Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Haq verən şövkətdən eylədi həzər.

Şah ilə sülh üçün qəlbi yumşaldı,

Uzaqdan-uzağa məhəbbət saldı.

Döyüşmək fikrindən daşındı artıq.

Yol axtarırdı ki, etsin barışıq.

Dünyanın şahına verdilər xəbər,

Çin, Xəta türkləri hərbə gəldilər.

Bir məsəl çəkdi şah ki: "Nəşəsi var,

Ayağıyla gəlsə tora xam şikar".

Mənimlə çarpışmaq istərsə əgər,

Namərdlik deyil bu, çox mərdlik edər.

Arizu yolları qısaldı sizə,

Uzun yol həm də çox azaldı bizə.

Onlara çin ilə çataram qaşı,

Çin üçün qan ağlar Çinin dağ-daşı.

Ağarırkən fəza, lacivərd göydən

Günəş İskəndərə salam verirkən,

Oturtdu katibi bir Ütaridtək,

Müştəriyə vursun Zöhrədən bəzək.

Bir məktub istədi olduqca parlaq,

Kamil bir ay kimi aydın, yuvarlaq:

Yazarkən ikiyə ayırdı sözü,

Ümid bir gözüydü, qorxu bir gözü.

 

 

 

İSKƏNDƏRİN XAQANA MƏKTUBU

 

Qələmi alınca o qələmvuran,

Ilk sözü başladı ulu tanrıdan.

Anıldı bu yeri, göyü yaradan:

Bir varlıq var olmaz onu anmadan.

Ondandır hər ümid, rahatlıq, kömək,

Arayan hər qəlbə ondandır dilək.

Ən çətin günlərdə odur əl tutan,

Tək odur qoruyan atəşdən, sudan.

Xəzinə göstərir bəxşiş zamanı,

Zəhmətdən qurtarır onun ehsanı.

Bu dünya əzəldən olmazdı çox şən,

Əmriylə oldu bir bəzəkli gülşən.

Hökmünə uyanlar ən şərəflidir,

Eşq olsun, kim ona afərin deyir.

Namənin başını o bitirirkən

Bir dastan bəzədi şahın dilindən:

"Bu məktub yenilməz İskəndər şahdan

İskəndər dostuna ki, odur xaqan.

Göylər tanrısının əmriylə müdam

Xaqana bizdən çox hörmət və salam.

Çox gözəl anlayır o himmətli zat,

Sizin bu ölkəyə sürərkən biz at,

Irandan hərb üçün gəlmədim, ancaq

Çinin xaqanına gəlmişəm qonaq.

Pərəstiş yoluyla etsin itaət,

Göstərsin qonağa lazımi hörmət.

Sizin bu şəhərdə uca günəş var,

Atını Məşriqdən Məğribə çapar.

O günəş, bax, mənəm, gəlib çatmışam,

Ordunu Məğribdən Şərqə atmışam.

Tutdum ağ, qaranı qılınc gücüylə,

Istəyən kimsəyə payladım belə.

Həbəş ölkəsindən atıldım Çinə,

At çapdım Məğribdən Məşriq zəminə.

Işıqlı günəşin batdığı yerdən

Günəş qaynağına at sürmüşəm mən.

Qara müşk ağacı əkmişəm Hinddə,

Fikrim ağ yasəmən tikməkdir Çində[225].

Sürdüyüm dövrandan var isə qorxun,

Əmrimin xəttindən qaçırma boyun,

Hökmümdən azacıq boyun qaçırsan.

Bərk qulaqburması verər bu dövran.

Aslanı o yerə gətirmə, saqın,

Şikara acıqla eyləsin axın.

Qaytar, qoyma girsin bostana aslan,

Fillərin yadına salma Hindistan.

Başına açar bir böyük fəlakət,

Sərxoşluq adına qurar bir işrət.

Gördünmü, qılıncım çarpışma günü

Etdi qan dənizi zənci çölünü?

Söndürdüm Darada olan qüruru,

Nə qədər kiçiltdim, bax, coşqun Furu.

Başqa padşahları taxtından saldım,

Başından bir anda tacını aldım.

Firidun hərbimə gəlirsə bu gün,

Əsirim olacaq, deyildir mümkün.

Atım hər ölkəyə çapdığı zaman,

Boşaltdım o evi azğın düşmandan.

Mənə bir azacıq yaxşılıq edən.

Dünyada yamanlıq görməmiş məndən.

Hər kəsə söz verdim, bağladım ilqar,

Sözümdən dönmədim, iqrarım - iqrar.

Hər əhdə, peymana söz verdi dilim,

Əhdimdən dönməyə varmadı əlim.

Məqsədim, Yəğmaya, Çinə çapmaqdan

Yəğma, Çin gözəli deyildir, inan.

Özümün qiymətli incilərim var,

Çinli qulamlarım, bir çox pərim var.

Irandan Çinə at sürmək bir kərə

Mənimçin göylərdən düşməkdir yerə.

Çin türkü, beynində nə varsa, burax,

Bu kəskin küləkdə yandırma çıraq.

Xəzinə və bəxşiş vermək yerinə

Neçin bu aslanla başladın kinə?

Neçin yol ağzına toplanmış ordun?

Yolumda İskəndər səddini qurdun?

Bizimlə döyüşə etdinsə niyyət,

Buxuru atəşə tökmüşsən əlbət.

Bəxtimi pişvaza gəldinsə, nədən

Önümdə baş əyib üzr istəmirsən?

Xəbər ver, hesabdan qalmayım geri,

Səbətdə ilandır, ya sümükləri?[226]

Ordu səbr etməkdən doymuşdur cana,

Mənim bu səbrimdən gəlmiş həycana.

Çinin ceyranını görmüş şirlərim,

Az görmüş belə kök ceyran əskərim.

Zəncirini qırmış qızmış aslanlar,

Susamışdır qana qoç pəhləvanlar.

Oxların dimdiyi oxluğu dəlir,

Döyüşmək eşqiylə həycana gəlir.

Nizənin yoldadır gözü, ey düşman,

Gürzüm yüz batmandır, səninki batman.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info