Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Atar qalxanını torpaqtək suya.

Yəni Nüsrətəddin göy kimi, fələk kimi yenilməzdir; o, vuruşanda duşməni öz qalxanını suya atar, məğlub olar.

 

[72]                     Hər şəhrə hünərlə qələbə çalmış,

Qarun sərvətini əlinə almış.

Qarun - mifoloji rəvayətə görə, mal-dövlətinin çoxluğu, eyni zamanda xəsisliyi ilə məşhur bir adam imiş.

 

[73]                     Yer xəzinəsindən bir çuval tikmiş,

Xeyri zər toplamış, yasəmən gümüş.

Xeyri - rəngi həmişə sarı olan həmişəbahar gülüdür. Zər - qızıl deməkdir. Yasəmən də gümüş kimi ağ, xoş qoxulu çiçəkdir. Yəni Keyxosrov, o qədər dövlətlidir ki, xeyri sarılığını onun qızıllarından, yasəmən də ağlığını onun gümüşlərindən almışdır.

 

[74]                     Fillərlə döyüşdə atınca kəmənd,

Qənnucun şahını edərsən filbənd.

Qənnuc - Hindistanın ən qədim şəhərlərindən biridir. Sultan Mahmud Qəznəvi tərəfindən məhv edilmiş bir dövlətin paytaxtı idi. Vaxtilə çox böyük olmuş, indi isə bir qəsəbə halındadır. Filbənd etmək - şahmatda fil və piyada ilə şahı mat etmək deməkdir.

 

[75]                     Saydığım altı şey məxsusdur sana,

Adında altı hərf şahiddir buna.

Altı şey - izahı yuxarıdakı misralarda verilir. Adında altı hərf - ərəb əlifbası ilə yazılarkən Nüsrətəddin sözündəki altı samit hərfdir: n, s, r, t, d, n.

 

[76]                     Yeddi göy altında, ey dünya şahı,

Beşinci ölkənin sənsən pənahı.

Beşinci ölkə - qədim Şərq coğrafiyasında Türküstan və Azərbaycan sayılırdı. Yəni Türküstan və Azərbaycanın şahı sənsən.

 

[77]                     O gizli xəznəni aça bilməsə,

Verər qızıl açar şənlik o şəxsə.

Yəni bu əsəri oxuyub oradakı hikmətləri anlamasa da, əlində belə bədii bir açarın, əsərin olması onu sevindirər.

 

[78]                     Bu Çin ipəyinin naxış evində,

Maninin fırçası düşmüşdür bəndə.

Yənİ "Şərəfnamə" elə sənətkarlıqla işlənmişdir ki, məşhur sənətkar Mani bunun qarşısında heyran qalmışdır.

 

[79]                     Ulduz güzgüsüylə o boyük qeysər,

Qaranlıq içindən çıxardı gövhər.

Yəni ilk dəfə güzgü qayıran, qaranlıq bir dəmirin içindən işıqlı gövhər çıxaran İskəndər oldu.

 

[80]                     Bulqar şəhrini o, etdi bərqərar,

O şəhrin adıdır əslində Bün-qar.

İskəndər zülmətə gedəndə osbab-əsləhəsini və qoşununu bir mağarada qoyub getmiş, sonra o mağaranın yerində bir şəhər tikdirmiş, adını Büni-qar qoymuş və bu ad tədricən Bulqar şəklinə düşmüşdür. Büni-qar – mağaranın dibi deməkdir.

 

[81]                     Dünyaya gəlmədən əvvəl xaçpərəst,

Çəkdi bu dünyaya xaç kimi bir xətt.

İskəndər ekvator xəttindən biri Şimal, digəri Cənub qütbünə tərəf xətlər çəkdi, dünyanı dörd yerə böldü.

 

[82]                     Həmin bu dörd bucaq ətləsi xətlə

Həndəsi ölçünü keçirdi ələ.

Ətləsi xətt - ekvator xəttindən çəkilən xətlərə işarədir. Beytin mənası budur ki, İskəndər həmin bu dörd xətlə həndəsə elmini yaratdı.

 

[83]                     Dörd bucaq üstünə bir də artırdı,

Bu doqquz fələyə beş növbət vurdu.

Dörd bucaq - İskəndərin ekvator xəttinin üstündən keçən qütblər dairəsi ilə dörd yerə böldüyü dünyaya işarədir. Yəni İskəndər bu dörd bucaq dünya üzərində elə bir nağaraxana qurdu, daha doğrusu, elə bir əzəmət sahibi oldu ki, səsi, tərifi doqquzuncu fələyə çatdı.

 

[84]                     O, rübi-məskunu etdi aşikar...

Qədim ərəb coğrafiyaşünasları yeri dörd hissəyə bölərdilər. Bunlardan yalnız birində insan yaşayırmış. Misranın mənası: dünyanın dörddə birinin məskun olmasını həndəsə vasitəsilə İskəndər müəyyən etdi.

 

[85]                     İskəndər bir böyük yol təqib etdi,

Dirilik suyunun dalınca getdi...

...Dirilik suyunun olmadı sonu,

Ancaq indi tapdı həyat suyunu.

Yəni İskəndər o zaman abi-həyat tapmaq üçün zülmətə gedərkən düşünürdu ki, o sudan əbədi həyat tapacaq. Lakin o vaxt axtardığım indi "Şərəfnamə"nin bulağından tapdı və əbədi həyata yetdi.

 

[86]                     Xızr bu süfrəndə olmuş həmsüfrən,

Yetmiş yeddi suda ağzını yu sən.

