Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Əl çək bu tərslikdən, yetər inadın.

Mərdliklə şan, şöhrət qazanmış adın.

Böyükdür pəyamın, adın da, sən də

Aslanı gizləmə qurd dərisində.

Elçidə olurmu belə cəsarət?

Hüzurda göstərsin bu qədər hiddət?

Qəhr ilə buyruqdan nə əl çəkirsən,

Nə də qarşımızda boyun əyirsən.

Bizimlə hökm ilə edirsən rəftar,

Belə rəftar yalnız padşahda olar.

Var bundan başqa çox nişanlar, hələ

Ondan da çox əsrar gələcək ələ".

Tez verdi belə bir cavab İskəndər:

"Bir tülkü aslandan gətirməz xəbər!

Gözündə olsam da cəsur, qəhrəman,

İskəndər deyiləm, elçiyəm ondan.

Xəbəri böyüklər göndərmiş belə,

Hökmünü dəyişmək yararmı? Söylə!

Sözümdə varsa kin, acıq, kükrəyiş,

Bu sənin və onun bildiyi bir iş.

Ürəkli olmama səbəb onu bil,

Göndərən aslandır, bir tülkü deyil!

Belədir şahların rəsmi, elçilər

Amanda olurlar, görməzlər zərər.

Dediyim sözləri demiş tacidar,

Dilin qıfılına göstərmə açar.

Doğru bir cavab ver mənə bir kərə,

Yenə də dönüm öz gəldiyim yerə".

Nüşabə qızdı o aslan ürəyə:

"Günəşi palçıqla suvadın" deyə.

Zərrəcə qorxmadı, gətirmədi tab,

Verdi qılınc kimi kəskin bir cavab:

"Yersizdir,- dedi,- bu çalışıb durmaq,

Günəşə palçıqdan vurursan suvaq".

Kənizə əmr etdi: "Ver, baxsın" deyə,

Padşahlar rəsmini öpən ipəyə.

Ipəkdə göstərdi ona bir bucaq,

Söylədi: Əlində tut, diqqətlə bax.

Bu surət, bu sima kimindir, kimin?

Sarayda hörmətlə saxlanır neçin?

Inad etməyinin qalırmı yeri?

Örtmə öz qaşınla uca göyləri"[185].

İskəndər dinlədi onu hörmətlə,

Yazılı ipəyi açdı sürətlə.

Rəsmini tanıdı baxınca şəklə,

Gördü almış düşmən ölkəni ələ.

Bu işdə kin, hiddət göründü yersiz,

Bir cavab verməkdən qalaraq aciz,

Qorxudan saraldı bir saman kimi,

Sığındı allaha tutulan kimi.

Nüşabə gördü ki, o qızğın aslan

Pozuldu, alçalıb düşdü ucadan.

Dedi: "Ey uğurlu, böyük tacidar!

Zəmanə başlara çox oyun açar.

Düşünmə, hörmətim çoxdur, bunu bil,

Bu ev öz evindir, başqa yer deyil!

Pərəstiş edərəm sənə hər zaman,

Ya orda, ya burda bəndəyəm, inan!

Bu rəsmi onunçun göstərdim ki, sən

Mənim də şəklimi aydın görəsən.

Erkək tinətliyəm olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

Qara bulud kimi gurlasam kinlə,

Qılınc tüstüsündən yanar su belə.

Aslanlar buduna basaram mən dağ,

Nəhənglər yağından yaxaram çıraq.

Məni düşmənliyə çəkmə sevgidən,

Vurğunun olana tənə vurma sən!

Kim tikan əkərsə, tikan dərəcək,

Kim nicat verərsə, nicat görəcək.

Əgər sən üstünlük edərsən mana,

Qələbə çalarsan bir dul qadına.

Mən qalib gəlsəm, kin coşduğu zaman

Ataram gizlənən şahı ortadan[186].

Tülküylə qurd kimi biz etsək savaş,

Sən kiçik olarsan, mənəm böyük baş.

Sınaqlı qocalar söyləmiş belə:

"Güləşmə ən fəqir, yoxsul bir kəslə,

Səndən şey qoparmaq fikrini izlər,

Ürəkdən çalışar, üstünlük edər".

Vücudum şəhərdə etsə də məskən,

Qəlbim qafil deyil şahlar işindən.

Hindistan mülkündən Yunana qədər

Virandan, abaddan tutmuşam xəbər.

Göndərdim hər yerə bilikli adam,

Ağıllı, sınaqlı, mahir bir rəssam.

Böyük fatehləri öyrənim deyə,

Rəsmini aldırdım incə ipəyə.

Adlı padşahların rəsmini çəkən

Hər rəsmi gətirib mənə verərkən,

Sanıram dünyanı verdilər mana,

Öz incə rəyimlə baxaram ona.

O rəsmi doğurdan tanıyım deyə,

Göstərrəm başqa bir görən kimsəyə.

Desələr ki, filan tacidardır bu,

O zaman təsviri sanaram doğru.

Sonra da təpədən dırnağa qədər

Hər rəsmə salaram dərin bir nəzər,

Yaşlıdan və gəncdən öz qədərincə

Bir ölçü götürrəm incədən incə.

Yaxşını, yamanı tanır xəyalım,

Bar zəka tanıyan şüur, kamalım.

Boşuna keçməyir gecə, gündüzüm.

Özümlə oynayan deyiləm özüm.

Bu himmət tərəzim durmadan işlər,

Şahlarda ağırı, yüngülü ölçər.

Ipəkdə gördüyün surətlər ki, var,

Tək sənin xəyalın könlümə yatar.

Çünki surətinlə tanışam çoxdan,

Bu nəqşin dostluqdan göstərmiş nişan".

Sözünü ürəklə dedi, şənləndi,

Öz büllur taxtından aşağı endi.

"Taxtımda, - dedi, - sən otur namidar,

Bir taxta yaramaz iki tacidar.

Bilirsən şahmatın iki şahı var,

Hər qəlbə yeni qəm gətirir onlar".

Taxtından enincə o pərisurət

Durdu hüzurunda, göstərdi xidmət.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info