Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

İskəndər dövründən təbil vuraram.

Yazaram mən onun şan-şövkətindən,

Taxtının, tacının əzəmətindən.

Ölüb getmişsə də, dirildim onu,

Verim axtardığı həyat suyunu.

İskəndər bir böyük yol təqib etdi,

Dirilik suyunun dalınca getdi.

Əbədi qalmaqçın həyat suyundan,

Çox gəzdi, dolaşdı heç yorulmadan.

Dirilik suyunun olmadı sonu,

Ancaq indi tapdı həyat suyunu[85].

Sözlər padşahının bir məsəli var:

Nə gözəl söyləmiş: "Axtaran tapar".

Nizami, içərkən mey İskəndərlə,

Bəxtiyar olmaqçın ədəbi gözlə!

Xızır bu süfrəndə olmuş həmsüfrən,

Yetmiş yeddi suda ağzını yu sən![86]

 

 

 

DASTANIN BAŞLANĞICI

 

Saqi, dur, gətir o həyat suyunu!

İskəndər şövkətli şaha ver onu.

Şahın dövlətini öpsün o badən,

Odur İskəndərin irsini yeyən.

Şahnamə yazanlar saçaraq bilik,

Vermiş söz nəzminə belə yenilik:

Yunan ölkəsinin padşahlarından

Vardı bir gənc dövlət, böyük hökmüran,

Şöhrətli şah idi, adı Feyləqus,

Itaət edərdi ona rum və rus.

Yunanıstan idi onun məskəni,

Makedoniyaydı doğma vətəni.

Qanunlar qoyardı yeni və parlaq,

Ulu babasıydı Eys ibn-Ishaq.

Ədalət o qədər yaxınmış ona,

Qurdları bağlarmış qoyun buduna.

Zülmün boğazını elə sıxmışdı,

Dara həsədindən rəqib çıxmışdı.

Üstün olmaq üçün qılıncı, tacı,

Bir elçi göndərdi, alsın xəracı.

Ağıl sahibiydi rumlu hökmüran,

Xəracı göndərdi, olmadı düşman.

Taleyi yar olan məsud kimsəyə

Kim cəsarət edər, düşmənəm deyə?

Bəxşişlər göndərdi böyük dərbara,

Düşmənlik yolundan əl çəkdi Dara-

Rum şahı oldu bu bəxşişdən çox şən,

Mumunu qorudu yanar atəşdən[87].

İskəndər başlarkən fəthə hər yeri,

Döndü birdən-birə çərxin işləri.

Daraya nə dövlət qoydu, nə dövran,

Süngüsü keçirdi çaxmaq daşından.

Bu dastan haqqında rəvayət çoxdur,

Hər kəsi dinlərəm, inadım yoxdur.

Belə nəql edir bu vəqəni rumlar:

Bir qadın var imiş çox yoxsul, dindar,

Ikicanlı idi, tapmadı çarə,

Yurdundan, ərindən düşdü avarə.

Doğmağın zamanı yetişdi artıq,

Kəsdi taqətini ikicanlılıq.

Doğarkən can verdi bir xərabədə,

Ölürkən körpəni andı yenə də:

"Məndən sonra səni kim bəsləyəcək?

Hansı bir canavar səni yeyəcək?"

O zənn etməyirdi ki, pərvərdigar

Bir zaman edəcək onu tacidar.

Nə qədər xəzinə güləcək ona,

Iqbal qonacaqdır şən qucağına.

Həsrətlər içində qadın verdi can,

Köməksiz uşağa yar oldu yəzdan.

Şüurla, hünərlə işlətdi qafa.

Dünyanı fəth etdi o Qafdan-Qafa.

Feyləqus çıxarkən ov üçün düzə,

Qadın ölən yerlə gəldi üz-üzə.

Gördü bir qadındır yurdsuz, yuvasız,

Başının üstündə bir körpə yalqız.

Sorur barmağını o körpə uşaq,

Ana həsrətiylə dişləyir barmaq.

Nökərlərə əmr verdi tacidar;

Qadının dəfninə məşğul oldular.

Kimsəsiz körpəni götürdü yoldan.

Daldı bu heyrətli işə bir zaman,

Böyütdü, bəslədi, verdi tərbiyə,

Vəliəhd eylədi "Oğlumdur" deyə.

Zərdüştilərdə var başqa rəvayət.

Verir İskəndəri Daraya nisbət.

Vurdum tarixləri mən bir-birinə,

Baxdım Firdovsinin öz əsərinə.

Hər iki rəvayət məncə pozuqdur,

Uydurma sözlərdir, həqiqət yoxdur.

Doğrusu budur ki, bilir hər diyar,

Feyləqus oğludur böyük tacidar.

Bunlarda həqiqət görmədim bir az,

Tarixçi bunları qələmə almaz.

Ən yaxşı bir qoca rəvayət edir,

O köhnə şahlardan hekayət edir:

Feyləqus qəsrində bir gözəl varmış,

Bəzəkli gəlintək azad yaşarmış.

Baxışı can alan, qaməti bülənd,

Qaşları kamandı, saçları kəmənd.

Sanki bir sərv imiş, yetirmiş çəmən,

Telləri bənövşə, çöhrəsi səmən.

Camalı parlaq bir günəşdən təmiz,

O süzgün gözləri qəmzəli nərgiz!

Qıvırcıq saçları qara bir ənbər,

Saray bu dilbərlə olmuş müəttər.

Rum şahı vurulmuş ayüzlü qıza,

Dilinin əzbəri parlaq ulduza.

Bir gecə bağrına basdı hökmüran,

Şahın xurmasından bar verdi fidan.

Neysan buludundan sədəf tutdu bar,

Ən parlaq bir inci oldu aşikar.

Keçdi bu vəqədən doqquz ay ancaq,

Ananın bətnində tərpəndi uşaq.

Padşah əmr etdi ki, münəccimlər

Baxıb ulduzlara versinlər xəbər.

Bir xəbər versinlər bu gizlin işdən,

Rahatlıq versinlər bu tərpənişdən.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info