Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Sanma bu dünyada çarpışma yoxdur,

Hər kəs bir ağadır, göz dikən çoxdur

Riyasət fikriylə burda, ey salar,

Rumlardan kimsəni etməzsən sərdar.

Kəyan ovlağıdır əcəm torpağı,

Orda bir vəhşidir yadlar ayağı[177].

Nə qədər xatadan uzaqdır həyat,

Dünyada padşahlıq adını ucalt.

Ölkənə dönərkən uzaq səfərdən,

Qısaltmış olarsan uzun işi sən.

Sən güldür üzünü şahzadələrin,

Silinsin qəlbindən qəmin, kədərin.

Hər şahı layiq bir ölkəyə göndər.

Nə yeri istərsə o yerə göndər.

Hər biri bir səmtə tərəfdar olsun,

Hər tərəf bir şaha giriftar olsun.

Qorxuram əcəmlər qalxsın yenidən,

Daranın qanını almaq istərkən,

Yunana və Ruma çıxarsın ordu.

Dağıtsın ölkəni, nəyə gərək bu?

Hər biri padşahlıq edərsə tək-tək.

Ortada düşmənlik artacaq, bişəkk.

Hər kəsi mülkünün qayğısı alır,

Ölkəmiz düşməndən səlamət qalır.

Düşmənlər talana başlarsa ancaq,

Yolunu bununla olur bağlamaq.

Bir də ölkələrdə kin toxmu saçma,

Yurduna düşmənin yolunu açma.

Qoyma qanla yusun şahlar dünyanı,

Qoy alovlanmasın düşmənin qanı.

Sanma dik başların tökdüyü qandan

Səyavuş qanıtək qalmaz bir nişan.

Yersiz qan tökməkdən daim dur geri,

Qanlıdır səninlə çarxın xəncəri.

Ərənlər söyləmiş nə gözəl məsəl:

"Dəyməz dəyməyənə ziyanlı bir əl".

Yetməsin kimsəyə səndən qəm, kədər,

Az ziyan verənlər az ziyan çəkər.

Xor baxma, alçalmaq sığmaz hər başa,

Kimsəni öldürmə, əbədi yaşa".

Vəzir yol göstərdi, tökdü çox tədbir,

Sözləri padşaha eylədi təsir.

Dövran gümüş teştin ağzını açdı.

Qara qarğa qızıl yumurta saçdı[178].

Qoca möbidlərsə tarix boyunca

Yumurta və teştdən demiş doyunca[179].

İskəndər ağlıyla tökdü bir tədbir,

Əmr etdi: tez gəlsin, atlansın vəzir.

Orda kitabxana varsa nə qədər,

Işarə elədi, tez gətirsinlər.

Hər çeşid elmdən dəyərli sözlər,

Hər incə hikmətdən açdı bir dəftər.

Yunana göndərdi tərcüman ilə

Çevirsin bir dildən başqa bir dilə.

Padşahın əmriylə gəldi Ərəstu,

Durmadan at çapsın Yunana doğru.

Rövşənək xanımı alsın bərabər,

Götürsün xəzinə, kitab və dəftər.

Iranı tərk etdi şahın əmriylə

Yunanın yolunu keçirdi ələ.

Rövşənək padşahdan hamilə olmuş,

Sədəfin qoynuna inci qoyulmuş.

Yunana yetişdi dəbdəbə, əskər,

Yükdən inləyirdi o nazlı gövhər.

Doqquz ay olunca, gövhər mədəni

Dünyaya bəxş etdi öz gövhərini.

Beşiyi öpərək oldular dilşad,

Uşağa qoydular İskəndərüs ad.

Ərəstu vəkildi şahdan, həm vəzir

Padşahlıq işində tökürdü tədbir.

Yeməkdə, içməkdə o şahzadayə

Verirdi can kimi gözəl tərbiyə.

Cismini bəslərdi nazla, nemətlə,

Körpə qəlbini də şüur, hikmətlə.

Yüzlərcə gəlmişdir belə gözəllər,

Onu torpaq yemiş, qalmamış əsər.

 

 

 

İSKƏNDƏRIN ƏRƏBISTANA

GETMƏSİ VƏ KƏBƏNİ ZİYARƏT ETMƏSİ

 

Ey saqi, əl uzat qəm qovan meyə,

Durma, ver mən kimi qəlbi dərdliyə.

Rahatlıq ətriylə dirçəlsin bu can,

Qurtulum kədərdən, qəmdən bir zaman.

Yaxşıdır hər falı xeyr işə yormaq,

"Rux"u yox, oyunda "şahrux"u vurmaq[180],

Alçalırkən belə uca görünmək,

Sarsılıb durarkən yenə öyünmək,

Şam kimi bağrının içindən yanmaq,

Zahirdə sevinclə nura boyanmaq.

Hər işdə bir miskin aciz qalınca,

Qaçar acizlikdən falçı dalınca.

Əlinə keçirir daş, qumdan açar,

Daş, qumdan çox zaman dəmir də çıxar.

Bir qapı qeybdən yox olsa hərgah,

Kimsə aça bilməz, açar bir Allah.

Xeyrə vur falını, faydan ondadır,

Çünki xoş fal vurmaq uğur yaradır.

Inləmə "xəstəyəm" deyə, ey filan,

Desən ki: "sağlamam" sağlam olarsan.

Hər işdə bizdən bir qürə atmaqdır,

Işləri sazlayan yalnız o haqdır.

Insaf bu pərdədə bizə məhəkdir,

Tərs pərdə çıxarmaq nəyə gərəkdir.

Könül, pərdə dardır, sən mənə yar ol!

Pərdə yırtanlardan sən pərdədar ol!

Bu parlaq beytləri hekayət edən,

Mənim ziynətimə yaraşıq verən

Nəql edir: dünyada olunca yiyə,

İskəndər xeyməni vurunca göyə,

Şahın fərmanıyla hər nə dövlət var,

Yunana daşıdı mətin adamlar.

Dünya hiyləsindən olunca iraq,

Dolaşmaq fikrinə sarıldı qıvraq.

Ədlindən müjdələr alınca dövran,

Bir qətrə içmədi onu anmadan.

İskəndər uğurlu şah olduğundan

Işində ayıqdı hər an, hər zaman.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info