Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Irana qasidlər edərək rəvan,

Dedi ki, dönməsin kimsə qapımdan.

Istəsən ki, başın qalsın səlamət,

Qapımda baş əyib elə itaət.

Bəxşişə, şəfqətə hüdud olmayan

Bu yerdə hər kişi tapar dövlət, şan.

Iran başçıları axdı hər yerdən

Bu xeyirli işdən ürəkləri şən.

Şəhriyar qəlbindən tutdular xəbər,

Sözündə mətindir böyük İskəndər.

Elliklə yollara çıxdılar daha,

Sevinclə axdılar uca dərgaha.

Bu gəliş xoş gəldi şaha, onlara,

Ordunun pənahı pəhləvanlara.

Peymanlar bağlandı, söz verdi gerçək:

Kimsənin rütbəsi əksilməyəcək.

Xəzinə açıldı xalqın üzünə,

Verdi hər birinə gövhər, xəzinə.

Hər kimin nə qədər vardı sərvəti,

Ikiqat çoxaldı varı, dövləti.

Hər şəxsin işini aşikar etdi,

Yatanı oyatdı, bəxtiyar etdi.

Iranlı o açıq əli görüncə

Itaət edərək daldı sevincə.

Alnını sürtərək torpağa, yerə,

Külahı ucaltdı uca göylərə.

Dedilər: "Eşq olsun, şəhriyar, sənə,

Hər zaman yar olsun ruzigar sənə!

Haqqındır Cəmşidin taxtı, xəracı,

Öpər ayağını şahların tacı.

Yeni şahımızsan, getdi o gedən,

Şah nədir? Bizlərə Keyxosrov sənsən!

Kim boyun qaçırar sənin əmrindən?

Çəkmənin altıdır bu baş, bu bədən."

Şah gördü bir neçə xoş tədbir daha,

Iranlı itaət elədi şaha.

O ulduz şövkətli bəzmə hər yerdən,

Yığıncaq toplandı yeddi kişvərdən.

Əmr etdi: qılınc, teşt gəlsin meydana!

Qanlılar çəkilsin taxt ayağına!

Başını dik tutan iki sərvəri,

Boynuna həmayil keçirənləri

Qəhr ilə boyayıb al-əlvan qana,

Kəndirdən həmayil vursun boynuna.

Onlara verilən böyük və dələr,

Qızıl, gümüş, inci, cavahir, gövhər

Məclisə töküldü xəzinəsindən,

Şah baş qaçırmadı öz vədəsindən.

Sonra da ölümlə eylədi təhqir.

Tez dara çəkdirdi boynunda kəndir.

Ordunun içində carçı çəkdi car:

"Daranın qatili bunlardır, bunlar!

Hər xain işlərsə belə xəyanət

Işinin cəzası budur nəhayət.

Ağanı öldürən bəndəni, zinhar,

Hansı bir ağıllı kimsə bağışlar?"

Bu halı görüncə şəhərli, ordu

İskəndər ədlinə təhsin oxudu.

Adil olduğunu yəqin etdilər.

Əmrinə yer-göydən bağlandı kəmər.

Yığıldı məclisə ağıllı kəslər,

Ordan uzaq olsun bəd, yaman gözlər.

Üz-üzə səf çəkdi hər iki ordu,

Oturan kimsələr ayağa durdu.

Sıx kəmər bağlamış kəmərbəstələr,

Kəmərlər sanki bir halqadan keçər.

Padişah yürütdü elə siyasət,

Hər candan qaldı bir qurumuş surət.

Sanki bir surətdən bəzənmiş divar,

Ruh uçmuş, yalnız bir quru cəsəd var.

Iranı, Daranı yenən İskəndər

Məclisdə şam kimi oldu cilvəgər.

Dəyərli kəslərə hər gün yanaşdı,

Hər kəsin ağlınca bir söhbət açdı.

Igid Fəribərzi tez dəvət etdi,

Çox hörmət göstərdi, məhəbbət etdi.

"Ey qoca pəhləvan, - söylədi ona, -

Başın kölgə salmış öz ayağına[161].

Dünyada illərcə ömür sürdün sən,

Bixəbər deyilsən dünya işindən.

Gördün ki, zülmdür Dara ayini,

Mən kimi suçsuzla bağlarkən kini.

Dünyanın sirrini bilirkən, neçin

Daradan öyüdü sən əsirgədin?

Gənclik hər kişini coşduran zaman

Qocanın susması deyilmi nöqsan?"

Şahın hiddətini görüb dinləyən

Yağlı bir dil ilə söz açdı birdən.

Təzimdən belini əydi kamantək,

Saralıb sifəti lap zəfərantək.

Sözlə silahlandı, yayı açaraq,

Qutudan oxları bir bir saçaraq,

Öncə İskəndəri çox öydü belə:

"Qol-boyun olsun şah öz diləyilə!

Dünyanın sərvəri olsun kamikar,

Ömründən kam alsın uca şəhriyar!

Gənc başın sevinclə ucalsın hər an,

Çəkmənin altında sürünsün düşman.

Bu qoca nəsihət etdi nə qədər,

O kinli qəlbinə etmədi əsər.

Ona çox göstərdi işıqlı çıraq,

Bunlar da vermədi bir fayda ancaq.

Tacü taxt verdiyi zaman İskəndər

Tədbirsiz bir Dara nə edə bilər?

Bir başı ucaltmaq istərsə dövran

Kəməndə düşəcək boyun ucaldan.

Bir qoca eşşəkdən yıxıldı hinddə,

Ölənin oğluysa varlandı Çində.

Sel gəlib bir arxı pozarsa əgər,

Su axıb başqa bir çaya tökülər.

Sənə xəzinələr verərkən dövran

Incimə düşmənin yoxsulluğundan.

Azadə bir şahsan, hələ gənc ikən

Çalğını, qədəhi buraxma əldən.

Istəyə gəncliklə mümkündür çatmaq,

Qocalıq gəldimi, axtar bir bucaq.

Qocalıq çağında çərxin inadı

Cəmşidə, Zöhhaka nələr qurmadı?

Padşaha qocalıq gəldimi, bişəkk,

Pərəstiş edənlər üz döndərəcək.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info