Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Elçiylə göndərdi uca hüzurə.

Şahın dərgahına gələrək onlar

Oldular bağçada gül saçan bahar.

Görüncə hindli o sərapərdəni,

Ayparası aydan uca xeyməni,

Torpağa baş vurub içəri girdi,

Əvvəlcə salamı şaha yetirdi.

Rüsumat bitincə o hindu birdən

Söz açdı qəbulə keçən şeylərdən.

Dörd şeydən danışıb söylədi: "Ey şah!

Heç kəsdə tapılmaz belə bir dəsgah".

Bu istək coşdurdu onun qəlbini,

Göz görmək istədi eşitdiyini.

Töhfəni tez ələ almaq fikriylə

Bir an da olsa səbr etmədi belə.

Şirindil hindliylə uca hökmüran

Söylənən şərtlərlə bağladı peyman.

Bəlinas və başqa kəslərlə yenə

Göndərdi örtülü, ağır xəzinə.

Göndərdi alması mum edən məktub,

Bütün Hindistanı ram edən məktub.

Yazıldı Keydə bu bir hökmürandan,

Qızğın əjdahaya müdhiş aslandan.

Bu məktub hər katib işinə yarar,

Içində nə qədər gözəlliklər var.

Ürək qızğınlığı üz verdi şaha,

Dostluq şərtlərini artırdı daha.

Qələmi o katib alınca ələ,

Məktubu yoğurdu müşkü ənbərlə.

Bəlinas, bir neçə rumlu birlikdə,

Məktubu aldılar hind şahı Keydə.

Bəlinas at çapdı bir an durmadan.

Hind qərargahına çatdığı zaman

Keydin saf qəlbini şən, parlaq gördü,

Hindu hiyləsindən çox uzaq gördü.

Baş əydi, çünki o, bir tacidardır,

Hörmətli taxtı, həm qurşağı vardır.

Irəli gedərək öpdü naməni,

Hinduyə tapşırdı o xəzinəni.

Məktubu o katib oxudu əzbər,

Qorxudan yerlərə əyildi göylər.

 

 

 

İSKƏNDƏRİN HİNDLİ KEYDƏ

MƏKTUBU

 

İskəndər məktubu yazmışdı belə,

Daşı mum edirdi şəfəqqətilə.

Ay, günəş yaradan adından sonra,

Düşüncə və ağlın yolu yox ora,

Odur hökmüranlıq və höküm verən,

Bütün peyğəmbərə vəhy göndərən.

Lacivərd göylərin altından sonra

Salamlar söylərəm namdarlara!

Məktubda yazmış: "Ey böyük pəhləvan,

Taleyin gənc olsun, güclənsin arxan!

Fikrim və iradəm bu idi ancaq,

Fil ilə, toppuzla möhkəm çarpışmaq.

Bir qüvvət göstərim titrəsin cavan,

Dağlar parçalansın bu toppuzumdan.

Bu Hində elə bir od vurum, ondan

Qalmasın bir nəfər boyun ucaldan.

Uca fil başına kəmənd atım mən,

Qandan bixi-ruyən çıxarım nildən[217].

Hindin torpağını qana bələyim,

Suların başına torpaq ələyim.

Sülh üçün təlaşı görüncə səndə,

Bu işdən cilovu çəkmədim mən də.

Can verən bu dadlı sözlərinlə mən

Qul oldum sənə bir tacidar ikən,

Möhkəm bir kirişlə bağlandı könlüm,

Öz cadu dilində vurdun bir düyüm.

Elə bir iş et ki, bu közəl peyman

Nəslimiz içində qalsın hər zaman.

Dörd adlı gövhəri göndərsən mənə,

Mən dəxi belə söz verirəm sənə:

Bir ordu kəsilsə bu yeddi kişvər.

Mülkünə bir tükcə yetişməz zərər.

Hər yaxşı, yamanda kömək verərəm,

Bu dediklərimdə duraram möhkəm".

Qasid bu məktubu oxudu Keydə,

Yetirdi salamı, baş vurdu bir də.

Bu sevimli sözlər bir füsun saçdı,

Üzünə sehirli qapılar açdı.

Hiyləgər cadunun etdiyi əfsun

Etdi cadugəri özünə məftun.

"Bilirəm ki, Hinddə çoxdur cadugər,

Bilməzdim var Hində cadu edənlər".

Bir qədər danışdı durduğu yerdə,

Verilən töhfəni tapşırdı Keydə.

Yerindən oynadı Keydin ürəyi,

Qaynadı padşaha qarşı bir sevgi.

Söylədi: "Afərin sənə, hökmüran,

Bu dünya padşahsız qalmasın bir an!"

Bilikli elçiyə göstərdi hörmət,

Aldı hazırlığa bir həftə möhlət.

Elə ki, bir həftə keçdi vədədən,

Hazırlıq işləri başa gəlirkən,

Padşahın əmrinə edərək səcdə,

Şeyləri hörmətlə verdi qasidə.

Qoşdu dörd peykərə hər çeşid zivər,

Göndərdi dəyərli, sevimli şeylər.

Cavahir, ləl, inci, yaqut, xəzinə,

Fillərin üstündə ağır gəncinə.

Saysız Hind poladı, bağlanmış yüklər,

Xalvarla tökülmüş ud ilə ənbər.

Yürüyən dağ kimi sarsılmaz qırx fil,

Göbəyinə çatmaz coşqun, dərin Nil.

Üç ağ fil göndərdi qızıl taxtına,

Bir qaranlıq çökdü düşmən baxtına.

Bəlinasa bəxşiş verdi hökmüran,

Həm bişkin müşkdən, həm də xam uddan.

Pəriduxt uddan bir taxta oturdu,

Göylərin beşiyi ona baş vurdu.

Qoşdu çox xəzinə pərisurətə,

Hər biri mal olmuş min bir zəhmətə.

Götürdü Bəlinas o zər-zivəri,

Bir kişvər xəracı onun hər biri.

Tapşırdı şövkətli İskəndərinə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info