Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Dövləti haqq belə ucaltdı yenə.

Görüncə dəyərli o xəzinəni,

Tanrının verdiyi dörd hədiyyəni,

O qədər şənlətdi bu İskəndəri,

Unutdu Rumdakı xəzinələri.

Şah o dörd peykərə bir sınaq saldı,

Görüncə doğrudur, çox məmnun qaldı.

Elə ki, parlaq cam su ilə doldu,

Onun şərbətindən xalq məmnun oldu.

Filosofla söhbət etdiyi zaman

Hikmətlər öyrəndi köhnə dünyadan.

Rəf oldu, o təbib salınca nəfəs

Bədəndən xəstəlik, ürəkdən həvəs.

Örtülü sərvətə növbət gəlincə,

Hinddə Çin çinisi göründü incə[218].

Gözəllik ölçüsü tutan kəslərin

Tutduğu ölçüdən daha nazənin.

Gördü toz görməmiş təzə bir çiçək,

Bahardır, dəyməmiş soyuq bir külək.

Büt kimi bəzənmiş incə bir dilbər,

Hindu bütü kimi pəriyə bənzər.

Baş yumru, qaş geniş, ağız dar - göyçək,

Yaşıl bir budaqda üzü al çiçək,

Şəkərdən çox dadlı təzə bir qönçə,

Çiçəkdən həm lətif, həm daha incə.

Saçları tor kimi, hər tərəf çin-çin,

Çin-çin tellərinə quldur bütün Çin.

Qara müşk bəsləyən ceyrandı Çində,

Qərənfil yemişdi doğarkən Hinddə.

Saç deyil, müşkdən hörülmüş zəncir,

Günəşdən sallanmış bulud kimidir.

O müşkin buluddan al gül saçaraq,

"Sünbülə" bürcündən asmışdı başaq.

Sevimli, buğdayı rəngi, şux, dilbər,

Qara, müşkin xalı bir arpa qədər.

Baş vermiş arpadır müşkin buğdadan,

Deyil buğda deyə. boz arpa satan[219].

Türk simalı idi o hindli afət,

Şaha Hind elindən vermişdi cənnət[220].

Yox, hindu deyildi o türk dilbəri,

Hindutək çalırdı bu könülləri.

O Rumi üzüylə, hindu diliylə

Etmiş Rum şahını özünə kölə[221].

Bir şəkərxəndə, bir dümdüz neyşəkər,

Sevimli, ən incə qönçə bir dilbər.

Olduqca gözəl, həm nazlı bir pəri.

Həm sudur, həm oddur parlaq gövhəri.

Onundu bu gəlin, bu dilbər qönçə

Qarşıya çıxdı şah onu görüncə.

Ishaqın rəsmində böyük hökmüran

Ki, ağlın gözünə ondadır dərman,

Əqd etdi, başladı qızın toyuna,

Sonra qolun saldı onun boynuna.

Töhfələr sazladı hindu şahına,

Bir büsat başladı başlıq adına.

Verdi top-top ipək, xalvarla gövhər,

Qumaşdan bir çadır, qızıl taxt-zivər,

Zümrüd cam, əqiqdən gözəl bir sini,

Yaquta qərq etmiş hər birisini.

Yaqutdan, ləldən düzülmüş bir tac,

Polad nallı atlar - görməmiş qırmanc.

Qulağı halqalı qullar və dilbər,

Zərxara geyinmiş rumlu kənizlər.

Insanın ağlına gələndən artıq

Göndərdi Keyd üçün qatarla sandıq.

Cahandar İskəndər kamına yetdi,

Ayüzlü gəlinin toyunu etdi.

Incəlik o qızda olmuşdur tamam,

Əndamı bir parça soyulmuş badam.

Lətif paludəyə barmaq vurunca

Barmağı bulaşdı ona boyunca.

Yonulmamış bir dürr, açmamış bir gül,

Humay da o gülə vurğun bir bülbül.

Yontuldu bu inci, açıldı qönçə,

Pərdəli sözə bax, nə qədər incə.

İskəndər istəklə olunca dəmsaz

Dövlət işlərindən dincəldi bir az.

Istəxrə sınanmış qasid göndərdi,

Dövlət işlərindən məlumat verdi.

Yazdırdı qəlbinə yatan sözlərdən,

O müşkin ölkədə şanlı zəfərdən:

"Hindistan səfərim olmuşdur belə,

Necə ki, dost istər, baş tutdu elə.

Keydə kin etməyə vermədim qərar,

Dost oldu, dost kimi elədim rəftar.

"Qənvuc"a gedirəm "Fur" üstə əlan,

Bu yolda köməkdir ulu yaradan.

Görüm orda nələr qarşıma çıxar,

Bəlkə də iş bitər, mən deyən olar.

Yunan dənizindən, Çin dənizindən

Tutaraq, hər yerdə nayibim sənsən.

Durma, yay dünyaya səadət səsi,

Hər kəsə ver bizdən şənlik müjdəsi.

Əskərlər, qocalar, pirlər, cavanlar -

Nə qədər ölkəmdə var yaşayanlar,

Hamını sevindir, bizdən ver xəbər,

Xeyir ver, bilik ver, ədalət göstər".

Belə məktub yazdı bütün kişvərə,

Qasidlə göndərdi bütün ellərə.

Səfər tədarükü gördü gəlinə,

Hörmətlə göndərdi Yunan elinə.

Ona qoşun verdi inanmışlardan,

Yanına qoşdu şah böyük bir karvan.

O zinətli taxtın yanınca yenə

Göndərdi Yunana ağır xəzinə.

Torpağa gömüldü yerində qalan,

O yerə qoydu bir bələdçi, nişan.

Ağıllı vəzirə bir məktub yazdı,

Ədalət işindən heç ayrılmazdı.

Bildirdi ona hər yaxşı, yamandan,

Dostlara üz verən bəxtiyar andan.

İskəndər azacıq dincəlib durdu,

Furun torpağında xeyməni qurdu.

Şahların rəsmini tutdu həvəslə,

Hindistan mülkünü doldurdu səslə.

Başladı bəxşişlər verməyə hər gün,

Dünyaya bununla olmuşdu üstün.

Badələr qaldırdı Keyin adına,

Indi badə qalxır onun yadına.

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info