Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Xidmətçi qadınlar onu gördülər,

Qaçıb Nüşabəyə verdilər xəbər:

"Rum tacidarının şən dərgahından

Ölkəmiz alıbdır şənlikdən nişan.

Ağıllı bir elçi gəlmişdir bizə,

Rum şahından xəbər gətirmiş sizə.

Ağıl mədənidir başdan-ayağa,

Bənzəyir tanrıdan yanan çırağa".

Nüşabə sarayı bəzədi artıq,

Dəmirli yollara vurdu yaraşıq.

Nazənin qızlara vuruldu bəzək,

Düzüldü sıraya yüz əlvan çiçək.

Müşkin kəməndlərə düzüldü gövhər,

Daş-qaşa büründü ipək geyimlər,

Bir bağça tovuzu kimi səkərək

Parlayıb, gülümsər işıq çıraqtək

Padşahlıq taxtına oturdu xoşhal,

Əlində ətirli, gözəl portağal.

Əmr etdi, padşahlar ayini üzrə

İskəndər elçisi gəlsin hüzurə.

O uca sarayın baş vəkilləri

Əmrini icradan durmadı geri.

Elçi çox sür"ətlə girdi qapıdan,

Qondu taxt üstünə o qorxmaz aslan.

Belindən nə qılınc açdı, nə kəmər,

Elçitək etmədi səcdə İskəndər.

O gözəl sarayda bir hikmət gördü,

Sevimli bir saray, bir cənnət gördü.

Hər yanda qaynaşır huri və pəri,

Müşk ilə, ənbərlə yoğrulmuş yeri.

Daş-qaşa batmışdı gəlinlər, qızlar,

Baxanın gözündə parlar ulduzlar.

Elçiyə daş-qaşın parıltısından

Bir alov göründü durduğu məkan.

Sanki birləşmişdir mədənlə dərya,

Bütün gövhərləri tökmüş buraya.

Elçinin tutduğu uğursuz işə

Nüşabə pərt olub, düşdü təşvişə:

"Bu zirək kişiyə indi nə demək,

Qoyulan ayinə əməl etməmək?

Həddini tanıtmaq gərəkdir ona:

Bu elçi saymayır bizi, baxsana".

Nüşabə baxınca düşərək şəkkə

O bişmiş qızılı vurdu məhəkə.

Diqqətlə baxınca tanıdı birdən,

Taxtında yer verdi, qəlbi oldu şən.

Bildi İskəndərdir, dolaşır ona,

Taxtında oturmaq yaraşır ona.

Yeddi mavi göyün səadətilə

Onun tərifini gətirdi dilə.

Endirdi həyadan göz qapağını,

Utandı, tər yudu al yanağını.

Sezdiyi bu işi açmadı ona,

Açarım var, deyə bağlı qıflına.

İskəndər bir elçi kimi davrandı,

Özünü olduqca o sərbəst sandı.

Çox salam yetirdi hey dönə-dönə,

Təkmil bir elçilik etdi özünə.

Salamlar bitincə dedi: - Ey sərdar

Şöhrətli, şövkətli, adil tacidar

Deyir: "Ey şöhrəti dünyanı tutan,

Ən adlı kəslərə meydan oxuyan,

Nə üçün çevirdin bizdən yüyəni?

Hüzura gəlmədin, anmadın məni?

Nə zülüm etdim ki, düşmən kəsildin?

Ey harın at, bizi acizmi bildin?

Bundan da kəskin bir qılınc kimdə var?

Kimin oxu belə qızğın od saçar

Ki, ona sığınmaq yararlı ola,

Səninçin məsləhət budur, gəl yola.

Uca dərgahından çəkinmə, gəl, get,

Coşduğum gündə qorx, ondan həzər et.

Bu gözəl ölkənə mən ki yol aldım,

Öz dövlət kölgəmi üstünə saldım.

Qapıma neçin baş vurmadın bir an,

Neçin üz çevirdin mənim yolumdan?

Könlümü alırsan meyvə, şərabla,

Aldadırsan noğul, reyhan, kababla.

Etdiyin bu işlər qəbuldur, ancaq

Doğru fikirlərdən gəl olma uzaq.

Səni bu idrakla görməyim, inan.

Bəxtiyar görünür hümay quşundan.

Qəbul başlanırkən səhər, çox erkən

Şahın dərgahına sən də gələrsən".

Elə ki, yetirdi özündən xəbər

Başını aşağı dikdi İskəndər.

Nüşabə cavabçın lalə sayağı

Gül açıb, tərpətdi yaqut dodağı:

"Ey cəsur padişah, eşq olsun sənə,

Elçilik edirsən özün özünə.

Mənə saf ürəyim söyləyir belə,

Bu başla, şahanə, uca sayənlə

Bir elçi deyilsən, hökmverənsən,

Göndərilmiş deyil, sən göndərənsən.

Peyğamın qılıncdır, qoparır başlar.

Səndən başqa bunu mənə kim vurar?

Ancaq şah qılıncla oynarsa artıq,

Qılıncı göstərər başıucalıq.

Söz açma İskəndər qılıncından sən,

Özünə çarə tap, İskəndər sənsən.

Məni çağırarkən toruma düşdün,

Gözünü yaxşı aç, çiysən, bir düşün.

Taleyim gətirmiş səni bu taxta,

Eşq olsun dövləti düşünən baxta".

İskəndər dedi: "Ey bu taxta layiq,

Arama baxtının hökmündən artıq.

İskəndər dənizdir, mən çayam, ancaq

Günəşlə kölgəni olmaz bir tutmaq.

Bir kəsə tay tutma məni, ey huşyar,

Mən kimi minlərcə gözətçisi var.

Bu fikri qəlbindən sən sil büsbütün,

Padşahı bundan da çox uca düşün.

Yoxsa İskəndəri sandın kimsəsiz,

Özünə elçilik edən bir aciz?

Uca dərgahına sığmaz igidlər

Özümü zəhmətlə elçilik edər?"

Ağıllı Nüşabə yenə dürr sacdı,

O gül dodağından qıfılı açdı:

"Qəlbimi bu qədər aldatmaq nədən?

Yalan atını gəl minib çapma sən.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info