bir məskən gördü.

Kəndirlər çəkildi, çadır quruldu,

Mərkəzin sütunu qüvvətə doldu.

Gövhərlə işlənmiş o çadırlardan

Ceyhunun sahili oldu gülüstan.

Mavəraünnəhri görüncə guya,

Bir şəhər demirəm, gördü bir dünya.

Nə qədər var-dövlət almışdı Çindən

Qaldığı yerlərdə dağıtdı şən-şən.

Şənləndi o yerdə viranə yerlər,

Yenidən saldırdı bir neçə şəhər.

Səmərqənd ki, dünya sevinir ona,

Deyirlər, İskəndər etmişdir bina.

Rumda, Xorasanda yayıldı xəbər:

Getdiyi yerlərdən döndü İskəndər.

Padişah zəfərlə gəlmişdir deyə,

Xalq çıxdı yollarda şənlik etməyə.

Toy-bayram başlandı, ucaldı bayraq,

Hər yerdə, hər evdə şənlik quraraq

Varlılar səpdilər varı, dövləti,

Göndərdi padşaha ayaq zəhməti.

 

 

 

İSKƏNDƏRİN RUS QOŞUNUNUN

HÜCUMUNDAN XƏBƏR TUTMASI

 

Saqi, dur bu gecə mənə ver şərab,

Bu başağrısına vacibdir gülab.

Bir mey ver, suyu da eləsin huşyar.

Verməsin başlara ağırlıq, xumar.

Xoş gəlir dünyanı ölçən ərlərə

Calasın səfəri başqa səfərə.

Görsün hər ölkədə yeni bir adət,

Olsun hər mənzildə azacıq rahət.

Hər yeni geyimə bir nəzər salsın,

Gördüyü şeylərdən bir sınaq alsın.

Azacıq düşünsən, bir nüktə vardır:

Hər kəs öz şəhrində bir şəhriyardır.

Öz şəhrində olsan ən alçaq insan

Yaxşıdır qürbətdə sultan olmaqdan.

İskəndər hər yerdə qələbə çaldı,

Lakin vətən eşqi qəlbini aldı.

Hökmündə olsa da saysız vilayət,

Əz doğma yurduna çəkərdi həsrət.

O gecə qət etdi, səhər qalxaraq

Atına küləkdən taxsın bir ayaq.

Qəlbində söndürsün vətən odunu,

Xorasan havası şənlətsin onu.

Əcəm torpağına at salsın yenə,

Oradan yol açsın Istəxr mülkünə.

Dünyanın rəngi də uysun baxtına,

Şöhrətlər qazansın uca taxtına.

Keçsin Nuşafərin mülkündən bir də,

Yaxşını, yamanı görsün o yerdə.

Yeni don geydirsin köhnə işlərə,

Önündə bir dünya diz çöksün yerə.

Hər kəsə yenidən versin var, dövlət,

Töhfələr paylasın, göstərsin şəfqət.

Bəxşişlər ayırsın istəyənlərə,

Yenidən yaşayış versin hər yerə.

Gedərkən bunları düşünür dərin,

Başqa cür düşünməz hökmüran, yəqin.

Abxaz hökmüdarı olan Dəvalı

Ucalmış, padşaha yaxın olalı.

İskəndər hökmünə bağlarkən kəmər

Dünyaları ölçər, ölkələr gəzər,

Padşahın yanına gəlincə, birdən

Təbiltək inləyib qopardı şivən:

"Padşahın, rusların zülmü çox dərin,

Abxaz gərdəyindən qaçırır gəlin.

O gözəl ölkədən gəlmiş bir tanış,

Deyir: o var-yoxdan çöp də qalmamış.

Alan, Ərk rusları edərək axın

Yağmurtək ölkəyə etmişdir basqın.

Dərbəndə, ətrafa fitnələr saçmış,

Gəmiyə doluşub, dənizə qaçmış.

Qədərsiz basqınlar etmişdir yenə,

Yenidən yol vermiş o köhnə kinə.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] [99] [100] [101] [102] [103] [104] [105] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info