Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Kim bilir bu divlər yurduna dövran

Nə tarix yazmışdır yaxşı, yamandan?

Nə aqil kəslərlə oynamış oyun?

Nə dikbaş kəslərdən qoparmış boyun?

Bu fələk səninlə deyildir canbir,

Tikdiyi libaslar iki rənglidir.

Gah səni firiştə kimi yüksəldir,

Gah bağlar qolunu divlərlə əlbir.

Səni bir çörəklə anmaz gecələr,

Bir qoğal bağışlar göyə hər səhər.

Bu yeddi dəyirman başında neçin

Boynunu bükürsən bir arpa üçün?

Xızrtək belə bir ruzini gəl at,

Süd, xurma nə gərək, var abi-həyat!

Bu vəhşi, yırtıcı, divxislət insan

Səmimi dost deyil, uzaq ol ondan!

Hər maral ovçunun zülmündən qaçar,

Yırtıcı vəhşidir hələ insanlar.

Çöldə şux bir ceyran düşməyir ələ.

Insandan sığınır dağa, köhülə.

Aslan ki, ormanda etmişdir məskən,

Qorxaraq gizlənmiş insan şərindən.

Insanda insanlıq öləndən bəri

Itmiş insanlığın parlaq gövhəri.

Insanlıq nəqşini oxusan bir-bir,

Bilərsən bugünkü insanlıq nədir.

Bəbəyin qapağı neçin qaradır?

Insanlıq ölmüşdür, matəm saxlayır.

Nizami, susmağa adət et, ancaq,

Deyilməz sözləri danışma, burax!

Sən də kəs səsini, danışma daha,

Yat, ya da pambıqla qulağın tıxa!

Lacivərd fələkdən ibrət al barı.

Al ilə aldır bu, sarıyla sarı.

Yüz rəngə boyanar gecələr baxsan.

Bahartək gündüzə qurar gülüstan.

Günəşdən bir çeşmə doğunca səhər,

O da bir çeşmənin rənginə girər.

 

 

 

İSKƏNDƏRIN IRAN BAŞÇILARI ILƏ

ƏHD-PEYMAN BAĞLAMASI

 

O meynə qanını, ey saqi, tez dur,

Od almış xəz kimi beynimə doldur!

Etsin mey özümü unudan kimi,

Iki məğz yaratsın mənə dan kimi[159].

Ey dövlət, hardasan, məni sevindir,

Mehdi qapısında taxtını endir[160].

Mehdi hüzuruna endiyin zaman

Bir salam gətir o, uca dərgahdan.

Bu dövlət onunçun sənə vermiş baxt

Ki, təndən yaraşıq tapsın tacü taxt.

Səninlə insanın üzü parıldar,

Bu dünya tikməmiş sən kimi paltar.

Tanrının adıyla doğan peykərsən,

Gövhərlər içində vahid gövhərsən.

Əlinə cilovu tapşırmaq olur,

Bizdəndir hər zəfər, sən mərdanə dur!

Göstər ki, hardadır qapın, bazarın

Ki, olum hər zaman mən tələbkarın.

Bilirəm, ey dövlət, tutmuşam soraq,

Qapındır şəhriyar qapısı ancaq.

Hər yerdə olsan da edərəm xidmət,

Hər zaman bəslərəm səmimi hörmət.

Odur ki, söyləyir ağıllı bir ər:

- Bu gövhər satana dövlətdir gövhər.

Doğrudur, belə bir gövhəri ələ

Keçirmək mümkündür yalnız dövlətlə.

İskəndərdə vardı ağıl və tədbir,

Dövlətin gücüylə oldu cahangir.

Ona olmasaydı rəhbər dövlət, baxt,

Olmazdı düşmənə qalib heç bir vaxt.

Dövlətə pərəstiş edən bir nəfər

Dövlət pərgarını belə nəqş edər:

Yaranın ulduzu olunca nihan

İskəndərə qaldı bütün bu cahan.

Daraya mal olan təzə və köhnə,

Heç saya gəlməyən dolğun xəzinə.

Taparaq onları araşdırdılar,

Dənizdən dənizə quraşdırdılar.

O qədər tacü taxt və çadır vardı,

Onlara ölçülər, çəkilər dardı.

O qədər gövhər var, hesabdar belə

Nə barmaqla sayar, nə də ürəklə.

Tabaqlar, sinilər, büllurlu, zərrin,

Nalları söküldü yük çəkənlərin.

Cins ərəb atları - yəhəri qızıl,

Xəta qulamları - kəməri qızıl.

Qədərsiz şahanə paltar və qumaş,

Minlərcə lök dəvə, yükləri daş-qaş.

Paltarın, silahın sayı yox, sayan

Hesaba vurmağa tapmadı imkan.

Misalı olmayan əntiq-bahalı

Şeylər var xüsusi xəzinə malı.

Xəznədə nə qədər qızıl-gümüş var,

İskəndər adına sikkə vurdular.

O qədər xəzinə keçdi əlinə,

Oldu gövhər kimi yanan xəzinə.

Gövhərlə parladı qara ürəklər,

Şəbçıraq kəlməsi bundanmış məgər?!

Işıqdan xəzinə xoşlanmaz deyə,

Zülmətdə gedilir hər xəzinəyə.

Neçin bəs xəzinə tapanın üzü

Günəştək parlaqdır şadlıqdan gözü?

Torpaqsan, gərəkdir olsun xəzinən.

Sərvətsiz torpağı olarmı sevən?

Kişiyə sərvətdir verən yüksəliş,

Dünyada onunla doğrulur hər iş.

Qızıl bir meyvədir, zəfəran saçar,

Zəfəran kimi də qəlbini açar.

Məğribdə yaşayan hər qara zənci

O sarı qızıldan tapmış sevinci.

İskəndər gördü ki, bunca xəzinə

Zəhmətsiz olaraq keçdi əlinə.

Dərgaha ən sadiq hər bir nəfərə, -

Böyüyə, kiçiyə, yoxsul kəslərə

Var-dövlət verərək bəxtiyar etdi,

Dünyaya özünü hökmdar etdi.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info