Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Tək mən yox, baş əyər Çində hər ağa.

Zehninə nə gəlsə, ona gedərəm,

Böyük bir minnətlə qəbul edərəm.

Bu işdə yox mənə əskiklik, töhmət,

Qonaqsan, qonağa vacibdir hörmət".

Qəlb açan cavabı qasidə verdi,

Məktubu durmadan şaha yetirdi.

Oxudu o qızmış aslan məktubu,

Maralın ovuna müntəzir durdu.

Çin şahı qorxurdu gecə basqından,

O gecə sübhədək yatmadı xaqan.

Günlərin birində parladı dünya,

Günəş nur saçarkən torpağa, suya,

Xaqan öz ağlının yoluyla getdi,

Sınanmış kəslərlə məsləhət etdi.

Bir vəziri vardı ağıllı, bilən,

Dünya nur alırdı tədbirlərindən.

Ortaya hər hesab atsaydı xaqan

Vəzir həll edərdi onu hər zaman.

Ondan öz fikrini sordu bu işdə,

Fikri sağlam idi hər bir gedişdə.

"Bu kinin önündə nə sayaq durum?

Çarxın qulağını mən necə burum?

Madam ki, qaşını çatmışdır bu Çin,

Nə atsın ilk zərim - məhəbbət, ya kin?

Çarpışsam, düşmənim güclüdür, əzər,

Başını Keyxosrov tacları bəzər.

Onunla keçinmək istərəm gerçək,

Xalq məni aciz bir xaqan biləcək.

Bilmirəm bu şahın nədir istəyi?

Ölkəyə gəlməkdən nədir diləyi?

Xaqana söylədi ağıllı vəzir:

"Çətindir göstərmək sənə bir tədbir.

Əzmin çox kəskindir, qorxuram, yəqin,

Əmrin də əzmintək olacaq kəskin.

Barına, orduna məğrur olaraq,

Yenilmək görünür sənə çox uzaq.

Belə bir şəhriyar gəlmiş qapına,

Dostluq qapısını bağlama ona.

Fəth etmiş, hər yerə basarkən ayaq,

Bu işə olarmı heç soyuq baxmaq?

Oyunmu sanırsan bunu, tacidar?

Bu işdə yararlı incə nöktə var.

Bu işlər tanrının işidir, bişəkk,

Düşməklik - tanrını sınamaq demək.

Günəşi qılıncla sarsıtmaq olmaz,

Qocaman Əlbürzü dağıtmaq olmaz.

Qəbul et, yoxsa bu qocaman fələk

Dövlət sahibinə ziyan verəcək.

Nə bəxti atmağa yarar, ey xaqan,

Nə də bəxtiyara kəsilmək düşman.

Xoşbəxtə taxılma, olsan da mətin,

Onunla çarpışmaq çətindir, çətin.

Bəxtiyar əzm etsə, başmağı cütlə,

Ən kəskin neştərə vurulmaz şillə.

Onunla bircə ay get keçin bir az,

Bu yerdə yad olan çox uzun qalmaz.

Şişəyə öncə sən vurma daş, kəsək,

Qırılsa çətindir onu düzəltmək.

Yaralar sağalıb taparsa səhhət,

Yaranın yeri tük çıxarmaz, əlbət.

Çalış ki, bu qara əjdaha bədən

Hörmətlə sovuşsun bizim ölkədən.

O gün daş atıldı Sinin tasına,

Gəldi bu əjdaha Çin qapısına.

Düşünmə, lacivərd boyalı paltar

Hər şəxsə göylərdən gəlir, ey salar![229]

Ahəngsiz səs ilə inləyir cahan,

Qüsur pərdədədir, suçsuzdur çalan.

Pərdəyə istəsən xoş ahəng vermək

Həmahəng pərdəyə get elə kömək".

Düşmənlik etməkdə Çin tərəfdarı,

Görmədi fələkdən kömək asarı.

Düşündü bu işə uyğun bir çara,

Itaət etməyi aldı qərara.

Əzm etdi sülh ilə yola gəlməyə,

Dərgaha üz qoysun "elçiyəm" deyə.

Nəzərdən keçirsin o cahandarı,

Başını dik tutan o başçıları.

Şahlıq şövkətini görərək bir bir,

Sonra da bu işə töksün bir tədbir.

Günəş qayıqçısı o gün səhərkən,

Qayığı salırkən suya sahildən,

Xütən şəhriyarı, Çin tacidarı

Tədbirlə geyindi elçi paltarı.

Aşina olmadan kimsə bu sirrə.

Çapdı İskəndərin düşdüyü yerə.

Şahın dərgahına gəldiyi zaman

Bu işdən tez xəbər tutdu hökmüran:

Hüzura bir elçi göndərmiş xaqan,

Görüşdə mübarək, sözdə pəhləvan.

Padişah əmr etdi: "Gəlsin hüzurə,

Buyursun elçilər oturan yerə".

Möhtəşəm elçi tez girdi dərgaha,

Pərəstiş yoluyla baş əydi şaha.

Əmr etdi, otursun aşağı yandan,

Xaqanın əmrini eyləsin bəyan.

Padşahın əmriylə elçi oturdu,

Oturdan kimsəyə bir də baş vurdu.

Bir zaman oturdu qırpmayaraq göz,

Yaxşıdan, yamandan açmadı bir söz.

Gördüyü büsata qalaraq məhbut,

Etdi o dövrədə nöqtətək sükut.

Elçiyə işarə etdi İskəndər:

"Xaqandan gətirdin, söylə, nə xəbər?"

Bulud arxasında gizlənən o ay

Qılınctək dil açdı, dür saçdı lay-lay:

"Iran, Rum şahının bu gəlməsindən

Səadət taparaq, ölkə oldu şən.

Bu yerlər, ölkələr, Çindən Maçinə

Böyük tacidarın keçsin əmrinə.

Dünyada yaşasın uca dərgahı,

Olsun tacü taxtın böyük pənahı.

Gizli sözlərim var sənə, tacidar,

Qorxuram bu yerdə etməyə izhar.

Belə əmr etmişdir məni göndərən:

"Xəlvət et, olmasın eşidən, görən.

Qalmasın xaslardan gərək bir nəfər,

Bir sən ol o yerdə, bir də İskəndər.

Açıqda, gizlində qalsa bir kimsə,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info