Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

 

 

İSKƏNDƏRİN HİNDİSTANDAN

ÇİNƏ GETMƏSİ

 

Saqi, ver mənə o qırmızı sudan

Ki, ondan qocalar gəncləşir hər an.

Ver, ondan parlasın gənclik ulduzu,

Bu sarı gülləri edim qırmızı.

Ox, yenə üz verdi şənlik, səadət,

Çalğıçı çalğıya göstərdi rəğbət.

Yazılan şerdən xəbər tutdu yar,

Şairin ölməyən ümidləri var.

Ey tarix söyləyən, dimağı parlat!

Bu incə şerimi, durma, aydınlat!

Söylə, döyüşlərdə böyük İskəndər

Furların başına gətirdi nələr?

Məqsədə uyğun nəql edən əhli-hal,

Pərdədən göstərir belə bir xəyal:

Keyd ilə girincə sülhə hökmüdar,

Gah gülgün mey içər, gah edər şikar.

Furu talan üçün göndərdi ordu,

Bəxtiyar ömrünə son zərbə vurdu.

Qılıncı çəkincə qından tacidar,

Düşmənin kəlləsi oldu tar-mar.

Mülkünü büsbütün eylədi tarac,

Qoydu qılıncından başına bir tac.

Düşməni düşüncə qədəmlərinə

Ölkəni tapşırdı başqa birinə.

Oradan tərpəndi, ucaldı bayraq,

Atlara etmədi saziş bu torpaq.

Üç şey üç ölkədə fəlakət alır,

Hər üçü məhv olur, ömrü azalır:

Iranda fil, Çində pişik, Hinddə at

Məhv olur, açmayır əsla qol-qanad.

İskəndər gördü ki, o abü hava

Yelayaq atlara etməyir vəfa.

Tibetə tərpəndi tez Hindistandan,

Oradan tez Çinə keçdi hökmüran.

Tibetin dağına çatınca ordu

Səbəbsiz sürəkli qəhqəhə vurdu.

"Belə qəhqəhəyə, - sordu, - səbəb nə?

Burda insan ancaq ağlar özünə".

Dedilər: "Zəfəran rəngli bu torpaq

Insanı səbəbsiz güldürür ancaq".

Padşaha maraqlı göründü bu iş,

Neçin bu qəhqəhə, neçin bu rəviş?

Dənizi, qurunu, çətin çölləri

Keçərkən hey mənzil-mənzil irəli,

Yolu ov qanından qupquru gördü,

Çölləri müşk ilə dopdolu gördü.

Ceyranı görüncə çöldə nafədar,

Əmr etdi gözəl bir ceyran vurdular.

Hər yerdən sel kimi ordu axardı,

Çöllərdən xalvarla nafə yığardı.

Çin səhralarından keçdi bir zaman,

Abadlığa çatdı böyük hökmüran.

Bir çayır göründü cənnətdən də şən,

Başını behiştə dayamış gülşən.

Hər tərəf yamyaşıl, gözəl gülzardı,

Hər dörd-beş addımda çeşmə axardı.

Xoş iqlim, xoş hava, sıx, geniş orman,

Yamyaşıl, meyvəli ağacdı hər yan.

Saf çaylar, çeşmələr axır hər yerdə,

Gümüştək parıldar mavi peykər də.

Şeh düşmüş, ən lətif, ən təzə otlar

Bir düzüm incidir sanki parıldar.

Çeşmənin başında ceyran izi var,

Yamyaşıl çəmənlər müşk ilə dolar.

Maral dırnağını çəmənə çalmış,

Yaşıllıq üstünə müşkin xət salmış.

Tapılmaz boz bir yer, hər tərəf otlaq,

Varsa da boz təpə - daşlıqdır ancaq.

İskəndər görüncə o gözəl yeri,

Hindistan şövqündən çəkildi geri.

Atları, əmr etdi uca tacidar,

O sulu otlağa boş buraxdılar.

Bir həftə şən həyat sürdü vüqarla,

O yerdə dincəldi pəhləvanlarla.

O biri həftədə gözəl gün seçdi,

Elə ki, uğurlu gün ələ keçdi,

Köç təbli çaldırdı uca tacidar,

O yerdən sürətlə Çinə çapdılar.

Təbilçi dolduqca acığa, qəhrə,

Təbildən qopurdu bağırtı, nərə.

Çinin al güzgüsü şəfəq saçarkən,

Ordunu Çin səmtə çəkdi hökmüran.

O polad və zireh geyimli ordu -

Hər biri yelqanad ata oturdu.

Hava saf, gözəldir, yollar tikansız,

Varsa da tikanlar, ballı, ziyansız,

Dağların, çöllərin dadlı otundan

Şəkərli süd əmər hər körpə ceyran.

Ovlaqdan keçərkən şanlı İskəndər

Tozundan çöllərə yayıldı ənbər.

Şahın damğasını daşıyan ceyran

Göbək salmış müşkin ağırlığından.

Oxundan torpağa üz qoyan ceyran

Gözündə tiryəktək görünür cahan[222].

Kükrəyən aslandı ulu cahandar,

Sıçrayan qaplandı altında şikar.

O qədər ov etdi rumlu İskəndər,

Ceyrandan, maraldan boşaldı çöllər.

Atlar dırnağından ipək çöl, çəmən

"Ceyrangöz" olmuşdu ceyran gözündən[223].

Qabırğa deşən ox çəkirdi nərə,

Ceyran da, müşk də düşürdü yerə.

Başdan dırnağadək hər maral, ceyran

Mədənə dönmüşdü qızıl oxlardan.

Padşahın kamanı pusquda durur,

Hər oxa bir maral, bir ceyran vurur.

Oxların etdiyi incə nəqqaşlıq,

Çöllərin rəngini silmişdi artıq.

Ovlaqda ona ov oldu əyləncə,

Vaxtını keçirdi bir gün, bir gecə.

Dünyanın gəlini, dilbər gözəli,

Hasara düşüncə göylər gözəli,

Eşqindən gecə bir hindu qadıntək,

Sehr etdi fəzaya, saçdı min bəzək.

Öz köhlən atından İskəndər endi,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info