Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Qapılar, bacalar, damlar, küçələr

Gözəl xalçalardan aldılar zivər.

Bayraqlar dikəldi uca göylərə,

Bu dünya aldı bir başqa mənzərə.

Hər küçə başında çadır quruldu,

Işlərin gedişi başqa tövr oldu.

Hər çarsu başında mütrüblər oynar,

Oturmuş xanəndə, çalğı çalanlar.

Çalğıdan hərarət gəlincə uca,

Düşməni ud kimi salırdı oda.

Zindərud nəhrindən Xuzanə qədər

Çalğının səsindən canlandı yerlər.

Şərab bir çay kimi axıb gedirdi,

Mamişan dodağı onu dişlərdi.

Isfahan gülləri ətir saçırdı,

Tərazın müşki də ağız açırdı.

Toya al çiçəklər səpirdi şəfəq,

Şəkərdən ay, günəş doldurmuş təbəq.

Sanki bir saraydır tikmiş şəkərdən,

Bir günbəd ucaltmış al çiçəklərdən.

Dəbdəbə, şövkətdən coşmuşdu hər yan,

Ətrafa can verir çalan, oxuyan.

Qaraltı incə bir qumaş geyincə

Müşk ilə, ay ilə bəzəndi gecə.

Göydə ay parlaq bir sədəfə bənzər,

Kərx əttarı ona səpərdi ənbər.

O müşkin saçlı ay şaha ərmağan

Qənd, badam düzəltdi gözdən, dodaqdan.

Onları göndərdi şah mişkusuna,

Layiqdir müşk ilə mah mişkusuna.

Al günəş o səhər şəfəq sökərkən

Çıxdı bir gəlintək incə ipəkdən.

Çırpındı şah qəlbi gəlin eşqiylə,

Sanki rus zəngidir salmış vəlvələ.

Çalğıdan, şərabdan qurdu bir işrət,

Utandı, qibtədən tər tökdü cənnət.

Dostlarla içərkən artır fərəhi,

Şərabdan dönürdü başı, qədəhi.

O qədər xəzinə bəxş etdi o gün,

Yer onu çəkməkdən olurdu düşgün.

Gecə al günəşdən düyümü dəldi,

Şəfəqin əlinə bir əqiq gəldi.

Onu da uddu Busəhaq firuzə,

Busəhaqlara bax, ilişdi sözə[173].

Vüsala yetişmək üçün İskəndər

O müşkin mişkuya göndərdi xəbər,

Rövşənək olsun bir işıqlı çıraq,

Gəlsin, qədəmindən zinət alsın bağ.

Dedi Rövşənəyə sevimli ana:

"Gedirsən İskəndər şahın yanına.

Qiymətli yaqutsan İskəndər üçün,

Bir inci gövhərlə birləşsin bu gün.

Bu dövlət əqdinə bir arxa verək,

Yenə də ölkədə padşahlıq sürək.

Əmrindən yaramaz boyun qaçırmaq,

Sənə bu Rum şahı layiqdir ancaq.

Saçından xidmətə bağlarsan kəmər,

Taleyi sənə də səadət verər.

Ondan başqa hər kəs adını çəkər.

Saçıntək başları kəmərə dəyər[174].

Qulağında qızıl halqa daşısan,

Qapı halqasıdır onsuz bu halqan.

Rəftar et ki, odur bu gündə Dara,

Daratək bizimlə edər müdara".

Ananı dinlərkən o sevimli qız

Həyadan tər tökdü, baş əydi yalnız.

Saraya hərəkət əzmiylə durdu,

Ay kimi qızıldan taxta oturdu.

Aldılar padşaha məxsus gərdəyə,

Hər tərəf sarıldı ipək pərdəyə.

İskəndər səxavət əlini açdı,

Məclisin gözünə bir heyrət saçdı.

Şahdan hədyə aldı xidmətçi, dayə,

Qızıldan gövhərdən verdi hədiyyə.

Yabançı kəslərdən boşaldı saray,

Bir yerə toplandı günəş ilə ay.

Mehriban anası gəldi irəli,

Dənizə tapşırdı incə gövhəri:

"O uca padşahlar nəslindən nişan

Yalnız bu boy atmış sərvdir qalan.

Mən ona demirəm qiymətli gövhər,

Ya da ki, ərinə adlı-sanlı ər.

Atasız qalmışdır, dərdə salınmış,

Yetimdir, əlindən mülkü alınmış.

Əmanət tapşırdım sənə bir çiçək,

Bir sən bil, bir əqlin, bir də gələcək".

Şah qəbul edərək yanaşdı ona,

Yoldaşlıq tacını qoydu başına.

Şümşada tay oldu bəzəkli süsən,

Sevimli bir sərvə yurd oldu çəmən.

O gövhər ləlindən uca İskəndər

Başladı almağa dəyərli gövhər.

Gördü bir pəridir sevimli dilbər,

Pərəstiş etmədə ona pərilər.

Canlı bir sərv idi, xurmadır barı,

Şəkərə dadımlıq verir göftarı.

Füsunkar gözləri kəskin, can alan,

Hər dərdə şəfadır, xəstəyə dərman.

Dirsəyi qısadır, saç, gərdən uzun,

Dodağı şəkərdir, xalı da uyğun.

Çənəsi sadədir, sallanmış buxaq,

Qaynar gözlərində gülabdan bulaq.

Bəslənmiş qırmızı qanla ciyərtək,

Sanki göz içində parlayır bəbək.

Duz səpsə sağalar xəstə ürəklər,

Dodağı dünyaya saçar çiçəklər.

Hər gülən dodağı şəkər saçardı,

Gülüşü gülüşə bir yol açardı.

Gözündən gül üzə gülablar axmış,

Beli incə idi, sinəsi qalxmış.

Qıvırcıq saçları müşkə çalırdı,

Günəş çeşməsinə kölgə salırdı.

Çeşməni, kölgəni görüb şəhriyar

Mənzilə yetişdi, oldu bəxtiyar.

Vəfalı gözləri xoş gəldi ona,

Ürəyi çırpındı, basdı bağrına.

Sıxıb qollarını boynuna saldı,

Kam aldı, kamından kami-dil aldı.

Rövşənək işıqlı çıraqtək yandı,

Eyvanı cənnəttək nura boyandı.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info