Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Qəflətən talamış hər yerdə nə var,

Bir də yol tapmasın o şum ayaqlar.

Deyirlər, qədərdən çox ölən varmış,

Həm qırıb dağıtmış, həm də aparmış.

Heç bir şey qalmamış dolu anbarda,

Xəzinə boşalmış, yoxdur dinar da.

Xəzinə geyimdən boşalmış, gerçək,

Sandıqdan dür çalmış, taxtımdan ipək.

Gördüyün o Bərdə olmuşdur viran,

O zəngin şəhərdən qalmamış nişan.

Gözəl Nüşabəni almışlar əsir,

Işrət qədəhini qırmışlar bir-bir.

Sarayda görmüşdün o qədər gəlin,

Onlardan qalmamış heç bir nazənin.

Vurmuş bir-birinə kəndi, şəhəri,

Atəşdə yandırmış şən ölkələri.

O qızğın döyüşdə məhv olsaydım mən

Asudə olardım bu dirilikdən.

Sənin xidmətində oldum bəxtiyar,

Orada əsirdir gəlinlər, qızlar.

Düşməndən intiqam almazsa padşah,

Imdada yetişsin o böyük allah.

Çox keçməz ki, ruslar girər hər yana,

Dağ çəkər Rum ilə Ermənistana.

Elə ki, keçirər ələ xəzinə,

Durmayıb tələsik qaçarlar yenə.

Şəhərlər alaraq, talar hər yanı,

Bəlkə də tutarlar bütün dünyanı.

Onlarda aslanla qurd ürəyi var,

Qana mərd, süfrəyə aciz olurlar.

Mərhəmət umulmaz düşməndən bir an,

Yalnız surətindən görünər insan!

Eşşəyin cəvahir olsa da yükü,

Yenə də eşşəkdir, parıldar tükü.

Madam ki, yol tapmış bunlar xəznəyə,

Ziyanlıq verəcək bir çox ölkəyə.

Zülümlə açacaq yeni qol-qanad,

Karvanlar soyacaq, sönəcək həyat.

Ölkəyə dərindən ziyan vuracaq,

Ruma, Xorasana əl uzadacaq".

Acıqlandı padşah bunu dinlərkən,

Onun övladına olan sitəmdən.

Nüşabə üçün də qəmləndi hədsiz.

Çünki o ölkəni tuturdu əziz.

Acıqlı başını dikdi köksünə,

Başını kədərlə qaldırdı yenə.

Dedi: "Ey Dəvalı, verirəm fərman,

Qəlbimdə çırpındı canında olan.

Vəğəni anlatdın, sən dur bir yana,

Bu işi büsbütün gəl tapşır mana.

Görərsən nə səhman verrəm işlərə,

Kəməndim nə qədər baş tökər yerə.

Alaram ağılı, huşu başlardan.

Aslanlar qanına sallam həyəcan.

Aslanla oynamaq deyildir asan,

Itləri salaram kinli qürurdan.

Qoymaram Bərtasdan, ruslardan nişan.

Başları qurtarmaz ayaq altından.

Ruslar, Misr olsa da, tökərəm Nilə,

Şüuru azınca əzdirrəm filə.

Taxtımı qaldırram dağından yüksək.

Daşları dəhşətdən ərisin gərək.

Nə əjdər qoyaram bu köhüllərdə,

Nə də ot ki, dərman olsun bir dərdə

Ruslardan bu öcü almayıb getsəm.

Feyləqusun oğlu deyiləm, itəm.

Bərtasın qurdunu tora salmasam,

Bərtas tülküsündən daha alçağam.

Dövranın gərdişi verərsə imkan,

Alaram öcümü kinli düşmandan.

Qaytarar nə ki şey aparmış bizdən,

Düşər ayağıma o qarət edən.

Nüşabə qurtarar zəncir altından,

Mən şəkər alaram qamışdan, inan!

O gümüş, daşlarda gizlənsə belə,

Xamırdan tük kimi çəkərəm çölə.

Tədbirlə açılar bu çətin işlər,

Ağacda zamanla açar çiçəklər

Hər işdə tədbirdən əl götürməmək.

Zamandan-zamana dolanır fələk,

Bu yola varımdır ərzaq, hazırlıq.

Murada çatınca dözərəm, artıq.

Qocaman dağlardan dənizə qədər

Üsullu-üsullu iş axıb gedər.

Fikrim at sürməkdi əcəm mülkünə,

O yerdə əylənmək istədim yenə.

Indi ki, üz vermiş belə bir dastan.

Taxtımdan ayrılmaq yaxşıdır bundan.

Qoşunum əzm etdi tərpənsin, ancaq

Bu yolda yəhərim taxtım olacaq.

Düşməndən intiqam almayınca mən

Qaçaram yatmaqdan, istirahətdən."

Dəvalı o halı gördüyü zaman

Azaldı qəlbində kinli həyəcan.

Dodağı doldurdu yeri ənbərlə,

Üz sürtdü, torpağı suvardı zərlə.

 

 

 

İSKƏNDƏRİN QIPÇAQ ÇÖLÜNƏ

ÇATMASI

 

Dur, saqi, qədəhi al ələ, doldur!

Kimsəyə içməkdən başqa yol yoxdur.

Günəş parçasıdır, badə deyil bu,

Gövhərində vardır həm atəş, həm su.

Iki pərvanədir bağlanmış bura,

Birinin üzü ağ, birinin qara[243].

Kimsənin şamına deyil pərvanə.

Dinləməz kimsəni, baxmaz fərmanə[244].

Çıraqdan işıq ver, ev işıqlansın,

Hər iki pərvanə atəşdə yansın.

Bu yaşıl baxçaya verən yaraşıq

Çıraqdan parladır belə bir işıq.

Feyləqusun oğlu böyük İskəndər

Rusun talanından alınca xəbər,

Gecəni yatmadı, əzm etdi kinə,

Hər sayaq düşündü, daşındı yenə.

Neyləsin, bu işə necə don biçsin,

Üstündən atlayıb qolayca keçsin.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [91] [92] [93] [94] [95] [96] [97] [98] [99] [100] [101] [102] [103] [104] [105] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info