Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Əmrinə baş əyən hər bir kişvərdə

Nayiblər tikilsin məndən hər yerdə.

Indi ki, mən sənə qılınc çəkmədən

Başını əyərək təslim oldun sən,

Taxtınla başını uca eylərəm,

Tacını başında saxlarsan möhkəm.

Nə mülkün, nə tacın gərək. Ol əmin,

Qoymaram ki, olsun işlərin çətin.

Yalnız bir şərtim var, bütün mülkündən

Mənə yeddi illik xərac verəsən.

Yeddi il vergisi verilsə mənə,

O başqa vergilər halaldır sənə".

Dinləyən ağlına aydınlıq saçdı,

Ağzını incə bir cavabla açdı:

"Tacidar nə haqla istəyir hələ

Yeddi illik xərac bu az ömürlə.

Ömrümü edərsən təmin yeddi il.

Yeddi il xərc vermək çox çətin deyil".

Bu sözü bəyəndi uca hökmüran,

Qızınca beyni bu incə cavabdan,

Söylədi: "Altı il nə versə diyar,

Ayaq müzdü verdim sənə, ey huşyar.

Görürəm şüurun, ağlın incədir,

Qəbuldur mənə tək bir illik gəlir".

Türklərin xaqanı dünya şahından

Daşqın bir sevinclə oldu kamiran.

Dərgahın tozunu kirpik ucuylə

Süpürə-süpürə söylədi belə:

"Bilirəm: mətindir verdiyi peyman,

Gücünü artırsın ulu yaradan!

Madam ki, tacidar söz verir buna,

Əz əliylə bir xətt gərəkdir mana.

Bir illik xəracı verdiyim zaman

Məni öz yerimdə qoysun hökmüran.

O xəttin qolumda olsun bir qolbaq,

O xətti başımçın saxlayım ancaq.

Başımla mən də söz verirəm, inan,

Bu dostluq yolundan çıxmaram bir an".

Söz getdi arada, bağlandı peyman:

Qaçsın hər ikisi vəfasızlıqdan.

Düşmənlik silinsin, dostluq var olsun,

Bu dünya durduqca bərqərar olsun.

Nəhayət, bir fərman verdi hökmüdar:

Xaqanın qolundan açılsın bağlar.

O qızıl zəncirdən ucalsın başı,

Tacının cəvahir olsun daş-qaşı.

İskəndərlə bitdi bu əhdü peyman,

Öz ordugahına qayıtdı xaqan.

Gecənin sultanı açınca çətir,

Qaranlıq müşk kimi saçırdı ətir.

Ulduzlar o qədər qızıl səpirdi.

Yer öküzü qızıl altına girdi[231].

Şah meylə təskinlik verdi dimağa,

Axıtdı şərabı yaqut dodağa.

Axşamdan sübhəcən oturdu yenə,

Içdi Cəm camını Cəmin eşqinə.

Yuxunun yoluna səpmişdi tikan,

Zəhməti, kədəri unutmuş bir an.

Nə düşmən işindən kədər çəkərdi,

Nə keşikçi səsi, nə döyüş dərdi.

Sübhəcən şahanə qədəh sonaraq.

Gecəni keyf ilə keçirdi oyaq.

Təbii yaqutu yontunca zaman,

Yaqutlu tac ilə cüt oldu cahan[232].

Qapıdan girdi tez keşikçi əskər:

"Neçin qəflət etmiş uca İskəndər?

Budur, Çin xaqanı qoşunla gəlir,

Ayağı altında yer, göy titrəyir.

Qaynaşan ordusu dünya doldurur,

Göylərə səs salmış təbil və şeypur.

O qədər fil var ki, incinir yollar,

Günəşə, aya baş qaldırmış qubar.

O qədər qoşun var, çıxmış hesabdan,

Heç bir kəs görməmiş o qədər insan.

Ordusu daşıyır hər çeşid yaraq,

Poladdan dənizdir, hər dalğası dağ.

Xaqan da oturmuş qocaman filə,

Arada iki mil vardır fasilə".

Bu heyrətli işdən tutunca xəbər,

Padşahlıq taxtından endi İskəndər.

Yol ölçən bir köhlən ata oturdu,

Hərb üçün sazladı müntəzəm ordu.

Xaqanla döyüşə tez hazırlandı.

Onun peymanını bir hiylə sandı.

Əmr etdi, təbillər gurlasın kinlə,

Düz qaşlar çatılsın düyünlü çinlə.

Uca bir dağ kimi ordu çəkərək.

Vurdu ox, yay, qılınc, qalxandan bəzək.

Kəşfiyyat qoluna verdi çox yaraq,

Dənizdən buluda ucaltdı bir dağ

Bu işdən xaqana verildi xəbər.

Onunla döyüşə çıxmış İskəndər.

Ordunun qəlbində at sürdü xaqan.

Səs ilə bağırdı: "Kimdir hökmüran?

Söyləyin atını bu səmtə çəksin,

Üzünü üzümdən gizləyir neçin?"

O çinli səsindən İskəndər durdu,

Donunu çinləyib belinə vurdu.

Fil yıxan atını səyirtdi hamam.

At saldı öndəki filə durmadan.

Dil açdı. türklərə eylədi qarğış:

"Fitnəsiz anadan bir türk doğmamış.

Çinlidən gözləmə çin qaşdan başqa,

Verdiyi peymana çevirir arxa.

Nə doğru söyləmiş keçən qocalar:

"Çinlidən umulmaz vəfa, etibar."

Hamı dargözlüyə bəsləmiş rəğbət,

Başqanın gözündə görürlər vüsət.

Əvvəlcə sülh üçün niyə söz verdin?

Sonra düşmənlikdə nə fayda gördün?

Peymanım, qəlbim bir, tutmuşam bir yol,

Sözüm az, doğruluq, sədaqət bol-bol.

Demək ki, sizlərdə məhəbbət kindir,

Çindəki türklərin qəlbi çin-çindir.

Bu çinli türklərdə olsaydı vəfa

Donunun çinində yaşardı dünya.

Qəlbimi bağladın öz peymanına,

Ey dönük, indi səs vurursan mana.

Poladdan bir dağa dönsə vücudun,

Yəcucdan, Məcucdan olsa da ordun,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info