Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Məndən sənət alar hər bir sənətkar.

Əlinə dövlətdən verərəm açar.

Qaldırram hər kimin varsa hünəri,

Zəncirə çəkərəm divanələri.

Düşkünlər, dilsizlər tapacaq aman,

Qurtulmaz əlimdən boş yeyib yatan.

Vücudu sağlamlar bunu bilməli,

Sənətdən gərək boş qalmasın əli.

Görsəm ki, bir nəfər çəkir çox zəhmət,

Qazancı xərcini ödəmir əlbət,

Elə möhtaclara, söz verirəm mən,

Köməklik edərəm öz xəzinəmdən.

Din ilə, ağılla tutaram işi,

Yoluna qoyaram alış-verişi.

Bir işdə kimsədən qorxum yox mənim,

Qorxanlar önündə titrər bədənim.

Dəyirman yemidir fayda verməyən,

Əfvə layiqləri bağışlaram mən.

Dünyaya bəxşişlə vurmuşam bəzək,

Əlaçıq kimsəyə edərəm kömək.

İskəndər kimsəyə verməz əziyyət,

Zalımı qəhr edər, məzluma hörmət.

Hər bir yaxşılığa bu şah yüz verər,

Bir yamanlıq edən bir cəza görər.

Kim günah işləsə cəzaya çatar,

Peşiman olursa, ədlim bağışlar.

Əlimdə məhv olur başı dik düşmən,

Peşiman olursa, bağışlaram mən.

Mənəm yaxşılığı öncə başlayan,

Yamanlıq başlayan düşmandır, düşman.

Mən ələk kimiyəm, ələrəm torpaq,

Dəyərsiz qalığı ataram ancaq.

Bir dolam, quyudan suyu çəkərəm,

Bu başdan alıb o başa tökərəm.

Qılıncla hər nə ki, keçirsəm ələ,

Paylaram yenə də qamçı ucuyla.

Bu taxtın başına keçmək, haq bilir,

Düşkünə əl tutmaq məqsədilədir.

Vücudum olmuş həm bulud, həm günəş,

Bir əlimdə su var, birində atəş.

Önümə daş çıxsa dönər bir muma,

Əkini suvarram çıxsa qarşıma.

Irana mən özüm gəlmədim Rumdan,

Bu mülkə göndərmiş böyük yaradan,

Haqqı və batili ayırd edim mən,

Alır bağlı qıfıl açarı məndən,

Din daşıyan başlar qalxsın əflakə,

Dinsiz başları da tullayam xakə.

Ehtiyac adını qaldırdım artıq,

El ilə çırağa verim barışıq.

Hər evdə firiştə doğurum divdən,

Bir bina ucaldım hər uçuq evdən.

Harda ədalətim olsa hökmüran,

Qırqovul zərrəcə qorxmaz tərlandan.

Sürüdə qoyuna qurd olar çoban,

Marala, ceyrana toxunmaz aslan.

Yamanı edərəm yaxşılıqla ram,

Yaxşılar yamanlıq etsə qoymaram.

Hər başı göylərə qaldırsam, bir də

O başı bir daha görməzlər yerdə.

Mənə tay olandan qopardım ciyər,

Qoymadım dağıtsın başqa vəhşilər.

Kimsəni yaxmadım gizlin zəhərlə,

Aşkara bağrını dəldim xəncərlə.

Nə dünya üstündə alovtək axdım,

Nə də ki, səbəbsiz bir xırman yaxdım.

Kimsənin qəlbini haqsız qırmaram,

Qırsam da, varımdır əldə mumiyam.

Birinin gözünü ağrıtsam əgər,

Əz əlimdən darı tökmək də gələr.

Bu işdə mənə yar olsun yaradan,

Bu yaman gözlərdən qorusun hər an".

Bunları söylərkən bir-bir İskəndər,

Göylərə ucaldı dinləyən əllər.

Məclisdə var idi adam hər yandan,

Birisi elədi şahı imtahan,

Natiqlik düşkünü, hədsiz söyləyən,

Divanə xislətli hikmət öyrədən,

Bir casus vardı, tez öpdü dərgahı,

Sınamaq istədi İskəndər şahı:

"Şahım, bir dinara ehtiyacım var,

Versəniz, dünyaya dəyər bu dinar."

Gülərək söylədi ona İskəndər:

"Şahdan bəxşiş istə rütbəsi qədər".

O casus söylədi: "Səxavətli şah.

Bir dinar verməkdən utansan hərgah,

Dünyanı bağışla mənə bir kərə,

Qaldır bu başımı uca göylərə".

Şah dedi: "Ey şaşqın, bu dəfə yenə

Istəyin müvafiq deyil ölçünə.

Çox yersiz iki şey istədin məndən,

Biri məndən kiçik, digərindən sən,

Hər sözün xüsusi bir ölçüsü var,

Ölçüsüz söylənən söz qulaq yırtar.

Bir söz ki, daşlara düyün vuracaq,

Gözəl söz olsa da söyləmə, burax".

Padşahdan soruşdu bir igid oğlan:

"Xalq neçin alçaqda, sən ucadasan?

Deyirsən hamı bir yoldaşlıq, ancaq

Nədir bu aşağı, yuxarı? Burax".

Dedi: "Mən başçıyam, xalq isə ümmət,

Baş yerə enərsə pozular şövkət.

Otlara yaraşar başını əymək,

Insanın başıysa ucada gərək.

Padşahın mövqeyi olmalı uca,

Görənlər nur alsın ondan doyunca".

Başqa bir dilavər dedi: "Şəhriyar,

Ağıllı kimsəyə bəzək nə yarar?

Qəlbində var sənin tanrı sifəti,

O palçıq vücuda vurma zinəti".

Şah dedi: "Şahanə dəbdəbə, şövkət

Gözlərə bəxş edər yenilik, əlbət.

Onunçun edirəm özümü gülşən,

Gözümüz nurlansın, ürək olsun şən.

Görmürsən, atlaz don geyincə bahar,

Nə qədər zövq alır ondan ruzigar?"

Inandı ağıllı kəslər bu sözə,

Qulaqdan asdılar yaqut, firuzə.

Oldular yenidən şaha sənaxan,

Hamısı ürəkdən bağladı peyman.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info