Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Haruttək Zöhrənin canını alar,

Yüzlərcə Harutun qəlbini ovlar.

İskəndər əmr etdi təxir etməmək,

Bu ev də kökündən dağılsın gərək.

Cadu qız sür ətlə qalxdı yerindən,

Qurdu bir əjdaha öz peykərindən.

Odlu əjdahanı yaxından görən

Qorudu özünü yanan atəşdən.

Qorxudan yıxılıb duran kimsələr

Çaparaq, padşaha verdilər xəbər:

"Atəşdə qorxunc bir əjdaha vardır,

Fişəngtək ağzından atəş savırır.

Hər igid keçirsə onun yanından,

Öldürür ya udur, verməyir aman".

Bu gizlin sirridən şah fikrə daldı,

Vəzirdən belə bir məsləhət aldı:

- Bu gizli əsrarı Bəlinas bilir,

Tilsimə tanışdır, tökər bir tədbir.

Bəlinası tapdı, sordu İskəndər:

"Bu cadu nə ilə əslinə dönər?"

Dedi: "Əjdahanı, böyük tacidar,

Yalnız bir əfsunçu edər aşikar.

Bu sirri açmağa olsa buyruğun

Başını kəməndə salaram onun".

Dedi: "Hiyləgərdir bu qəlbi qara.

Mümkünsə, durma, et bu işə çara".

Bəlinas getdi tez atəşkədəyə,

Gördü bir əjdaha baş çəkmiş göyə.

Əjdaha görüncə gəlir Bəlinas,

Bildi ki, şüşəni qıracaq almas[170].

Min oyun çıxardı o sahir cadu,

Yüz insan aldadan Hiylələr qurdu.

Onların təsiri olmadı, yenə

Çarəsiz qayıtdı köhnə sehrinə.

Cadunun əfsunu etməsə əsər,

Əfsunçu yenə öz sehrinə dönər.

Bəlinas hünərlər göstərdi o gün,

Cadunun sehrini bağladı bütün.

Insana taleyi güldüyü zaman

Cadugər də yaxa qurtarmaz ondan.

Atdı əjdahanın üstünə "əsdab"

Su önündə atəş gətirərmi tab?

Bağladı qolunu bir hiylə ilə,

Başa çıxdı qızın qurduğu hiylə.

Qız gördü Bəlinas hünərlər saçdı,

Cadu hiyləsindən düyümü açdı.

Torpağa düşərək qopardı fəğan.

Padşahın ədlindən dilədi aman.

Bəlinas görüncə o ay üzünü,

Bir sevda xülyası tutdu gözünü.

Gözəl cadugərə o verdi aman,

Xilas etdi onu ovsunçulardan.

Əmr elədi, dərhal od yandırdılar,

Atəşkədə yandı - oldu tarü mar.

O pəri üzlünü götürdü şaha,

Dedi: "Bax, bu aydır qara əjdaha.

Ağıllı qadınlar biliklər qurmuş,

Çarxın qulağını əfsunla burmuş.

Quyunu çıxarır yerin təkindən,

Ayı yerə salar öz fələyindən.

Zühəlin üzündən qaranı atar,

Hər qara telindən çəkər bir hasar.

Sevimli gözəldir, yox ona bədəl,

Pəri də doğmamış belə bir gözəl.

Müşk ilə saçının ucunu burmuş,

Günəşin boynunu kəməndə vurmuş.

Sənin taleyinlə kəsdim yolunu,

Ayırdım şöhrətdən, hörmətdən onu.

Qız qaldı çarəsiz, dilədi aman,

Məni, padişahım, ayırma bundan.

Şaha xoş gəlirsə bu göyərçinim,

Olsun həm xanımım, həm bacım mənim".

Sevimli üzünü gördü İskəndər,

Bəzəkli bir aydır, o pəri dilbər.

Söylədi: "Bu sənin haqqındır, yalnız

Sənin qədəhindən mey içsin bu qız.

Sevsən də rənginə aldanma əlbət,

Onun hiyləsindən eləmə qəflət.

Kəhrəba olsa da əqrəb quyruğu,

Yenə də əqrəbdir, zəhərlidir bu".

Bəlinas təşəkkür edərək ona,

Üzünü sürtərək yolun tozuna,

"Qadınımdır" deyə, evinə aldı.

O gözəl çoxunun qəlbini çaldı.

O qızdan çox cadu öyrənmişdi bu,

Onunçun deyildi "Bəlinas-cadu".

Əfsunçu, münəccim, kim olursan ol,

Ölümə bağlaya bilərsənmi yol?

 

 

 

İSKƏNDƏRİN İSFAHANDA

DARANIN QIZI RÖVŞƏNƏYİ ALMASI

 

O cənnət suyundan, ey saqi, tez dur,

Atəşlə yoğrulmuş qədəhi doldur!

Əlimi çıxarma o sudan, oddan,

O su və atəşlə mənəm islanan.

Boranlı qışlarda odur bəxtiyar.

Qarşıda manqalı, quşu, meyi var,

Elə bir nar məmə keçirə ələ,

Bağçada narlara salır vəlvələ.

Bahara çatınca nar fidanından

Nar suyu axtarar, nar alar ondan.

Bir zaman dərindən nəzər salınca,

Görər hər budaqda gülür yüz qonça.

Cənnətdən bir guşə kəsilmiş cahan,

Nəşələr, sevinclər saçmada hər yan.

Əlində gözəlin saçları yenə

Sallana-sallana çıxar çəmənə.

Şəkər çeşməsini çiçəklə bəzər,

Dünyada bir zaman şadlıqla gəzər.

Şahlar dəftərini yazan ustalar

Tarix beşiyini belə yırğalar:

Isfahan şəhrində sakin oldu şah,

Başından göylərə ucaldı külah.

Iki gün nəşəyə daldı İskəndər,

Dara mişkusundan tutunca xəbər[171].

Kəyan ayiniylə xələtlər saçdı,

Düz yeddi xəzinə ağzını açdı.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info