Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

O tilsim kök saldı durduğu yerdə,

Üzlərə oldu bir ismətli pərdə.

Tilsimli o heykəl yenə ucalır,

Uçmamış, o çöldə indi də qalır.

Çevrəsi oxlardan dönmüş ormana,

Çay boyunca bitən ota, tikana.

Ətəkdə qartallar salan oxlardan

Daha çox görünür qartal və tərlan.

O yerdən keçərkən daim qıpçaqlar,

Pir deyib, başını səcdəyə qoyar.

Hər atlı, piyada o yoldan gedir,

Heykələ pir deyə, pərəstiş edir.

Atını sürərkən daşa, pir deyə,

Edir oxluğundan bir ox hədiyyə.

Çobanlar sürüylə keçərkən ordan

Verər o heykələ bir qoyun qurban.

Qartallar ucadan edərkən pərvaz

Qoyundan o yerdə bir tük də qoymaz.

Qorxaraq, o polad pəncə qartaldan

Heykəlin səmtinə gəlməz bir insan.

Bax, bilici necə bir heykəl qurdu,

O sənəm gah açdı, gah düyün vurdu.

 

 

 

İSKƏNDƏRİN RUS ÖLKƏSİNƏ

ÇATMASI VƏ MÜHARİBƏSİ

 

Saqi, dur, örtülü bakirəni sən

Mənə ver, qorxursa ərə getməkdən.

Əlimi yuyum hər kirdən, murdardan,

Təmiz olmalıdır bikrə əl vuran!

Yenidən bu bülbül girmişdir bağa,

Bu pəri yan almış işıq - çırağa.

Fikrimə can verir bu pəricamal,

Pəriyə döndərmiş məni bir xəyal.

Bu qara Əhrimən mədənindən mən

Bir gövhər alım ki, çıraqdan rövşən.

Minlərcə eşq olsun, zəkalı ərlər

Zülmətdən çıxarır işıqlı gövhər.

Keçmişi gözəlcə bilib tanıyan

Tarixdən nəql edir belə bir dastan:

Rum sənətkarına şah verdi fərman,

Tədbirlər tökərək mum alsın daşdan.

O tələb edilən uğurlu heykəl

Firuzə naxşıtək bəzəndi gözəl.

Heykələ vurmuşdu elə bir bəzək,

Türklərin nəqşinə bağladı ipək.

Heykəli dikəltdi mahir sənətkar,

Önündən şövkətlə keçdi hökmüdar.

Keçirkən saçırdı, cəvahir, dövlət,

Dincəlmək fikriylə çəkirdi zəhmət.

Həftədə bir neçə mənzil gedirdi,

Mənzildə həftədən çox dincəlirdi.

Düşmənə olunca yaxın, coşdu kin,

Əjdərlər pəncəni etdilər kəskin.

Qarşıda göründü geniş bir sahil,

Gecəykən o yerdə etdilər mənzil.

O yaşıl çəməndə ordu, tacidar

Yolun zəhmətindən rahat oldular.

Ulduztək bəzədi baş ordugahı,

Göylərə ucaltdı onda dərgahı.

Hər tərəf bayraqla döndü tovusa,

Ordunun ağzını çevirdi rusa.

Bu qorxulu xəbər çatdı ruslara:

Əskərlə yetişdi o rumlu Dara,

O qədər əskər heç gəlməz xəyalə,

Dağlar da dayanmaz etsə bir həmlə,

Zor igidləri var qılınc oynadan,

Insanı qıvrılmış ilantək sancan.

Qızmış bir aslandır kəmənd quranlar,

Fillərin başını yerə buranlar.

Çinli qulları var, hərbə girincə

Bir teldən ox atar yüzlər, minlərcə.

İskəndər deyil tək acıqlı aslan,

Bəladır dünya o qan qusduran.

Ardınca dağ kimi bir ordu gəlir,

Yer, göy titrəyərək tozlar yüksəlir.

Iki yüz fili var üstü poladdan,

Torpağın canına salır həyəcan.

Çölləri tutmayır igidlər, fillər,

Ordusu ordular yaran bir əjdər.

Eşitdi rusların sərdarı Qıntal

Ki, dövran doğurmuş başqa bir əhval,

Yeddi rus soyundan tərpətdi ordu[246],

Hər qövmə uyan bir yaraşıq vurdu.

Bərtasdan, Alandan, Xəzrandan hədsiz

Sanasan sel kimi axdı dağ, dəniz.

Isudan Qıpçağın çölünə qədər

Hər yeri doldurdu ox, geyim, xəncər.

Hesaba gəlməyən qədər əskər var,

Sayından acizdi böyük hesabdar.

Qarşıda olanı saydı bir bilən,

Ziyadə göründü doqquz yüz mindən.

Rusa iki ağac qaldığı zaman,

Atlardan enərək tutdular məkan.

Rus Qıntal söylədi: "Mərdləri yenən

Döyüşdə qorxarmı qızdan, gəlindən?

Heç zəhmət görməmiş belə bir əskər,

Xəzinə karvanı, üstü zər, zivər.

Belə bir namuslu nazlı utancaq

Ruslarla döyüşdə tutarmı ayaq?

Cilovu, yəhəri qızıldır, gövhər,

Saf büllur təbəqlər, yaqut qədəhlər.

Işləri içməkdir, kefdir hər zaman,

Bir kərə keçməmiş hərbin yanından.

Gecələr alır xoş qoxudan fərəh,

Gündüzlər içkiylə qaldırır qədəh.

Biz ruslar ciyəri yeyərik bol-bol.

Qızlara yaraşır bu şərab, noğul.

Rumlular, çinlilər döyüşə girməz,

Geyinər qırmızı diba, sarı xəz.

Haqq bizi nemətlə etmiş sərəfraz,

Haqq verən bəxşişin önü alınmaz.

Yuxuda görsəydim bu qəniməti

Axardı ağzımın dadlı şərbəti.

Bir deyil, hədsizdir taclar, bəzəklər,

Dənizdə tapmarıq bu qədər gövhər.

Bu zəngin dövləti keçirsək ələ

Bütün ölkələrə düşər vəlvələ.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] [99] [100] [101] [102] [103] [104] [105] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info