Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Zəiflik çoxalar qan olanda az,

Qan çox olan zaman tutular boğaz.

Hər yerdə ki, dövlət, sərvət artmışdır,

Üstündə qara bir ilan yatmışdır.

Bəzəkli göylərin tağına bax sən,

Sütunları boşdur vardan, dövlətdən.

Bir tağın altında yaşayıb, anla,

Cüft olmaq gərəkmi qara ilanla?

Bihudə bəndləri qır qəlbdən, yetər,

Sitəmkar deyilsən, ədalət göstər.

Daranın zülmünü gəl sil zehnindən,

Çünki o Daraydı, sən İskəndərsən.

Bax, nə məhsul verdi Daraya cahan,

Elə etmə, sən də görərsən ondan.

Nə etdi ki, sənə ram oldu cahan,

Taleyin ondadır, ayrılma ondan!"

Qocanın sözündən şah çiçəkləndi,

"Uğurlu bir faldır" deyə şənləndi.

Qocanın sözünü saydı bir xidmət,

Ona bağışladı çox böyük sərvət.

Iran başçıları xidmətdə durdu,

Onun daşlarıyla tərəzi qurdu[165].

Uzaqdan gələnlər şən dərgahına.

Şahanə məclisə etdilər səna.

Bu dərgahda əgər söndü bir çıraq,

Yerində bir günəş doğdu ən parlaq.

Gün gəldi, bir gecə getdisə bizdən,

Bir çiçək soldusa, güldü bir gülşən.

Birisi arpaca qızıl itirdi,

Ararkən xəzinə ələ gətirdi.

Geniş bir qəlb ilə dəniz şövkətli

Hamıya göründü çox mərhəmətli.

Padşahı görüncə rəiyyətpərvər,

Daranın zülmündən nə demədilər.

Istidə, soyuqda Dara dövründə

Bir ağ gün görmədi kimsə ömründə.

Birliyi ölkədən elə ayırdı,

"It də yiyəsini tanımayırdı".

Yaxşılar qəlbində doğdu qorxu, kin,

Kimsə öz canından olmadı əmin.

Zülümdən qurtaran dedi hər yanda:

"Mürüvvət rumlarda, mərdlik Yunanda".

Bu qədər ordunun içində ancaq

Iki sərkərdəyə şah inanaraq,

Zalım olanlara verdi güc, qüvvət,

Nəhayət, qolunu qırdı təbiət.

Böyüklük verdi kim kiçiksə ona,

Özü də büründü alçaq bir dona.

Padişah sayılmaz elə bir kimsə

Tanrının xalqına əziyyət versə.

Fəlakət verir hər dəyərli şəxsə,

Böyüklük, riyasət verir nakəsə.

Alçaqlıq becərən şahmı sayılır?

Alçaqlıq başqadır, şahlıq başqadır.

Ölkədə qalmadı bəxşiş. səxavət,

Şəhərlər bir gün də olmadı rahət.

Xəzinə qıflından asıldı ismət,

Yaralar qəlbi kin, zülüm, ədavət

Ölkədə tərk oldu sənət, sənətkar.

Heyhat, bundan böyük fəlakətmi var?

Sənətkar əl çəkmiş öz sənətindən,

Başqa bir sənətə yapışmış cəbrən.

Pəhləvanlıq edər çöldən gələnlər,

Çöldə şahzadələr qarovul çəkər.

Əkinçi əl qatmış ordu işinə

Əskərlər başlamış əkin-biçinə.

Hər kəs sənətində olmasa azad,

Dünya bu gedişlə olurmu abad?

Çünki bundan əvvəl yatmışdı Dara,

Dünyanın ulduzu geymişdi qara.

Bu gün ən bəxtiyar padşahımız var,

Bu zülüm nə qədər, nə qədər yaşar?

Bu sözdən həyəcan aldı tacidar,

Xalqa belə xəbər verdi carçılar:

"Sənətkar getməsə öz sənətinə,

Yaxşı iş görsə də suçludur yenə.

Əkinçi öküzdən kömək istəsən,

Tarladan, kotandan dilək istəsin.

Ordu işlərinə qayıtsın əskər,

Şəhər işlərinə getməli şəhər.

Yalnız öz işinə getsin hər kişi.

Bərk tutsun əvvəldən bildiyi işi".

Çağırdı hər sənət atan kişini,

Tapşırdı onlara köhnə işini.

Hər kəsin işini çıxardı üzə,

Bir dünya parlatdı, gəlməsin gözə!

Qurtardı dünyanı xərabəlikdən,

Dövründə bu dünya oldu bir gülşən,

Onun hökmü ilə dövr etdi cahan,

Dünyanı saxlayar ağıllı insan.

 

 

 

İSKƏNDƏRİN İRAN ATƏŞKƏDƏLƏRİNİ

DAĞITMASI

 

Nəşədən, bu coşğun şənlikdən, saqi,

Dur, şərbət hazırla aşiqsayağı!

Füsunlu şərbəti susuza ver sən,

Susuzlar dönərmi meydən, şərbətdən?

Şahanə məclisdə, ey sınaqlı pir,

Odda yandırmağa üzərlik gətir!

Bəd nəzərlər baxır, işlə məşğulam,

Yaman gözlərdən də yaman qorxuram.

Könlüm üzərliktək yanarsa əgər,

Üstümə düşərmi, söylə, bəd nəzər?

Yolkəsən qorxusu Həddən ziyada,

Xoşbəxtdir bilməyən bunu dünyada.

Bu necə həyatdır, hər yanı qorxu,

Hər tərəf fəlakət, hər tərəf cadu.

Ayaq bu pillədən uzaq qoyulsun,

Bu qanlı qazana qapaq qoyulsun.

Köhnə dastanları rəvayət edən

Belə nəql eləyir uzaq keçmişdən:

Diniylə atəşə çöküncə dehqan,

Həm atəş söndü, həm ona inanan[166].

Irana əmr etdi böyük İskəndər:

Atəşpərəstlikdən etsinlər həzər,

Üz çevirsinlər qoy köhnə ayinə,

Pərəstiş etsinlər Xosrov dininə.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info