Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Hər qara buluddan ağ yağış yağar.

Imdad qapısını daim qoy açıq

Ki, şirinlik alsın bir çox acılıq.

Ömrünü ümidsiz keçirmə bir an,

Qurtuluş verəndir böyük yaradan.

Ümidsiz qaş çatma, aç bir gözünü.

Zəfər güzgüsündə gör öz üzünü.

Bu rum qumaşına bəzək çəkənlər

Bu dastan başına müşk, ənbər səpər.

İskəndər dünyaya olunca açar

Qılıncından güzgü oldu aşikar.

Bəzənmək istərkən dünya gəlini

Güzgüyə uzatdı dilək əlini.

Keçmişdə güzgüdən yox idi əsər,

Güzgünü yaratdı böyük İskəndər.

Başlanınca güzgü qayırmaq işi

Qalıba tökdülər qızıl, gümüşü.

Nə əməl etdilər vermədi səmər,

Onda üzlərini düz görmədilər.

Sonra əl atdılar hər cür gövhərə,

Hər biri göstərdi başqa mənzərə.

Elə ki, təcrübə dəmirə çatdı,

Gövhər üzərində naxış yaratdı.

Dəmirçi sənətkar rəssam olaraq

Seyqəllə dəmiri elədi parlaq.

Düzdüyü gövhərdə o rəssam artıq

Gördü hər surəti təbii, açıq.

Öncə bir şəkildə onu qurdular,.

Olmadı düzgün bir surət aşikar.

Güzgü enli olsa enlənir surət,

Uzun olsa, surət uzanır əlbət.

Dördbucaq göstərir qarışıq xəyal,

Müsəddəs göstərir bambaşqa bir hal.

Elə ki, dəyirmi düzəldi, inan,

Əsla seçilmədi xəyalla insan.

Hansı bir tərəfə çevrilsə güzgü

Göstərdi necə var, eynilə, düzgün.

Həndəsi yol ilə qara dəmirdən

Güzgünü İskəndər parlatdı birdən.

Sən də bu güzgüyə baxdığın zaman

İskəndər dövründən xəbər alarsan.

Gördüyü seyqəldən rəngini atdı,

Qapqara bir dəmir şəfəq yaratdı.

Ilk dəfə güzgüyə baxdı İskəndər,

Bir əzəmət aldı gövhərdən gövhər.

Güzgüdə görüncə qeysər özünü

Güzgünün şadlıqdan öpdü üzünü.

Gəlinlər bu rəsmə ehtiram üçün

Güzgünü öpərlər baxarkən hər gün.

 

 

 

DARA ELÇİSİNİN İSKƏNDƏRİN

YANINA GƏLMƏSİ

 

Dur, saqi, o güzgü camı ver yenə,

Əlimdə tutum bir qədəh yerinə!

Keyxosrov ayinli olum o camdan,

Onunla gözümdə parlasın cahan.

Çəkinək sitəmdən, gəl zülmü ataq,

Ədl ilə mümkündür bundan qurtulmaq.

Dünyaya bağlama könül, yağıdır,

Həm quldur, həm qorxunc div yatağıdır.

Dünya damcı versə, bir qədəh çalır,

Öz köhnə borcunu bir yerdə alır.

Yağış damcı-damcı buluddan yağar,

Böyük çay olunca dənizə axar.

Nəyin var şən-şən ye, sevin bu günə,

Qoyma bir dirhəmi dirhəm üstünə.

Elə bil bir nəhəng bizə yan almış,

Yemədiklərini əlinə salmış.

Qarun da yığmışdı böyük bir sərvət,

Bax, necə torpağa girdi nəhayət.

Qızıldan bir saray tikdirdi Şəddad,

Ölərkən almadı qəsrindən murad.

Bu bağda bir ağac bitməmiş rahət

Ki, balta dəyməyib, qalsın səlamət.

Şahların taxtına bəzək verənlər

Belə nəql edir ki, böyük İskəndər

Bir gün dincəlirdi ürəyi çox şən,

Uzaqdı dünyanın həvəslərindən.

Saf, duru şərabla şahlıq camını

Doldurur, boşaldır, alır kamını.

Hikmət sahibləri gəlmiş yanına,

Ağıl da, tədbir də köməkdi ona.

Yüz nəğmə başladı çox sədalı çəng,

Hər nazik nöqtədən söz aldı ahəng.

Şah içdiyi camın hər damcısından

Mühəndis əkirdi gözəl bir fidan[125].

Parlayan saf şərab şimşəkdən nişan.

Qədəh şəkər saçan, şərab qəlbaçan.

Çalğıdan, şərabdan, incə nəğmədən

Yarım sərxoş idi içən, dinləyən.

Qədəhin göz yaşı, çalğının səsi

Axıdır pərdədən bir qan çeşməsi.

O şirin mizrabın hər yarasından -

Quru pərdələrdən axır seltək qan.

O məclis cənnətdən daha bəzəkli,

Mayısdan daha şux, daha çiçəkli.

Məclisin başında böyük İskəndər

Göydə bədirlənmiş bir aya bənzər.

Daradan bir elçi gəldi bu zaman,

Ürəkli, daşqınlı, dilli, qəhrəman.

Şahpərəstlər kimi göstərdi hörmət,

Onu və Daranı öydü nəhayət.

Adlı qəhrəmana etdi çox səna,

Daranın əmrini yetirdi ona.

Öncə öz şahından salam yetirdi,

Köhnəlmiş xəracı dilə gətirdi:

"Neçin şah əsirgər gövhəri, tacı,

Çoxdandır verməyir bizim xəracı?

Məndə bir acizlik görmüşmü? Nədən

Başını qaçırmış pərgar xəttindən?

Köhnə adətləri atsa boynundan,

Sərkəşlik edərsə, çəkəcək ziyan".

İskəndər alovlu şimşəktək çaxdı,

Qəlbinin atəşi dilini yaxdı.

Əyildi qaşının kaman guşəsi.

Qorxudan elçinin söndü nəfəsi.

Elə ki, eşitdi bu kinli sözü,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info