Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Dünyanın sazını əlinə aldı,

Ancaq şəfqət deyə xoş hava çaldı.

Kəməndi altına girincə dünya,

Uymadı ürəyə yatmaz havaya.

Böyük kimsələrə vermədi ziyan,

Asayiş altında yaşadı hər yan.

Dikbaşlıq edəni öldürürdüsə,

Yerinə qoyurdu ən yaxşı kimsə.

Ölkədə bir şəhər yıxsaydı əgər,

Qurardı ondan da gözəl bir şəhər.

Bu dünya belədir, bu vaxta qədər

Birini yıxarsa, birini tikər.

İskəndər başladı abad etməyə,

Oldu hardan-hara İskəndəriyyə.

Çindən Qeyruvana yol var nə qədər

Uca dərgahına axdı qasidlər.

Hər padşah vəsiqə alırdı ondan,

Ölkələr sığındı ona hər yandan.

Dəyərli töhfələr gəldi hər yerdən,

Adına yaraşan zərdən, zivərdən.

İskəndər əmr etdi, cavab olaraq

Məktublar müşk ilə yazılsın ancaq[181].

Bir zaman ötmüşdü bu qərar üzrə,

Göylər dəfələrlə baş vurdu yerə.

Padişah dünyanı gəzməkçin yenə,

Hazırlıqla düşdü səfər qəsdinə.

Oxumuş ərəbdən gələn məktubu,

Illərcə qəlbində qalmış arizu.

Istədi büsatı Iranda qursun,

Ərəb də bu yolda ona baş vursun[182].

Kəbəni ziyarət etsin bir zaman,

Sevinsin mübarək fallı naxışdan.

Hökmüran olunca bütün Irana,

Xeyməni köçürdü Ərəbistana.

Xəzinə topladı bir neçə xalvar,

Biyaban yolunu tutdu şəhriyar.

Ərəb başlarını onun baxşışı

Əydirdi büsbütün əmrinə qarşı.

Görüncə əmrinə ram olmuş zəfər,

Hökmünə baş əydi dikbaş ərəblər.

Yel kimi at sürdü Ərəbistana,

Ərəblər düşmədi ondan ziyana.

Hər yerdə atını edincə rahət,

Həm bəxşiş saçdılar, həm hədsiz nemət.

Hər çeşid lüzumlu yeməkdən başqa,

Bəslənmiş sürülər verməkdən başqa,

Gücləri çatdıqca şahın önünə

Hər yerdən çəkdilər ağır xəzinə.

Səhralar dolaşan görkəmli atlar,

Zəhərdən su içmiş parlaq qılınc var.

Boyu otuz ərəş, üstü çox parlaq,

Nizələr, qan ilə bəslənmiş mizraq.

Yüyənsiz dəvələr, löklər hər yandan,

Toz, torpaq içində yel kimi uçan.

Bunlardan başqa çox bəxşişlər daşdı,

Yüklənən gön, dəri, nəfis daş-qaşdı.

Ona hörmət üçün hey zaman-zaman

Hər yerdən çəkildi yüklənmiş karvan.

İskəndər xəzinə ağzını açdı,

Qızılı, zinəti xalvarla saçdı.

Atlazdan səhraya fərşlər açaraq,

Yaqutlar altında gizləndi torpaq.

Yanaşdı Kəbəyə şən bir üz ilə,

Həccin əmalını öyrəndi belə.

Dünyanın nafinə basmışdı ayaq

Aləmin nafindən ənbər açaraq.

Çarxın pərgarıtək mərkəz nöqtəni

Dolaşdı, ziyarət etdi Kəbəni.

Təvafı olduğu kimi bitirdi,

Kəbə halqasını ələ gətirdi.

Öpərkən Kəbənin qapılarını

Ürəkdən andı o, böyük tanrını.

Başını mübarək qapıya vurdu,

Xəzinə saçaraq yoxsul doyurdu.

Qızılı su kimi edərdi rəvan,

Dəvə bağışladı o karvan-karvan.

Doğrular evində tutunca qərar

Tanrıya pərəstiş etdi tacidar.

Kəbəni xəzinə-gövhərə tutdu,

Damları müşk ilə ənbərə tutdu.

Təvaf işlərindən azad olaraq,

Basaraq Yəmənin gönünə ayaq[183],

Parlatdı Yəməni ordunun tozu,

Gönü parladantək Süheyl ulduzu,

Oradan atını Iraqa sürdü,

Yunana dönməkçün hazırlıq gördü.

Böyük Azərbaycan hökmüdarından

Bir elçi gələrək dedi: Hökmüran,

Nə üçün ram etdin bütün dünyanı?

Sildin ruzigardan zülmü, tüğyanı?

Verdin hər ölkəyə qurtuluş, aman,

Ermənistan nədən çıxdı xatırdan?

Doğduğun şəhərə bu yaxın ölkə

Nə üçün bürünsün qaranlıq kölgə?

Ermənistan oda ibadət edər,

Başqa padişaha itaət edər.

Orda Ad nəslindən bir pəhləvan var,

Qüvvəti Rüstəmin gücünə çatar.

Adı Dəvalidir, hər bağrı yarır,

Aslan dərisindən yosun qoparır.

Ermənistandakı bütün igidlər

Yalnız bu padşaha boynunu əyər.

Hər kəs badə içər onun adına,

Yaxın ölkələrdən bac gəlir ona.

Ordunla bu səmtə hücum etməsən,

Ölkəni şübhəsiz alacaq bizdən".

Hünərdən, gücdən söz açınca ona,

Babildən at saldı Ermənistana.

Ölkədən yuyaraq fitnəni, qanı,

Rum şahı xoşladı Ermənistanı.

Silindi ortadan hər bir köhnə iş,

Möbidə ibadət, oda pərəstiş.

Ordan da tez hücum etdi Abxaza,

Açdı abxazlara kindən darvaza.

Səs saldı gurlayan təbil hər yerə,

Süngülər sirrini açdı göylərə.

Hansı bir qələyə göndərdi xəbər

Açarı durmadan təslim etdilər.

Dəvali Abxazda şahlıq edərkən

Eşitdi Rum şahı gəlmiş səfərdən.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info