Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Verdi o, quyruğu qara bir köhlən.

Səhər küləyindən iti yeriyən.

Yürüyən. şahanə bir təxti-rəvan.

Üstündə tərpənməz əsla oturan,

Qaçmaqda ceyrandan iti, həm oynaq,

Atəşdən qızğındı, sudan da yumşaq,

Çölün quşlarından çox yüngül uçan,

Dənizdə balıqdan iti oynayan,

Qaçarkən qorxunc div sanırdı görən,

Elə bil doğulmuş divlər nəslindən,

Qalmaz tərpənişdə göylərdən geri,

Olmaz dan yeri də bu meydan əri.

Meydanda elə bir cövlanı vardı,

Xəyalı o yarı yolda qoyardı.

"Fərəsi" "Rüx" ilə ayaqdan salır,

"Fərəs"lə "Fili" də cəbhədən alır[238].

Bir qorxu saçardı onun sürəti,

Yerişi ən incə xəyaldan iti.

Qorxmazdı səməndər kimi atəşdən,

Səməndər demirəm, İskəndər çəkən.

Bir ovçu quş verdi fitnəylə dolu,

Röyalı gecədən daha qorxulu.

Çərx kimi dolanır açarkən şəhbal,

Gəzişi cənubdu, çıxışı şimal[239].

Polad yay keçirmiş tunc dırnaqlara,

Əzmindən qartallar geyinmiş qara.

Boynunda çox qan var, hər quşa- yağı,

O qartal ovlayan yaylı caynağı

Görüncə simürğün bağrı sızıldar.

Çöllərdə kərgədan edərdi şikar,

Acıqlı, qaniçən, qorxu bilməyən.

Haqq onu yaratmış zülümdən, kindən,

Toğruldur quşların şahı bu Toğan,

O da Toğrul kimi ölkəyə sultan.

Qaragöz bir kəniz ənbər qoxulu,

Gülüzlü, dodağı şəkərlə dolu.

Cənnətdə bəzənmiş bir sənəmdir bu,

Edər o fitnəni könül arizu.

Yürüyən bir aydır o sərv ağacı,

Müşkin bir kəmənddir cüt qara saçı.

Su kimi lətifdir o çənə, buxaq,

Atəşdə suyu kim görmüş baş-ayaq?[240]

Üzü bənövşəyə qızıl gül atır,

Gül üzdə bənövşə keşikçi yatır[241].

Uca sərv möhtacdır onun boyuna.

Şəkər bir bəndədir, bal dostdur ona.

Müşk onun zülfünə bağlamış kəmər,

Zülfü də günəşə köləlik edər[242].

Bir şəkərparədir, şirin söhbətdir,

Dodağı şəkərçin bir fəlakətdir.

Arxası sincabdır, bədəni büllur.

Incə barmaqları xəz quyruğudur.

Ağ, lətif çənəsi gümüşdən nişan,

Ona bir tuğ asmış gül buxağından.

Çənəyə, buxağa vermiş yaraşıq,

Günəşdən top qapmış, aydansa işıq.

Qəmzədən ox çəkmiş, qaşından kaman,

Bu ox, bu kamanla ovlamış yüz can.

Boğazı o qədər ağ, lətifdir ki,

Içərkən görünür şərabın rəngi.

Dünyada sağ olsun elə bir dayə,

Bir gözəl bəsləmiş tən edir aya.

Dar gözü kimsəyə salmaz bir nəzər,

Ağzı dar gözündən daha dar, dilbər.

Elə bil ağız yox, yaranmış yoxdan,

Ona "Taysız gözəl" demiş ad qoyan.

Dəyərli töhfələr təqdim eləyən

Fəxr ilə öyməyə başladı şən-şən:

"Budur at, ovçu quş və gözəl kəniz,

Əzizdir, bunları sən də tut əziz.

Nə kimsə belə at minmişdir hələ,

Nə belə bir quşu keçirmiş ələ.

Deməyə nə hacət, bir zaman gələr,

Hər biri göstərər böyük bir hünər.

Gülüzlü kənizdir belə bir gözəl,

Gözəllikdə yoxdur özünə bədəl.

Anadangəlmədir onda üç xislət,

Onun dördüncüsü tapılmaz, əlbət,

Birinci, gözəldir, bərabəri yox,

Can alır, cənnətdə belə pəri yox.

Ikinci, güclüdür, həm də döyüşkən!

Qaçmaz döyüş günü mərd kişilərdən.

Üçüncü, yox səsdə ona bir bədəl,

Şən, şaqraq nəğməsi Zöhrədən gözəl.

Gözəl səs dalınca pəstdən, ucadan,

Nəğməsindən yatar həm quş, həm ilan".

İskəndər bəyəndi, haqq verdi ona,

Xoş səsi, gül üzü gəldi xoşuna.

Qadında mərdliyə vermədi qiymət,

Bu işdə azacıq düşündü, əlbət.

Tikanlar bərk olur, çiçəklər incə,

Qadında igidlik az olur məncə.

Vücudu geyinsə kəskin poladı,

Mərdlikdə payı yox, qadındır adı.

Çaxmaq daşı olsa suda balıqlar,

Dənizdə nəhəngə olacaq şikar.

Yararmı kağızdan qayrılsın qalxan,

Atılsın dənizə, suya sonradan.

Padşahı bu fikir etmədi təmin,

Qadını mərdlikdə görmədi mətin.

Özünə qul etdi qəbul etməklə,

Sonradan adını unutdu belə.

Gözəl bəxşişləri alaraq ondan

Yatağa çəkildi İskəndər xaqan.

Məşriqin tovuzu o səhər erkən

Başını ucaltdı firuzə göydən,

Yenidən qədəhi padişah aldı,

Yenidən dərgaha çalğı səs saldı.

Iki gün işrətlə baxdı keyfinə,

Yerişə başladı yel atı yenə.

Qayıtmaq üçün şah verincə qərar,

Dolanışı kəskin, iti ruzigar,

Xaqanın verdiyi türküzlü kəniz

Padşahın yanında olmadı əziz.

Nədənsə xoşuna gəlmədi bu qız,

Kölgətək pərdədə buraxdı yalqız.

Parladı günəştək o toxtamış ay,

Gözündən gül üzə axıtdı bir çay.

Kənizlər evində şam kimi söndü,

Bir quyu içində kölgəyə döndü.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info