Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bənzər ağ, qırmızı donlu gəlinə.

İskəndər meydanda qızmış aslandı,

O əli silahlı bir pəhləvandı.

Meydanda bağırır necə bir aslan,

Zirehli fil necə oxuyur meydan.

Şah haman fil ilə aslana bənzər,

Filin də, şirin də yolunu kəsər.

Hər qılınc tutana vurunca nərə,

Başını qılıncla salırdı yerə.

Əbbasi çətritək örtərək qara,

Bərtasın tasını vurdu daşlara.

Üzəngi və qılınc gücüylə hər an

Saysız baş qopardı sağdan və soldan

Nə özü tərpənir yerdən, nə əsgər.

Vuruşur taleyi gülənə qədər.

Bəlinas parlayan üstürlab ilə

Çalışır xoş tale keçirsin ələ.

Olunca uğurlu iqbal aşikar,

Şah qılıncı oldu dünyaya açar.

Dedi: "Dur, taleyin sənədir kömək,

Bu qanlı meydanda sənindi dilək!"

Nil kimi axdı şah öz sol-sağına,

Başları fırlatdı fil ayağına.

Ağzını açaraq odlu əjdaha,

Ruslara şah basqın etdi bir daha.

Padşaha üz verdi səadət, zəfər,

Əzdilər Qıntalı, üstün gəldilər.

Bu son şanlı zəfər gəlincə ələ

Düşməni oynatdı bir həmlə ilə.

Qaçmağa başladı basılan yağı,

Dünya İskəndərə verdi şahlığı.

Filbədən əl atdı uzun kəməndə,

Qıntalın başını keçirdi bəndə.

Ruslardan kin ilə tökdülər çox qan,

Çox oldu tutulan, ölən, asılan.

Çox can, baş itirən qırmızı ruslar

Qırmızı rəngini itirdi naçar.

Ruslardan, Bərtasın aslanlarından

Əsir düşdü yüz min qılınc oynadan.

Qalanlar yem oldu ac qılınclara,

Fitnəyə ölümdən başqa yox çara.

Soyulmuş, talanmış azca bir miqdar

Salamat qurtarıb geri qaçdılar.

O qədər qənimət aldı İskəndər,

Olmadı sayını bilən bir nəfər.

Hədsiz qızıl, gümüş, xəz, inci, gövhər,

Tövlələr dolusu canlı dəvələr.

İskəndər düşmənə çalınca zəfər,

Işləri oldu şux lövhədən dilbər.

Endi öz atından "zəfərdir" deyə,

Bildi ki, qovuşmuş bütün diləyə.

Üz sürtdü torpağa, dedi: Ey rəhbər!

Mən qara torpağam, səndəndir zəfər!"

Dedi: "Haqq vermiş bu böyük zəfəri",

Yoxsula payladı xəzinələri.

Dünya boşalınca kinli düşmandan,

Dincəlmək fikrinə düşdü hökmüran.

 

 

 

NÜŞABƏNİN XİLAS EDİLMƏSİ

 

Qalx, saqi, saf gövhər saçan camından

Mənim tərkibimə gövhər saç bir an!

Onunla islansın quru can tası,

Gövhərlə silinsin gövhərin pası.

Elə ki, Feyləqus oğlu İskəndər

Dincəldi, üzünə gülüncə zəfər,

O yerdə aradı eylə bir məkan,

Oturan kəslərə verməsin ziyan.

Ağacı tubadan olsun sevimli,

Süsəndən sərt olsun otunun dili.

Axan saf çeşmələr versin səs-səsə,

Içimi mey kimi, mey halal isə.

Ətəyi yamyaşıl, ox ormanlığı,

Hər yandan bürümüş budaq budağı.

Bu suda, havada pərvəriş edən

Hər ağac uzundu əlli ərəşdən.

Belə yer keçincə ələ, tacidar

Tutdu bu mübarək bucaqda qərar.

Qurdu Rum büsatı şən əməllərlə,

Şənliyə başladı şux gözəllərlə.

Məclisdə şahlarla doldu dörd yanı,

Nəşəylə qaynadı məclisin canı.

Əmr etdi: "Qənimət saxlayan ərlər

Qarətin sayından versinlər xəbər!

Rus, Bərtas və başqa xalqdan alınan

Silsilə dağ kimi xəzinə, saman.

Katiblər hesaba etsinlər diqqət,

Öyrənsin nə qədər vardır qənimət".

Qənimət çəkənlər durmadı daha,

Qədərsiz qənimət çəkdi dərgaha.

Açıldı hər başı bağlı xəzinə,

Baxdıqca fərəhdən çırpındı sinə.

Yüklərdə o qədər daş, gövhər vardı,

Sayı yox, sayanlar hey yanılardı.

Saf mədən qızılı, civə gümüşü,

Məhtabı işıqdan salır görüşü.

Batmanla zəbərcəd, xalvarla gövhər,

Qızıl qalxan, nəhəng donlu zirehlər.

Xüsusi toxunmuş mitqal və kətan,

Silsilə dağ kimi qalanmış hər yan.

Zər ilə işlənmiş qədərsiz paltar,

Ulduztək parlayan saysız qalxanlar.

Qılınc, tüklü dəri dağ kimi durur,

Saya gəlməyirdi zil qara samur.

Saf qaqum o qədər yüklənmiş, görcək,

Nə saymaq mümkündür, nə də söyləmək.

Al tülkü dərisi, sincablar parlaq,

Hələ nal görməmiş bir ilxı daylaq.

Saf vaşaq dəridən məclis olur şən,

Gündüzə xal düşmüş qara gecədən.

Bunlardan başqa çox xəzinə, saman,

Ürək sıxılırdı onu saymaqdan.

Padişah baxınca o dərilərə

Bir cənnət baharı gəldi nəzərə.

Onları tanıdı bir-bir hökmüdar,

Hər mətah nə kimi işə yarayar.

Gördü parça-parça sincabla samur,

Eləcə üst-üstə tökülmüş durur.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info