Bu, Nizaminin özünə xitabıdır. Madam ki, sən sənət bulağının daimi həyat suyunu içərək Xızr ilə həmsüfrə oldun, o halda daim doğru, təmiz sözlər söylə. Yetmiş yeddi su - son dərəcə təmizlik və paklığa işarədir.

 

[87]                     Rum şahı oldu bu bəxşişdən çox şən,

Mumunu qorudu yanar atəşdən.

Yəni İskəndər (Bertelsdə - Dara) bu peşkəşdən sevindi və özünü Daranın qəhrindən hifz etdi.

 

[88]                     Ulduz tərəzisi ortaya gəldi,

Taleyi göründü Əsəd bürcündən.

Yəni rəsəd alətləri işə başladı. Onun bəxtinə Əsəd (Şir) bürcü düşdü ki, bu da şücaət və quvvət əlamətidir.

 

[89]                     Günəş yaxınlaşdı o gün Həmələ,

Gedirdi elmdən çatsın əmələ.

Yəni bu zaman Günəş də bilik və əmək nişanəsi olan Həməl bürcünə girmişdi. Bundan sonra gələn üç beytin mənası belədir: bu zaman tale ulduzları öz evlərində idilər; Ütarid ulduzu Cövza bürcündə, Ay və Zöhrə Buğa bürcündə, Mərrix isə öz fərəh evi olan altıncı evdə idi. Səadətə yaxın olan belə bir tale ilə İskəndər dünyaya gəldi. Şərq astrologiyasında hər planet üçün iki ev, daha sonra isə bir yoxuş, bir də eniş evi qeyd edilir. Öz evində və yoxuş evində planetlər müvəffəqiyyəti göstərir. Astrologiyanın təsvir edilmiş horoskopunda isə (horoskop – orta əsrlərdə münəccimlərin insan anadan olarkən onun taleyini, gələcəyini qabaqcadan söyləmək üçün tərtib etdikləri ulduzların düzülüş cədvəlidir) bütün planetlər ya öz evində və ya yoxuşunda göstərilir. Deməli, bu halət müvəffəqiyyəti, xoşbəxtliyi xəbər verir.

 

[90]                     Bəxtini oxudu parlaq alnından,

Verdi oğluna da ondan bir ünvan.

Yəni Nikumaxis İskəndərin taleyini təyin edərkən öz oğlu Ərəstunun da adını ona bağladı.

 

[91]                     Tale xidmətində duran zamanda,

Söz qaşı möhrünü vuran zamanda.

Oğlunu tapşırdı gənc şahzadəyə.

Yəni ulduzlar xoşbəxtlik göstərən vəziyyətdə olduqları bir gündə o, Ərəstunu İskəndərə tapşırdı.

 

[92]                     Ağacdır, dörd kökü, altı böyrü var,

Çoxunu boğmuşdur bu qorxulu dar.

Bu dünya altı cəhəti (önü, arxası, sağı, solu, üstü, altı) və dörd kökü, dörd ünsürü (su, od, torpaq, hava) olan bir dar ağacıdır ki, çoxlarını çarmıxa çəkmişdir. Buraya çoxları gəlib-getmişdir.

 

[93]                     Əlində tərəzi mahir söz ölçən,

Saxta əşrəfini saldı rövnəqdən.

Burada Nizami özünü mahir söz ustası, əsərini də sözün dəyərini, saxta, ya saf olduğunu təyin edən tərəzi, əyar adlandırır.

 

[94]                     Hər hərfin üstünə barmaq bassam mən,

Tapılmaz üstündə qələm işlədən.

Yəni mən başqalarının əsərinə toxunmaq istəmirəm: nöqsan axtarmağa başlasam, tənqidimin qabağında heç kəs dura bilməz,

 

[95]                     Elə bir dabbaqlıq etdim bu gönə,

Mətanət göstərsin hər ağır günə.

Yəni mən özümə elə tərbiyə vermişəm ki, mənə əziyyət etsələr də, başqasını incitməyə qalxışmaram.

 

[96]                     O yaşıl sərv ilə Rumun torpağı

Reyhantək bəzəndi, şənləndi bağı.

Yəni gənc İskəndərlə bütün Rum ölkəsi xoşbəxt oldu və onunla fəxr etməyə başladı.

 

[97]                     Gəldi qurd ağzından sübhün nəfəsi,

Keşikçi itinin kəsildi səsi.

Qurd ağzı - yalançı səhər, dan yeri deməkdir; yəni sübh açılmağa başlayanda, qarovulçunun itinin səsi kəsiləndə, itlər yatanda.

 

[98]                     Coşdu toppuz, yağdı mancanaq daşı,

Əyildi öküzün, balığın başı.

Yəni elə şiddətli müharibə oldu ki, enən gürzlərin qüvvətindan yerin altında öküzün və balığın (gav-mahinin) başı əyildi.

 

[99]                     Ləli yer öküzü udduğu zaman,

Pusqudan sıçradı qapqara aslan.

Dini rəvayətə görə, yer gav-mahinin, o da suyun üzərində durur. Günəş də gedib haman suda batır. Yəni gövhərə bənzəyən günəşi gav-mahi uddu, nəticədə qaranlıq çökdü.

 

[100]                    Mənimlə bu qorxu bilməyən pələng,

Olmasın Rum, zənci kimi iki rəng.

Yəni bu pələng qorxusuz və iki rəngli olan dünya mənimlə ikiüzlülük etməsin, mənə qalib gəlməsin. Rum - ağ rəngə, gündüzə, zənci - qara rəngə, gecəyə işarədir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [121] [122] [123] [124] [125] [126] [127] [128] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info