Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

"Cahanbanu" deyə, yeni ad taxdı,

Bütün ixtiyarı ona buraxdı.

Olduqca ayıqdı, dinc və həyalı,

Söylənməz sözlərdən ağzı qapalı.

Şahlığın açarın ona tapşırdı,

Başının tacını göyə qaldırdı.

Onu görməsəydi dözməzdi bir an,

Ayrılmazdı onun bir an yanından.

O behişt ölkədə şad bir ürəklə

Yaşadı cənnətdən gələn mələklə.

Səhər çöhrəsindən pərdə atarkən

Həbəşə bac üçün dağ çəkdi Xütən[175].

Getdikcə köpürür xoruzlu bardaq,

"Nuş olsun, iç" deyir xoruz coşaraq.

O tovuz dodaqlı kuzə ağzından,

Küplərdən camlara tökərdi al qan.

O məclis, o şərab, o çalğı, o çəng

Dünyanın üzünə verdi başqa rəng..

Yeddi ölkə şahı Kəyan rəsmiylə

Yeddi çeşmə kəmər bağlamış belə.

Günəştək taxtına oturdu səhər,

Fələk xidmətinə bağladı kəmər.

Yenidən bir içki məclisi qurdu,

Görənin başından ağlı uçurdu.

Məclisə düzüldü yararlı kəslər,

Hər gələn yer tutdu hünəri qədər.

Mütrüblər, çalğılar saçardı fərəh,

Saqi ruh verirdi əlində qədəh.

Coşduqca kamança və sazın səsi,

Çay kimi silirdi başqa həvəsi.

İskəndər yenidən açdı xəzinə,

Öz səxavətinə başladı yenə.

Çox hədiyyə aldı Iran əsgəri,

Başını parlatdı öz ətəkləri.

Hər kəsə payladı şahanə xələt,

Verdi bu dünyaya başqa bir zinət.

Uca bir günəştək verərkən ziya

Nurundan çox fayda alırdı dünya.

Günəş xəzinəsi daima axar,

Şimşək nuru isə bir kərə çaxar.

Səxavətli olsun gərək cahandır,

Şahlığın xisləti, bax, belə yaşar!

 

 

 

İSKƏNDƏRİN İSTƏXRDƏ

TAXTA OTURMASI

 

Muğlar çırağını, saqi durmadan

Mənə ver, qəlbimdən qoparma fəğan!

Gözlərə aydınlıq verər bu çıraq,

Qəlbimin çırağı ondan alır yağ.

Söylə, ey söz, nədir sənin kimiyan?

Kimdir bu sikkənə kimiya vuran?

Səndən ki alınır bu qədər bəzək,

Hələ əskilməmiş bir hərfin gerçək.

Evimdən çıxdınsa, üz qoydun hara?

Qapımdan uzaşdın hansı diyara?

Bizdən baş verərkən bizdən uzaqsan.

Naxışlar vururkən gözdən uzaqsan.

Qəlbimin iş evi fərmanındadır.

Dil xidmətçi kimi divanındadır,

Bilmirəm nə quşsan, gözəlsən, şənsən,

Bizdən ən dəyərli yadigar sənsən.

Söz ki var, ucadır hər bir ucadan.

Mətahın qıtlığa düşməsin bir an.

Dəyərli bir mətah olurmu kəsad?

Olursa, həsəddən doğar bu fəsad.

Ey sözün ustası, durma, söz gətir,

Şerin büsatını yerinə yetir.

Ad-sanla kim yatıb - onlardan söz aç,

Heyrət edənlərə söylə, əfsun saç.

Keçmişi nəql edən ravilər belə

Incə bir düşüncə, doğru rəy ilə

Nəql edir: Elə ki, uca şəhriyar

Isfahan şəhrində oldu bəxtiyar,

Firuzə fələyin səadətindən

Isfahan şəhrində etmədi məskən.

Tac qoymaq üçün o, Istəxrə köçdü,

Kəyumərs, Keyqubad yerinə keçdi.

Onunla böyüdü, bəzəndi Iran,

Igidlər arxası bərkidi ondan.

Başçılar dedi: "Eşq olsun, tacidar!"

O böyük baş ilə ucaldı başlar.

Töhfələr verdilər taxtına layiq,

Padşahın oyanan baxtına layiq.

Nilin mənbəindən ta Kəngə qədər,

Çin dənizlərindən ta Zəngə qədər

Elçilər axışdı xərac verməyə,

Taxtına, tacına alqışlar deyə.

Taxtına basınca ayaq şəhriyar

Söz xəzinəsindən açdı tunc hasar:

"Eşq olsun, eşq olsun, ulu yaradan

Xalqını yaratmış haqqa inanan.

Torpaqdan başını bir mən kiminin

Ucaltdı, ulduzla etdi həmnişin.

Irana gətirdi Rumdan çəkərək,

Əmriylə daşları yumşaltdı mumtək.

Başımı o qədər ucaltdı zaman,

Yüklü gəcavəmi daşıyır dövran.

Öyrəndim o adil, ulu tanrıdan,

Ədalət yolundan dönmərəm bir an.

Yoxsula, məzluma olaram kömək,

Qaranlıq gecəyə parlayan şimşək.

Ağlımla düşüncəm olmuş mənə yar,

Bu dünya himayəm altında yaşar.

Doğru bir yol ilə bu gün getməli,

Sabahkı günümsə bəllidir, bəlli.

Qorxaram bəhanə tapmaq günündən,

Pəhrizə çalışdım varlığımla mən.

Nə aciz qarınca, nə də güclü fil

Əlimdən bir zərər görməz, onu bil.

Ovcumun içində olsa da, yenə

Dikmərəm gözümü özgə mülkünə.

Xalq mənə versə də əziyyət, kədər,

Qıymaram incisin məndən bir nəfər.

Kənd ocaqlarından alıram xərac,

Şəhərdən nə vergi istərəm, nə bac.

Əlimə keçsə bir xəzinə, sərvət,

Hər kəsə verərəm, layiq bir qismət.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info