Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Əlinə yay alsa nişançı türklər

Atdığı hər oxla bir ordu yenər.

Ox atanlara da padişah olsan,

Kamanı tutanlar alacaq nişan.

Tüstümə düşərsə hər bir dudman,

Çin naxşı olsa da olacaq duman.

Alçaq bir insanam, sülh etməsən sən.

Su içmək qədər də səbr eyləsəm mən.

Nizəmdə məhv edər bu əjdahanı,

Necə od tufanı yeyər samanı.

Pəhləvan köksünə oxum yan alır,

Aslanlar böyrünü hey nişan alır.

Dənizin dibi də çarpışsa, bəzən

Qılınc toz qaldırar göyə dənizdən.

Qarşıma dağ çıxsa dayanmaz bir an,

Bir dağ dikəldərəm dəmir oxlardan.

Fil pəncə atarsa ayaqlaram mən,

Filgövdə padşaham - filləri yenən.

Ceyranı belindən, ovu budundan

Çeynəmək şir üçün olduqca asan.

Dənizlər laçını çıxsa şikara,

Quşlardan yem verər o, balıqlara,

Siz əlsiz, ayaqsız bir balıqsınız.

Ağzında əjdaha nəhəngəm yalnız.

Itlər ki, çox yaman sümük çeynəyir,

O xəncər dişiylə çörək də yeyir.

Qüvvətim hər yerə dirəmiş ayaq,

O yerdə zəfərdir mənə bir dayaq.

Kinlə qarşılaram kin yolu getsən,

Məhəbbət edərəm, məhəbbət etsən.

Cəvahir, ya nəhəng istəsən əgər,

Dənizim həm nəhəng, həm gövhər verər.

Görmədin, qılıncım başlarkən döyüş.

Nəhəngdir, üstünə gövhər tökülmüş?

Mənəm o xəzinə əjdaha peykər,

Camımda zəhər var, həm də pazəhər.

Məndə gövhər də var, əjdaha da var,

De, görüm, hankısı işinə yarar?

Ipəyə tutaram, hüzura gəlsən,

Kəməndə salaram, inad eyləsən.

Səninlə həm yumşaq tərpəndim, həm sərt,

Hər iki sınaqla sınadım, əlbət.

Qapıma sülh ilə qədəm qoysan sən,

Günəştək çəkilib gedərəm Çindən.

Yoxsa ki, düşərəm bu kin izinə,

Çini tökdürərəm Çin dənizinə.

Məktubu oxuyub salma təxirə,

Barışıq, ya döyüş: göstər bir kərə.

Sel tökən buludlar cuşa gəlirkən,

Ayıq ol, dəhşətlə kükrəyən seldən".

Çağırdı dil bilən kamil bir insan,

Ömründə kimsədən qorxu duymayan.

Yazılan məktubu tapşırdı ona,

İskəndər möhrüylə verdi xaqana.

Elə ki, məktubu oxudu xaqan

Az qaldı yıxılsın uca taxtından.

Məktubdan qəlbinə düşdü həyəcan,

O həm zirək idi, həm zirək anan.

Bu iki xəyala sarıldı ancaq:

Sülh ilə yanaşmaq, yoxsa çarpışmaq?

Fikrə əzab verər ikilik hər an,

Yatağa baş qoyar çarə axtaran.

 

 

 

XAQANIN İSKƏNDƏRƏ CAVABI

 

Ey saqi, gülabtək şərabı bir an

Üstümə sən mənim, qalxım yuxudan

Bu gülgün gülabdan ciyər su alır.

Hər bir başağrısı ondan azalır.

Keşikçi, qapını, durma, tez bağla!

Sonra get, sən də öz dərdinə ağla!

Qəlbimi sıxıntı, qəmdən et uzaq,

Məni öz düşüncə, dərdimə burax!

Kimsəylə danışmaq həvəsim yoxdur,

Özümlə etməli söhbətim çoxdur.

Uzaq bir ölkədən müştəri kimsə

Gövhər mədənini görməyə gəlsə,

Baxarsa Nizami xəzinəsinə,

Düşsə söz bəzminin şən nəşəsinə,

Söylə: "Ev sahibi evində yoxdur,

Olsa da, yadlara qarşı soyuqdur".

Yox, xəta söylədim, düşün, ey rəqib,

Qəribə düşmənlik olmazmı qərib?

Qapımı bağlama, get, açıq burax,

Uğurlu sayılmaz qapı bağlamaq.

Madam ki, söz mənə dəniz ad vermiş,

Qapımı dəniztək açın siz geniş.

Qapını aç, sula, durma bu yerdə,

Ay kimi çadır qur xərabələrdə.

Qoy gəlsin arayan kəslər, nəhayət,

Bu söz sultanını etsin ziyarət.

Üzümə sabah bir pərdə çəkirkən

Gilədən Gilana tələsərəm mən.

Müştərilər gəlir mənə hər yandan,

Məni görmək üçün tapmazlar imkan.

Rəssam fırçasından tək bir mənzərə

Çəkilmiş görərlər bəyaz dəftərə.

Sözümdən, bax, necə kənara çıxdım,

Hardaydım, gör, gəlib bir hara çıxdım?

Bu parlaq xəznənin baş surətgəri

Saçdı sərvətindən bu gövhərləri:

Əfrasiyab mülkünün varisi erkən

Başını günəştək ucaltdı Çindən[227].

Tutmuşdu xəbər ki, Rumdan bir müdhiş,

Kükrəyən əjdaha ölkəyə gəlmiş.

Məktubu oxuyub dalmışdı xaqan,

Dəhşətlər içində qalmışdı xaqan.

Təmiz bir düşüncə, sağlam fikirlə

Işin hikmətini keçirdi ələ.

Əvvəlcə istədi sülh üçün xaqan

Bir məktub göndərsin ona durmadan.

Əmr etdi: otursun o çinli katib,

Kağıza, qələmə versin bir tərtib.

Şahlara yaraşan bir qələm çalsın,

Hər sözə rütbəni nəzərə alsın.

Qələmin nafindən tökdü katiblər

Çinli ağ ipəyə müşk ilə ənbər.

Şux, bişmiş sözlər ki, qəlb alır hər an,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info