Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Saf qəlbin görünsün çeşmədən parlaq.

Taleyin gənc olsun, fikrin bəxtiyar,

Dünyanı fəth edən güclü tacidar!

Vücudun dincliyə əzm etsin sənin,

Pak olsun çirkabdan, kirdən ətəyin!

Hər yerə üz tutsan yaxşı-yamandan,

Arxan ağlın olsun, kömək yaradan!

Elə ol, ulduzun kamınca dönsün,

Adına baş əysin dünya büsbütün!"

Sonra öz sirrini açmağa durdu,

Sazında ona bir işarə vurdu:

"Ən gözəl bir ağac girdi bir bağa,

Çöhrəsi döndü bir işıq - çırağa.

Bostanda açmamış qönçə bir çiçək,

Çəməndə yuxulu nərgiztək qəşəng.

Qədəhlə al meydir, kimsə içməmiş,

Təzə bir incidir, ələ keçməmiş.

Umardı şikardan dönər tacidar,

O qönçə çiçəyi edər bəxtiyar.

Ağ bahar qırmızı, təzə gül dərər,

Gah bidmüşk, gah qızıl bir lalə görər.

Girməyə şah fürsət tapmadı bağa,

Bir nəzər salmadı işıq - çırağa.

Ah, neçin belə gül, belə şən bahar

Gülməsin, soldursun onu xəzanlar?

Qorxuram, bu xəzan girsə bu bağa,

Belə bir baharı sərsin torpağa!"

Yar səsi duyunca o poladbədən

Bir aşiq naləsi qopdu qəlbindən.

Çalğısı, xoş səsi edərkən əsər,

Onun gül üzündən verirdi xəbər:

"Qızıl üz, incə söz, nə dilbərdir bu?

Haramın olmasın belə arizu!"

Nüktəni duyunca şanlı döyüşkən

Oldu o istəkdən dilək istəyən.

Düşməni yenməyi aldı nəzərə,

Istəkdən əl çəkdi, sığındı səbrə.

Mey tələb etməyi münasib gördü.

Mənzilə bununla azıq götürdü.

Qədəhi mey ilə doldurdu yenə,

Içdi o gülüzlü qızın eşqinə.

Bir cam da xoş içim yaqutla silə,

"Iç" deyə, verdi o dodağı gülə.

Qədəhi dodağa götürdü mələk.

Öpərək qaytardı, aldı öpərək.

Bir əli qədəhdə dilbər görəli,

Zülfüylə oynardı o biri əli.

Gah öpüş vurardı cam dodağına,

Gah dişlək o gülün xam dodağına.

Nəşəli məclis ki, kədərdən boşdur,

Acı mey və şirin noğulla xoşdur.

Aldılar badəni gülgün dodağa,

Girdilər nəhayət isti yatağa.

"O dilək evindən uzaq ol, uzaq!"

Deyərək, öpüşə uydular ancaq!

 

 

 

İSKƏNDƏRİN

RUSLARI MƏĞLUB ETMƏSİ

 

Saqi, ver o müşkin şərabdan bir an,

Qandan rəng vermişdir o meyə dehqan.

Mənə ver, əlimə düşəndə çünki

Mənə də rəng verir şərabın rəngi.

Səhərin ordusu ələm çəkincə,

Gecənin hərfinə qələm çəkincə,

Dünyanı parladan günəş nurundan

Sövda qucağında ayıldı cahan.

Bağırdı dan quşu kəskin ötərək,

Sərsəm nur, dəli div, şeytan görəntək.

Şah qalxdı yuxudan azacıq küskün,

Könlünün qəmini sildi büsbütün.

Ibadət evində düşdü səcdəyə,

Şükr etdi, yalvardı: "Ey tanrı!" deyə.

Uca pənahından dilək istədi,

Ondan gah qüdrət, gah kömək istədi.

Üzünü torpağa sürtdü bir qədər,

Zirehi çirmədi, bağladı kəmər.

Taxtı fil üstündə oldu bərqərar,

Parladı fərsəxlər boyu qılınclar.

Keçən günlər kimi yenə İskəndər

Ordunu bəzədi, düzüldü əskər.

O geniş çöllərdə böyük tacidar

Ordudan dağ kimi çəkdi bir hasar.

Bərkitdi hasarın sağ-sol qolunu,

Poladla tozun da kəsdi yolunu.

Qürurla ruslar da o biri yandan

Ordunu sazladı, bəzəndi meydan.

Rusların canları kinlə gurlayır,

Intiqam odundan beyin qaynayır.

Nizənin, qılıncın şimşəklərindən,

Başdan ağıl çıxır, əllərdən yüyən.

Dağların beynini süpürmüş yaylar,

Ordular üstündə oxlar vıyıldar.

Baş, boyun qoparan polad toppuzdan

Beyinlər tökülür qanlı ağızdan.

Fil yıxan mızraqlar dolunca kinə

Donunu çərx atdı Nilin küpünə.

O çibin qanadlı incə qılınclar

Qartal qanadını qüvvətdən salar.

Çevrilmiş tas kimi iti süngülər

Qotazın üstünə bir tas qan tökər.

Atların dırnağı əqiqdi qandan,

Yəhəraltılar da qandan al-əlvan.

Nizələr qalxana ulduzlar düzər,

Qalxandan qalxana düşər kölgələr.

Dəmir, kərpic qırmış o qədər insan,

Yer üzü kəsilmiş bir məzarıstan.

Baş üzən, leş, cəmdək yeyən qılınclar

Çölləri qan ilə etmiş laləzar.

Nizələr döşləri tikmiş iynətək,

Oxlardan öyrənmiş qayçı işlətmək.

Hər qılınc əjdaha kimi başını

Qınından çıxarıb, çatır qaşını.

Yollarda o qədər tökülmüşdü can,

Məhşər bazarına dönmüşdü meydan.

Ruslar hər tərəfdə göstərir hiddət,

Rumların başına açır qiyamət.

Soxulmuş rum ilə rus bir birinə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] [99] [100] [101] [102] [103] [104] [105] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info