Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Ordu da onunla bərabər endi.

Rahatlıq etməyə qərar verdilər,

Quş da tərpənmədi səhərə qədər.

Sübhün gözəli zər xal-xalı ilə

Göyün xeyməsinə saçarkən şölə[224],

Dünya hindu kimi tüstü yayardı,

Yəğma və Xülləxtək cahan ağardı.

Gurultu qopunca şahın təblindən,

Yəğmaya, Xülləxə yayıldı şivən.

Dünyanı dolaşmaq fikri daşıyan

İskəndər qoşuna verdi bir fərman:

Qoşunu bu yerdə düşərgə salsın,

Bir ayı başa-baş dincini alsın.

Tövlədən, axurdan doldu hər tərəf,

Yaşıl çəmənlərdə biçildi ələf.

Xaqana dedilər: bezdi çöl, orman

Zirehli atların polad nalından.

Irandan kükrəyib axan bu selin

Əlindən qurtular nə xaqan, nə Çin.

Bu bir seldir, tutar bütün dünyanı,

Kölgədə buraxar keçmiş tufanı.

Yağmuru xərabə edər hər yeri,

Dənizdə məhv edər zor nəhəngləri.

Qara əjdahadır, kükrəmiş Rumdan,

Ölkələr görməmiş bir belə aslan.

Həbəşin üzünə o damğa vurdu,

Zənci qara geydi, bir matəm qurdu,

Daranı büsbütün etmişdir tarac,

Hindin şahlarından qapmış qızıl tac.

Furların talanı bitincə, demək,

Məqsədi Fəğfuru yəğma eyləmək.

Yerindən qoparsa bu coşqun dəniz,

Dağlar da kökündən uçar tərtəmiz.

Qorxudan tez məclis çağırdı xaqan,

Qorxmaqla haqlıydı elə aslandan.

Qan ilə yazdı hər hüduda bir xətt:

"Ölkəmiz qan ilə yoğruldu, dəHşət!"

Bir məclis bəzədi, gəldi qasidlər,

Göndərdi Xətadan Xütənə qədər

Fərğanə, Pəncabı qoruyan, güdən

Hüdudun sınanmış igidlərindən.

Xərxiz ilə Çaçdan, böyük Kaşğardan

Çağırdı hesabsız igid pəhləvan.

Hər yerdən toplanıb gəlincə ordu,

Xaqanın ürəyi sakitcə vurdu.

Yürüyən bir dağın üstünə mindi,

Bir polad dağ kimi yerdən tərpəndi.

Şaha iki mənzil qalırkən ordu

Tövlələr bağladı, çadırı qurdu.

Tez-tez o padşahdan tuturdu xəbər,

Ona nə yol ilə yetirsin zəfər,

Gizlicə arayıb tapdı xəfiyyə,

Düşmənin halını öyrənsin deyə,

Nəhayət, xəfiyyə gətirdi xəbər:

"Şanlı tacidardır rumlu İskəndər.

Səxada, kərəmdə qazanmış ad-san,

Gözəl bir məsləkdir, deyildir insan.

Şüurlu ağıllı və açıq gözlü,

Zəhmətdə sakitdir, xəlvətdə sözlü.

Hər zaman mətindir, yaşar vüqarla,

Kimsənin qanına susamaz əsla.

Ədl ondan bir fayda görər, şər - ziyan,

Xalq məmnun, tanrı da razıdır ondan.

Hamıya yaxşılıq istər, kin bilməz,

Kimsənin dərdinə sevinməz, gülməz.

Görmədim ona bir üstün pəhləvan,

Yoxdur pəncəsindən onun qurtulan.

Oxu məgər Arış oxluğundandır

Ki, daşlarda dərin yara ondandır.

Şimşəkdir, qılıncı alsa əlinə,

Ələ mey aldıqda, saçar xəzinə.

Ağıl ölçüsüylə hər şeyi ölçər,

Hikmət qayçısıyla hər işi biçər.

Saf, doğru olmayan sözə inanmaz,

Mətindir, verdiyi sözünü danmaz.

Hər işin üstünə düşsə, yaradır.

Məclisdə, şikarda o bambaşqadır.

Yalnız ov zamanı yox onda səbir,

Döyüşdə, vuruşda çox səbirlidir.

Vəhşəti dünyadan əqlilə qovmuş,

Özü də padşahlar nəslindən doğmuş.

Igidlər şahıdır, qızınca meydan,

Sərxoşkən ayıqdır çox ayıqlardan.

O işə girər ki, xəyaltək gəlir,

Məclisdə hənəyi çox ətirlidir.

Sözü az, özü çox səbirli, yumşaq,

Doğruluqda doğru, düzlükdə qovaq.

Minsə kin atına, qəhri guruldar,

Yendiyi düşmənə mərhəməti var.

Dalğalı tufandır sözdə dodağı,

Alimdən dərs alır məsləhət çağı.

Qocalar fikriylə girişir işə,

O ancaq gəncləri alır döyüşə.

Allaha sığınır o hər bir zaman,

Yaman gün görərmi tanrı tanıyan?

Sərvtək yəhərə qalxdığı zaman

Atından fillərin bağrı olar qan.

Qarşıya çıxarsa qocaman bir fil,

Sanki fil qətrədir, o daşqın bir Nil.

Azacıq haranlıq etsə at ona,

Qamçıyla batırar onu al qana.

Qıvrılmış ilantək sağ, sola qaçar,

Şölətək arxaya, önə od saçar.

Dünyanı sarsıdan padşahlar bütün

Igidlər gücüylə oldular üstün.

Orduda tək odur zor qılınc vuran,

Həm ordu qırandır, həm ordu quran.

Düşməndən nə qorxu, nə ürküsü var,

Tək əlsiz, ayaqsız kəslərdən qorxar.

Xeymədə büsatı çox geniş dilər,

O yalnız əyləncə zamanı gülər.

Istəməz baş əysin ona bir nəfər,

Baş əyən kimsəyə çox hörmət edər.

Bəxşişi xəzinə - budur həyatı,

Tövləylə bağışlar qatırı, atı.

Əl açan kəslərə kim gövhər verər,

Bu, gövhər yerinə bir kişvər verər.

Qəlbinə gətirsə nə kimi dilək,

Tezliklə göyərdir onu bu fələk".

Xaqan bu işlərdən tutunca xəbər,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info