Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Seçmədi onları biri-birindən,

Tutmadı bir xəbər gizli sirindən.

Nə qədər diqqətlə eylədi nəzər,

Işin iç-üzündən tutmadı xəbər.

Arada incə bir fərq vardı: biri

Surəti göstərir, alır o biri.

Bəlinas baxdıqda iki surətə

Əsrarlı sənətdən düşdü heyrətə.

Çalışdı, ortaya çıxsın həqiqət,

Naxışdan keçirdi ələ bir hikmət.

Əmr etdi, durmadan əsrar öyrənən

Ortaya bir pərdə çəksin yenidən.

Elə ki, ortadan asıldı pərdə

Biri zövqə daldı, o biri dərdə.

Rumlunun lövhəsi parladı yenə,

Pas düşdü çinlinin saf güzgüsünə.

Naxışsız qalınca çinlinin tağı,

Padşahın gül kimi açdı yanağı,

Pərdəni aradan bir də çəkdilər,

Göründü hər iki tağda bir peykər.

Bildi ki, o parlaq naxışlı tağa

Hər naxış əks edir başdan ayağa.

Yan-yana işlərkən iki sənətkar

Arada pərdədən çəkmişdi hasar.

Rumlu bir lövhəni çəkirmiş gözəl,

Çinli də lövhəyə verirmiş siqəl.

Parlarkən çinlinin vurduğu naxış

Rumlunun şəklindən əksi alırmış.

Yarışın sonunda qərar verdilər:

Hər iki sənətkar göstərmiş hünər.

Rumluya çatmaz bu, naxış tökməkdə,

Çinli də üstündür siqəl çəkməkdə.

Eşitdim, olmaqçın Çinə peyğəmbər,

Reydən Çinə getdi Mani surətgər.

Elə ki, bu xəbər yayıldı Çinə,

Axdılar o gələn yolun səmtinə.

Yolunda axar su hovzuna bənzər,

Işıqlı büllurdan hovuz çəkdilər.

Rəssamın fırçası vurdu yaraşıq,

Üstündən dalğalar oynadı sıx-sıx.

Hərəkət verirdi sanki ruzigar,

Sahili öpürdü coşğun dalğalar.

Hovuz ətrafına naxışlar vuran

Çəkdi çay yanında bitən otlardai.

Mani çox uzaq bir eldən gəlirkən

Yolçunu susuzluq salmışdı əldən.

O hovzu görüncə səbirsiz qaçdı,

Boş, quru kuzənin ağzını açdı.

Doldurmaq fikrilə vurdu daş hövzə,

Əlində qırıldı o saxsı kuzə!

Bildi ki, çinlilər bu yolda aşkar

Hovuzla ona bir quyu qazmışlar.

Çıxardı naxışlar açan bir qələm,

Aldadan hovuza vurdu bir rəqəm.

Baş əyən qələmlə əl işlədərək

Çəkdi hovuz üstə ölü bir köpək.

Cəmdəyə hər yandan daraşmış qurdlar,

Görüncə susuzun ürəyi çatlar.

Hovuza susuzlar edərkən axın,

Ölü it görüncə getməsin yaxın.

Sürətlə yayıldı Çinə bu xəbər,

"Uzaqlaş" naxşını vurdu surətgər.

Gördülər mahirdir, onda sehr var,

Maniyə, "Ərjəng"ə sığındı onlar.

Bax, yenə səyirtdim ikinci kərə,

Çəkdim söz başını baxın nə yerə!

Neçə gün bir yerdə İskəndər, xaqan

Zövq aldı qədəhdən, meydən, çalğıdan.

Get-gedə məhəbbət artırdı, gerçək,

Onu da, bunu da öyürdü fələk.

Bir gün şah söylədi ona: "Ruzigar

Bir əngəl açmasa, səfər fikrim var.

Iradəm dönməkdir yenə yurduma,

Mən Çindən tərpənmək istərəm Ruma".

Ona hörmət ilə söylədi xaqan:

"Sənindir bu dünya, sənindir dövran!

Hər yerə üz qoysan bu taleyinlə,

Ayaq basdığın yer hər kəsə qiblə.

Atını hər yerə çapsa hökmüran

Borcumuz qulluqdur ona hər zaman".

Çox heyrət etdi şah bu ayıqlığa.

Ondakı vəfaya və sayıqlığa,

İskəndər məclisi xaqana hər an

Işıqlı göründü günəşdən, aydan.

Ürəklə xidmətə başladı xaqan.

Şahın xidmətində durdu hər zaman.

Şah üçün dəyərli bəxşiş gətirdi,

Bununla başını aya yetirdi.

Hörmətlə tutduqca onu hökmüran.

Dostluğu daha da artırdı xaqan.

Hər kəsə padişah böyüklük versə,

Dikbaş olmamalı elə bir kimsə.

Hər zaman kiçiklik yoluyla getsin.

Özündən ucaya alçaqlıq etsin,

Neysandan nə şərəf almışsa sədəf,

Çinə də şah verdi elə bir şərəf[233].

Bağdadda və Rumda nəfis görünən,

Hər çeşid qiymətli o geyimlərdən,

Verdi Çin şahına elə bir dəsgah.

Onu görməmişdi heç bir padişah.

Şahanə bəxşişlər doyurdu Çini,

Çinlinin alnından açıldı çini.

Qalmadı o böyük Çində bir nəfər

Geyməsin xəz, atlaz, zərif geyimlər.

Etdi İskəndərin gördüyü bu iş

O dargözlülərin qaşını geniş.

Şahın kip qaşıtək dostluq bərkişdi,

İskəndər başına hamı and içdi.

 

 

 

XAQANIN İSKƏNDƏRİ QONAQ

ETMƏSİ

 

Gəl məni azad et, saqi, "yox demə!

Qədəhdən göz yaşı tök ətəyimə.

Bir mey ver ki, olsun saf şirə kimi.

Yusun hər çirkabdan bu ətəyimi.

Çapqınlıq etmə, ey Çin üzlü gözəl.

Bir saat qaşına çin gətirmə, gəl!



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info