Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Çökdürrəm onu mən bildiyim yerdə.

Ordumu çəkərəm uzaq səfərə,

Bir qılınc vuraram Fovrə bir kərə.

Qaparam tacını, mal olar yurdu.

Çin, Xəta üstünə çəkərəm ordu.

Oradan gedərəm Təraza, Çaça,

Dünyanı gəzərəm at çapa-çapa".

Igidlər, sərdarlar hamı yer-yerdən

Çox məmnun qaldılar bu xoş xəbərdən.

Ulduzu ona yar olduğu gündə[216],

Dövləti kamala dolduğu gündə,

İskəndər başını göylərə vurdu,

Parlayan günəştək tərpəndi ordu.

Qəzneyndən atıldı tez Hindistana,

Yollar şövkətindən döndü bostana.

Istədi başlarda yaxsın tüstünü,

Durmadan alsın tez Keydin üstünü.

Buludtək oynadı talan fikrilə,

Mülkünü qılıncla keçirsin ələ.

Görmədən ağıllı kəslər məsləhət

Etmədi azğınlar kimi hərəkət.

Yelayaq qasidlə o gün İskəndər

O Keydə göndərdi belə bir xəbər:

"Çarpışmaq istərsən, durma, ordu çək!

Ha, indi yetişdim qara buludtək.

Baş əyib əmrə bel bağlamış olsan,

Qurtuldun, demək, bu kəskin qılıncdan.

Yuxudan o zaman nərgiz oyanar,

Üstündə yağmurlu bir bulud oynar.

Günəşin dimağı olduqca azər,

Bağları, daşları çiçəklə bəzər.

Dəhşətlə kükrəsəm inlər bu dünya,

Tərpənsəm, yerindən oynar dağ, qaya.

Alçaqda atarmı ovçu bir şahin,

Altına coşqun sel, ya ki, su keçsin?

Bir tükün kinlə baş qaldırsa orda,

Yüz başı bir tükdən asaram burda.

Dağ-daşın qılınctək olsa da kəskin

Qılıncım köhülə çevirər, çəkin.

Qızılçın gəlmədim hind ölkəsinə,

Məğribdə azmıdır gövhər, xəzinə?

Gözəllər ardınca çapmaq nahaqdır,

Xarəzmin günəşi daha parlaqdır.

Əldə Hind qılıncı gəldim "Hind" deyə,

Sərxoş fil ətindən kabab yeməyə.

Yemə Hind xəracı məni anmadan,

Ürəyim hindli bir poladdır, inan!

Başını sevirsən, gəl mənə ver bac,

İskəndər yoxsa nə baş qoyar, nə tac!"

Keyd ilə gəlincə qasid üz-üzə

Tor kimi sözünü caladı sözə.

Ona çox kəsərli sözlər söylədi,

Hər sözü tutuşan bir atəş idi.

O kəskin sözləri Keyd eşidincə,

Qorunmaq fikrilə çəkindi öncə.

O gecə görmüşdü qarışıq yuxu,

Yozmaqdan canına düşmüşdü qorxu.

Bilirdi: İskəndər olmuş cahangir,

Fələkdir hər işdə onunla əlbir.

Düşmənlik neylədi, bax, o Daraya,

Nə etdi Həbəşə, Rey, Buxaraya.

Məsləhət görmədi üz çevirməyi.

Onun meydanına kinlə girməyi.

Bilmədi, üstünə gəlmişkən düşman,

O necə qurtulsun bu vuruşmadan?

Qorxudan başladı rica etməyə,,

Şahı çox yad etdi "afərin" deyə:

"Bilirəm: zəkidir, həm də çox ayıq,

Tək ona yaraşır bu cahandarlıq.

Taxtının rütbəsi alçaldır ayı,

Böyüklük haqqıdır, yox onun tayı.

Hörmətdən başqa mən nə etdim ona?

Nə üçün çağırır məni meydana?

Xəzinə istərsə, hamısı qurban,

Əmr etsə, ataram tacı başımdan.

Canıma qəsd etsə, xoşdur, nə deyim,

Dişimlə edərəm hüzura təqdim.

Yoldan da bir bəndə göndərsə mana.

Taxtımı, tacımı tapşırram ona.

Kiçiklik həddini əsla keçmərəm,

İskəndər ağadır, mən bir nökərəm.

O mənə naz etsə yalvararam mən,

Narazı qalmasın öz bəndəsindən.

Mənimlə döyüşü o lazım görsə,

Atını kin ilə üstümə sürsə,

Axaram o coşğun Nil ayağına,

Ataram canımı fil ayağına.

Başımı qaçırsam kinli döyüşdən

Qırılar inadı, əzmi bu işdən.

Məqsədi mülkümdən salmaqsa itkin,

Minnətlə razıyam, nə gərək bu kin?

Kükrəyib qoşunla çıxsa qarşıya.

Qaçaram, dar deyil başıma dünya.

Əvvəldən mənimlə bağlasa peyman,

Söz versə, sözündə dursa hər zaman,

Talandan əl çəksə, dost olsa mana,

Qapımdan kinini atsa bir yana,

Verərəm dörd şey ki, beşincisi yox,

Işığı, dəyəri ulduzdan da çox.

Birinci, qızımı göndərrəm şaha,

Nə qız, bir günəşdir, aydır dərgaha.

Ikinci, yaqutdan bir camdır, qış-yaz

Içdikcə o camdan şərab azalmaz.

Üçüncü, filosof, gizlini görən,

Göylərin sirrini bilən, göstərən.

Dördüncü, təbibdir, hər dərdi bilir,

Ondan hər xəstəyə bir şəfa gəlir.

Hədiyyə verərəm edərsə qəbul,

Təşəkkür edərək deyərəm: sağ ol!"

Elçi baş əyərək dedi: "Bu şeylər

Hədiyyə gedərsə, böyük İskəndər

Mülkündə başını göyə ucaldar,

Qohum olduğundan hörmətin tutar.

Adını adlılar içində çəkər,

Hər bir istəyinə rəğbət göstərər".

Hind şahı gördü var ağlı, anlağı,

Möhkəmdir, büdrəyən deyil ayağı.

Söylənən sözləri - şərti tutaraq,

Sözə bir qədər də yağ, bal qataraq,

Bir qoca hindlini bu işə görə



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info