Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Sirrimi açma sən, düşməsin səsə".

İskəndər çəkindi yersiz istəkdən,

Ehtiyat eylədi xəlvət etməkdən.

Əmr etdi durmadan böyük tacidar:

O sərvə vursunlar qızıldan cidar.

Qızıl bir kəmərlə çəkib qolunu,

Bir zəncir altına aldılar onu.

Çəkildi büsbütün saraydakılar,

Qapıya yönəldi xaslar, hər kim var.

İskəndər tək qaldı, çəkindi ancaq,

Yanına bir almas qılınc qoyaraq.

Söylədi: "Kimsə yox, bir mənəm, bir sən.

Durma, aç düyünü qapalı sözdən".

Padşahın əmrilə əsrarlı kişi

Düyünü qıraraq, anlatdı işi.

Əsrarın üzündən pərdəni açdı,

Duaya başladı, inci, dür saçdı:

"Necə ki, yaşıla bürünüb hər bağ.

Hər qızıl gül olur yanar bir çıraq.

Gül kimi parlasın üzün hər zaman,

Tək səndən yaşıllıq alsın bu cahan.

Qazılsın dünyanın möhrü adına.

Çatasan dövlətə, öz muradına.

Zənnimcə tanıyır məni şəhriyar,

Daha yalvarmağa nə ehtiyac var?

Sirrimdən əgər o tutmamış xəbər.

Bilirəm, İskəndər doğruluq sevər.

Sənə öz yanımdan elçi gəldim mən,

Əsirin olmuşam, əsir etmədən.

Mənəm Çin xaqanı, qoşun sərvəri.

Sənin xidmətində öpürəm yeri".

Pozuldu bu cəsur işdən tacidar.

Xoşuna gəlmədi belə bir rəftar.

Acıqlı bağırdı ona hökmüran:

"Seçilir qumaşın üzü astardan.

Tərlandan seçirəm aciz sərçəni,

Bağrından tanıram müşkü, nafəni.

Ancaq saxlayıram həya və hicab,

Örtülü kəslərdən açmaram niqab.

Anlat ki, nə məcbur eyləmiş səni,

Gizlində qalmadın, yırtdın pərdəni?

Indi Rum şahından heç qorxmayaraq,

Poladı mum kimi sandınmı yumşaq?

Sarsılmaz qolumdan qorxmadınmı sən?

Mənim tərəzimə torpaq tökürsən![230]

Gənc maral nə qədər olsa da cəsur,

Cilovu aslandan çəkməsi xoşdur.

Bir cavab olaraq söylədi xaqan:

Yüz min afərinə ey layiq olan,

Bilirəm amansız deyil padişah,

Dərgaha onunçun gətirdim pənah.

Başımı hansı düşmənim kəsər?

Dişini uzaqdan göstərsə qaban

Kin ilə döyüşər o qara aslan.

Dişini çıxarıb, əysə boynunu,

Aslan da toxunmaz, bağışlar onu.

Məndən ki, görməmiş sultan namərdlik,

O igid aslandan uzaqmı mərdlik?

Qarşına qılıncla gəldiyim zaman

Qorxardım səndəki kəskin qılıncdan.

Mən ki göstərmədim sənə xəyanət,

Daha üz verərmi mənə həqarət?

Ölkəmə at saldın, göstərdin şəfqət,

Sənə kin bəsləmək olur cinayət.

Qəlbimdə qalmadı kin, qərəz əsla,

Dərgaha gəlmişəm belə inamla,

Mən şəfqət göstərsəm, bağlamasam kin,

Kim kəsər başını şəfqət edənin?

Tutaq ki, günahım həddən artıqdır,

Qəriblik bir böyük üzürxahlıqdır.

İskəndər insaflı, mərhəmətlidir,

Suçsuza hər zaman şəfqət göstərir.

Kim ona sığınsa, qanından keçər.

Kim aman istəsə, görməz bir zərər.

Mən ki bu dərgaha öncə yönəldim,

Səndəki ədalət izilə gəldim.

Adildir cahangir, böyük İskəndər,

Ona hər bir zaman haqq yardım edər".

Yağlı bir dil ilə nöktələr saçdı,

Padşahın qəlbindən düyünü açdı.

İskəndər söylədi: "Xoş gəldin, şad ol,

Belə düşkünlükdən artıq azad ol!

Ancaq bu gəlişdən nə imiş fikrin,

Bu necə sirrdir, aydın göstərin?"

Sığınan dedi: "Ey dünyaya sığnaq.

Bu sirri yararmı səndən saxlamaq?

Bu uca dərgaha onunçun gəldim,

Fikrini, yolunu bilib öyrəndim.

Gəlməkdən məqsəd nə? Anladım bunu,

Nədir bu gəlişin əvvəli, sonu?

Əl tutsa mənə bu dönük ruzigar,

Padşahı kin ilə edim bəxtiyar.

Bu dilək əlimdən gəlməsə ancaq,

Dəstimdən çıxan ox düşərsə uzaq,

Məqsədim hörmətlə öpməkdən yeri.

İskəndər kinindən çəkilsin geri.

Mən əsirgəmədim canımı şaha,

Qılınca əl atmaq nə gərək daha.

Cəvahir əlinə gəlirsə asan,

Nə çıxar zəhmətlə daşı yonmaqdan?

Madam ki, sülh ilə göyərər dilək,

Döyüşə at çapmaq daha nə gərək?

Çin, Turan taxtını məndən istəsən,

Boynumu çəkmərəm bu itaətdən.

Dostluğu ataraq kəsilsən düşman,

Atamın yurdunu bağışlamasan,

Adının möhrünü edərəm qəbul,

Olaram mən satın alınmamış qul

Nə olur, padşahın geniş mülkündə

Çoxalsın get-gedə dost olan bəndə.

Vuruşa qəsd etmə, kinindən çəkil,

Bütün Çin donunun bir çini deyil.

Dəyərli qulların çin-çin saçından

Bir çin də mənə ver, sənindir fərman.

Ayın saf üzünə yaraşmaz bu çin,

Qaşının tağından çəkilsin bu kin".

İskəndər söylədi: "Ey fikri gözəl.

Verdiyin sorğuya eləyim əməl:

Düşmənin başını öpsün toz, torpaq,

Olsun yad kimsələr dünyadan uzaq.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info