Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Əsrarı duyandır, seçər hər zaman

Yaxşını yamandan, dostu düşmandan.

Görüncə insanı tanıyandır bu,

Hər kəsin qəlbinə çökəcək qorxu.

Yıxmağa birlikdə edərlər tədbir,

Deyərlər mənfəət verən deyildir.

Alət olmaq üçün istəklərinə

Gənc bir şah qoyarlar onun yerinə.

Onunçun Keyxosrov, həm də Keyqubad

Şahlığı etmədi qocalıqda yad.

Şahlığı başqa bir şaha tərk etdi.

Əlbürzün yolunu tutaraq getdi.

Yeməkdən, içməkdən nəşə aldılar.

Zəhərli qılıncı salim qaldılar".

Şah gördü Kəyandan yadigar olan

Yaxşını, yamanı seçir hər zaman.

Yaxşını, yamanı seçir, ayıqdır,

Döyüşdə sınanmış, sözü açıqdır.

İskəndər bir daha sordu o pirdən:

"Düşməni döyüşdə nə şeydir yenən?

Nə şeydir ordunu mətin saxlayan?

Nə şeydir ordunu qorxuya salan?"

Davada sınanmış qoca namidar

Dedi: "O pəhləvan olur bəxtiyar

Ki, səntək padşahın ordusundadır,

Səninlə özünü bir ordu sanır,

Uca fərmanınla bu zəif torpaq

Səninçin bir möhkəm qələ quracaq.

Eşitdim bir keçmiş döyüşçüdən mən:

Ürək qüvvətlidir can qüvvətindən.

Şahım, ordu çəkmək cəsarət istər,

Heç aciz qalarmı igid hünərvər?

Ordunu meydana çəkərkən gərək

Padişah ummasın ondan bir kömək.

Mətanət sənindir, kömək tanrıdan,

Bunlardır ordunu mətin saxlayan.

Düşməni yenərkən unutma bunu:

Bağlama düşmənin qaçmaq yolunu..

Ümidin qırılsa, ürəkdən çalış,

Mərdin qulağını buran olmamış.

Uğurlu zamanda zəfər gözləyən

Düşmən qorxusunu silsin könüldən.

Zal oğlu söyləmiş mərd Fəramərzə:

- Könlünü qırma, sal Əlbürzə lərzə.

Bəhmənə söyləmiş həm Isfəndiyar:

- Qəlbini qırmayan bir ordu qırar.

Çünki öz qəlbini qırmışdı Dara.

Qanını qorxaqlıq tökdü daşlara.

Qorxulu ürəklə meydana girdi,

Lakin qorxusunu o gizlədirdi.

Qəlbinə bir işıq salmadı dövlət,

Oldu bu döyüşdə torpağa qismət".

İskəndər yenidən soruşdu ondan:

"Ey illər yaşamış qoca pəhləvan,

Eşitdim, Zal oğlu atın belində

Tək həmlə edərmiş dava çölündə.

Özünü orduya vurduğu zaman

Qaçardı ordular qarşı durmadan.

Səbəb nə, kəskin bir qılıncdan belə

Qorxaraq bir ordu dağılır çölə?"

Gözəlcə bir cavab verdi pəhləvan:

"Söylərkən dilimiz dönər çox zaman[162],

Doğrudur, Rüstəmin qurduğu tədbir

Ən igid ərləri dənlərdi bir-bir,

Başçılar düşüncə qara torpağa

Ordu da qorxaraq başlar qaçmağa.

Kim ki təkbaşına bir ordu yenər.

Belə bir tədbirlə qazanar zəfər.

Doğrusu inanmaz buna bir insan,

Böyük ordu qaçsın tək bir atlıdan".

İskəndər yenə də soruşdu ondan:

"Bu sirri aç mənə, qoca pəhləvan,

Neçin Fəramərzi öldürdü Bəhmən?

Qanına boyadı o mərdi nədən?

Etməsin deyə bu ocağa zərər,

Nəsihət vermədi neçin möbidlər?"

Belə cavab verdi sınaqlı kişi:

"Bəhmən əjdahatək gördü bu işi.

Azdırdı yolundan fələk Bəhməni,

Əjdahanın ağzı oldu vətəni.

Ağaca baltanı vurdu pəhləvan.

Ayrıldı tacından, qızıl taxtından.

Ayağı batmışdı bu qədər qana.

Səadət gülməzdi belə insana".

Necə ki, küləkdən bir yarpaq titrər,

Bu sözdən titrədi, əsdi İskəndər.

"Bu körpü asanca keçilməz" dedi.

Daranın qanından dəhşətə gəldi.

Gövhər xəznəsindən qoca pəhləvan

Istədi bəndləri açsın durmadan.

Anlatsın dünyanın bu gedişindən.

Cahangirə layiq hər bir işindən.

Padşahı bir qədər öydükdən sonra,

Pəhləvan ərz etdi o tacidara:

"Bu dünyanın mülkü bənzər bir bağa,

Əlini bərk vurma kövrək budağa.

Bu təzə tarixdən köhnəyə qədər

Kim qalmışdır versin doğru bir xəbər?

Hanı Rüstəmi-Zal, Simürğ ilə Sam,

Firiduni-Fərhəng, o Cəmşid və cam?

Yer yedi, keçmədi çox zaman belə,

Yeməkdən qarnı, bax, doymamış hələ.

Köçdülər, bu növbət yetəcək bizə,

Zəncirtək bağlıyıq bir-birimizə.

Dörd tağ altında beş növbət nə gərək?

Şeşdərsiz olurmu bu doqquz fələk?[163]

Bu dünya sənindir, ol ona dayaq,

Düşmənlər yatarkən oyaq ol, oyaq!

Başını qorxusuz dünyadan qoru,

Çəkin o kəsdən ki, bilməyir qorxu,

Uzaq ol bir yol ki, ziyan gətirir,

Bulaşıq bir yola güman gətirir.

Diləkçin kim köynək geysə tərsinə,

Duayla avanda çevirər yenə[164].

Səni də tərs olan hər əyri yoldan,

Dua et, düz yola qaytarsın yəzdan.

Qəlbini çalmasın bu mal, bu dövlət,

Azı bir zillətdir, çoxu fəlakət.

Ağıllı kimsə yol göstərmiş sana,

Malını bənzətmiş candakı qana.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info