Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Muğların paltarı oda qalansın,

Bu atəşkədələr atəşdə yansın.

Iranda adətdir keçmişdən bəri:

Atəşkədə idi alimlər yeri.

Orda saxlanardı sərvət, xəzinə,

Düşməsin başqa bir şəxsin əlinə.

Hər sonsuz varlı da, "savabdır" deyə,

Malını qoyardı atəşkədəyə.

Ölkələr düşmüşkən dərmansız dərdə,

Bir xəzinə idi hər atəşkədə.

Onları kökündən yıxdı İskəndər.

Xəzinə axıtdı bir dəniz qədər.

Hər atəşkədənin keçsə yanından,

Yıxaraq xəzinə yığırdı ondan.

Muğlarda belə bir azar da vardı,

Hər ilin başında bir qız alardı

Novruz ilə Səddə bayramlarında[167]

Ayinlər yenidən olurdu bərpa.

Ər üzü görməmiş gəlinlər, qızlar

Evindən sevinclə dişarı çıxar.

Əllər al xınalı, üzlər bəzəkli

Hər yandan gəlirdi coşğun ürəkli.

Önündə al şərab hər üzü lalə

Muğlarla üz-üzə vurar piyalə.

Atəşdən, möbidin əfsunlarından,

Tüstüdən don geyər uca asiman.

Işləri keyə, işrət, şux dilbər idi,

Ölkə başdan-başa əfsunkər idi.

Sehirdən başqa bir çıraq yandırmaz,

Əfsanədən başqa bir bilik qanmaz.

Hər bir qıvrım saçlı, gəlişi gözəl

Ayaq yerə döyər, şappıldadar əl.

Əlində sərv kimi güldən bir dəstə,

Sərvi də bənzərdi çiçəkpərəstə.

Hər il qızlar bu gün axır hər yandan,

Verirlər bu geniş işrətə meydan.

Hər kəs ayrı-ayrı məclis qururdu,

Hər məclis olurdu yüz fitnə yurdu.

Sözündə çox möhkəm durdu İskəndər,

Dünyadan silindi belə fitnələr.

Bircə padişahdan taxt alır şövkət,

Çox olsa pozulur möhkəm bir dövlət.

Yüz şah olmaqdansa xoşdur bir nəfər,

Yağış çox yağarsa ziyanlıq verər.

Ağıllı İskəndər vermişdi fərman:

Muğların ayini qalxsın ortadan.

Ismətli, örtülü hər gəlin, hər qız

Üzünü ərinə göstərsin yalnız.

Fitnəni, hiyləni qovdu hər yerdən,

Muğları dağıtdı meyxanələrdən.

Dünyadan sildi hər bulanıq dini,

Saxladı ən doğru dini-ayini.

Iranda əmriylə söndü hər yerdə

Həm köhnə zərdüştlük, həm atəşkədə.

Dövlətli məcuslar "adətdir" deyə,

Xəzinə vermədi atəşkədəyə.

Üzü nur çiçəyi, hər nazlı gözəl

Atəş gülşənindən artıq çəkdi əl.

Atəş ayinini qaldırınca şah,

Hər atəşpərəstdən göyə çıxdı ah.

İskəndər əmr etdi: - Bu ölkə - torpaq

Tanrıya pərəstiş eyləsin ancaq.

Sığınsın hamısı ulu tanrıya,

Çevirsin arxa bu günəşə, aya.

Elə ki, Iranı ovcunda gördü,

O geniş meydanda atını sürdü.

Zəfərlə qol-boyun oldu tacidar,

Nə gözəl söyləmiş incə sənətkar:

Sən yeni bir qanun hökmüncə məndən

Başqa rəmz eşitmək arizu etsən,

Qulağından çıxar köhnə pambığı,

Aç yeni qumaşla dolu sandığı.

Ağıllı kəslərdən bilsən nə qədər

Bu yolda eşitdim dəyərli sözlər.

Əlimə hər çeşid tarix topladım,

Gözümdən hərfi də mən buraxmadım.

Hər yırtıq vərəqdən toz silə-silə,

O dağnıq xəznəni topladım belə.

Bu gizli əsrarlı kimiyalərdən

Yaratdım ən incə, gözəl bir məxzən.

O farsca söyləyən bilikli qoca

Belə nəql eləyir tarix boyunca: -

Daranın taxtını alınca ələ

Musildən tərpəndi öz ordusiylə.

Zöhrətək Babildən parladı öncə,

Haruti kəsləri təmizləyincə[168],

Əmr etdi möbidlər yandıran odu

Durmadan hünərlə söndürsün ordu.

Zəndin əfsunları atılsın suya,

Alınsın yaxud bir dəftərxanaya.

Ibrahim dinini doğru yol bildi,

Atəş tüstüsünü dillərdən sildi.

Aqillər məsləhət gördülər ona:

Oradan tərpənsin Azərbaycana.

Gəlirkən hər yerdə ki, atəş gördü,

Zəndi məhv eylədi, odu söndürdü.

O yerdə ki, alov çıxırdı daşdan,

Məcuslar deyirdi "Özündən yanan".

Yüzlərlə xidmətçi taxmış zər, zivər.

Pərəstiş etməyə bağlamış kəmər.

Əmr etdi, o köhnə atəşlər sönsün,

Bir anda kömürə və külə dönsün.

Hirbüdün oduna soyuq su tökdü,

Çox hirbüd belini ikiqat bükdü[169].

Elə ki, o yerdə atəşlər söndü,

Isfahana tərəf İskəndər döndü.

O gözəl, ruh verən abad şəhərdə,

Ürəyi sevinclər saçan o yerdə

İskəndər oldu bir çiçəkli gülşən,

Düşdü kam ardına ürəyi çox şən.

Orda bir saray var incə naxışlı,

Bahar bağçasından nazlı baxışlı,

Məcuslar rəsmiylə Zərdüşt ayini

Ora toplamışdı bir çox gəlini.

Hər gözə bir afət, hər qəlbə düşmən,

Insan heyran qalır onu görərkən.

O cadunun adı Azər Humayun,

Sam nəslindən idi nəsəbi onun.

Bir əfsun edincə o gözəl afət

Ürəkdən səbr alır, bədəndən taqət.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info