Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Qeydimə qal mənim, qəlbimi şad et,

Qüssədən bir günlük məni azad et!

Xaqanın gəliri keçsə də ələ.

Sel kimi axıtma, yağıştək xərclə.

Malından bir az ye, bir az ver, ancaq

Başqalar üçün də azacıq burax.

Yemə var-yoxunu, çox yaşayarsan,

Yoxsulluq yamandır qocalan zaman.

Xərclə, ye, bərk tutma köhnə dünyanı,

Xəsislik, ac qalmaq məhv edər canı.

Dağıtma əlində var isə sərvət.

Bihudə yeməkdən çəkərsən zəhmət.

Xərclərkən ölçüdən gəl götürmə əl.

Nə artıq nə əskik - ortadır gözəl,

Sapım yoğun olsa incə iynədən.

Çox iynə gözünü kor edəcəksən.

Yazdığım tarixin nəqqaşı yenə

Bu naxşı vurmuşdur Çin ipəyinə:

Hər yerdə səs çıxdı: böyük İskəndər

Çin ətəklərinə səpdi dürr, gövhər.

Bu idi xaqanın fikri, həvəsi,

Versin İskəndərə ayaq kirəsi.

Açsın bir şahanə ziyafət ona,

Zər töksün atının ayaqlarına.

Özünün adına, sanına görə.

Şahınə hədiyyə çəksin hüzurə.

Şahın bəxti kimi olduqca parlaq,

Bir gözəl gün seçdi, qurdu təmtaraq.

Bir məclis bəzədi cənnətdən də şən.

Şirəni axıtdı aslan dişindən.

Meyvədən, meydən, həm balıqdan, quşdan

Elə bir qonaqlıq düzəltdi xaqan,

Dünyada nə qədər gözəl nemət var,

Basmışdı bağrına qızıl xonçalar.

Çin xuruşlarından başqa, al-əlvan.

Mislini cənnətdə görməmiş bağban.

Ləzzətli halvalar hazır olmuşdu,

Içi qənd, badamla doldurulmuşdu.

Elə qablar vardı, gəzib arayan

Dünyada birini tapmazdı ondan.

O qədər cavahir gəlmiş ortaya

Ki, sərraf bir ilə almazdı saya.

Həşəmətli şahın ziyafətinə

Sərf oldu böyük bir dolu xəzinə.

Türk şahı xaslarla yola çıxaraq,

Getdi İskəndəri çağırsın qonaq,

Torpağı öpdülər ayinə görə,

Dəydi yer öpməkdən başı göylərə.

Söylədi: "Bu uca bəxtin, ey sərvər!

Taxtımın başına yol tapsa əgər,

Tacıyla taxtını əziz edərdi,

Məni bu şərəflə çox böyüdərdi".

Səmimi dəvəti şah qəbul etdi,

Xaqana şərəfli hörmətçün getdi.

Ordu, şah birlikdə haman dəvətə

Baş əyib atlandı o ziyafətə.

Xəzinə ağzından açıldı yerlər,

"Yol açın!" səsindən titrədi göylər.

İskəndər çatınca süfrə boyuna,

Elə bil çatdı Xızr həyat suyuna.

Qızıl bir taxt gördü, günəşdi, gerçək.

Onda dürr çeşməsi dəniz suyutək.

Qızıl taxt üstündə oturdu şən-şən

Əlində bir turunc kafur, ənbərdən.

Sağ əldə dünyanı yoxlayan fəğfur[234],

Xidmətə baş əymiş, hüzurda durur.

Şah onu çağırdı, hörmətdir deyə,

Oturtdu şah kimi qızıl kürsüyə,

Başqa tacidarlar hörmətə görə

İskəndər yanında diz çökdü yerə.

Xaqan əmr eylədi: "Yeməklər gəlsin,

Qızıl xonçalarda xörəklər gəlsin!"

Hər yandan töküldü şahanə yarpaq,

Meynə yarpağıtək tökdü hər budaq[235].

Fərxarə bənzəyən istək evindən

Tez hazır olurdu hər istənilən[236].

Elə bil cənnətdir, arayan kimsə

Xonçada tapırdı hər nə istəsə.

Iştahla yedilər o xuruşlardan,

Hücumla şəraba açdılar meydan,

Qırmızı şərablar verdi qol-qanad,

Qırmızı rənglərdən qurdular büsat.

Çalmağa oturdu, bütün dünyadan

Seçilmiş ən məşhur oxuyan, çalan.

Ən incə oxucu səslər ucalır,

Ozanlar rəsmiylə oxuyur, çalır.

Çalanlar başladı süğdi nəğməsi,

Göylərə ucaldı sazların səsi.

Vardı pəhləvicə o qədər çalan

Nəğməyə yenilik verirdi hər an.

Rəqs edən kəşmirli gözəllər durur,

Oynarkən yel kimi mayallaq vurur.

Elə çalğıçılar gəlmiş Yunandan,

Ağlını itirir eşidən insan.

Rum və Çin xidmətə bel bağlayaraq,

Bəzədi Rumdan və Çindən bir bayraq.

Xəzinə ağzını açınca xaqan,

Qarun xəznəsində yer oldu pünhan[237].

Əvvəlcə saçdı çox cavahir, gövhər,

Daş-qaşa tutulmuş gözəl geyimlər.

Büllurdan büsatı günəşdən parlaq,

Incəlikdə sudan təmiz və yumşaq.

Çin ipəklərindən bir neçə xalvar,

Müşk ilə, ənbərlə dolu bir ambar.

Kafurlu təbəqdən ətr almış hər yan,

Quru ud artıqdı təzə kafurdan,

Çaçi kamanlarla çini ipəklər,

Bir neçə qılınc da ona bərabər.

Bir ilxı yorğa at, görkəmli, oynaq,

Yel kimi yeriyən, gövdəsi parlaq,

Göylərdə durnanı, sarı ovlayan

Laçınla qızıl quş, böyük bir karvan.

Qırx fil öz taxtıyla, uca, qüvvətli,

Sümükləri möhkəm, vücudu ətli.

Bir dəstə qara qul - cəbhələr yenən,

Ayüzlü kənizlər - ölü dirildən.

Çəkdi bu şeyləri şah hüzurinə,

Bunlardan başqa çox şey verdi yenə.

yenidən başqa bir xəzinə açdı,

Ondan da dəyərli bəxşişlər saçdı.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info