Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bağladı vəfaya gön kəmərini,

Işıqlı qəlbindən ataraq kini

Atlandı, yüyəni aldı tez ələ,

İskəndər əlini öpmək qəsdilə.

Xəzinə götürdü o şəhriyara,

Çatınca tapşırdı xəzinədara.

Dərgaha gəlincə öpdü torpağı,

Kinini yenərək olmadı yağı.

Dünyanı zəfərlə ölçən İskəndər

Gördü mərdlikdə yox ona bərabər.

Nəvaziş göstərdi o qəhrəmana,

Taxtının yanında yer verdi ona.

Sordu əhvalını şəfqətli səslə,

Qəlbini qızdırdı qızğın nəfəslə.

Əmr etdi xəznədar şəxsə İskəndər;

Versin Dəvaliyə xəzinə, gövhər.

Gətirsin adına layiq bir xələt,

Sırğa və həmayil, cəvahir, zinət.

Həm qılınc, həm qədəh, cavahir, ipək,

Verilsin padşaha layiq bir bəzək.

Hər nə əmr etmişdi uca şəhriyar

Yerinə yetirdi o xəzinədar.

Ucaldı Dəvali, qəlbi oldu şən,

Geyindi İskəndər ipəklərindən.

Tovq asdı, tac qoydu, cavahirnişan,

Sayıldı başını dik tutanlardan.

Təşəkkür dilini açaraq ona:

"Padşahım, yaradan yar olsun sana!"

Qüruru yenərək, kiçildi deyə,

Kiçilmiş başını qaldırdı göyə.

O gündən xidmətə sıxdı kəməri,

Padşaha xidmətdən durmadı geri.

O, şahpərəstlikdə elə ad aldı,

Şaha xas olanlar geridə qaldı.

O yerlər göründü şaha bağ kimi,

Gözünü parlatdı bir çıraq kimi.

O gözəl torpaqda enib dincəldi,

Sevincin, istəyin barını dərdi.

Ən qoca bir dehqan vermişdir xəbər:

Tiflisi ilk abad etmiş İskəndər.

O cənnət bəzəkli gözəl torpağı

Yaxşılıq toxmuyla etdi gül bağı.

O yerdə İskəndər belə əmr etdi,

Rumun ayiniylə hər bir iş getdi.

Keçdi o torpağı seyr edə-edə,

Ov üçün at sürdü çöldə, dərədə.

On beş gün dağlarda, çöldə yürüdü,

Həm şikar edirdi, həm yol ölçürdü.

Ovla gəzişərkən gözəl ölkəni,

Can atdı görməyə şah Nüşabəni.

Eşitdi qadının vardır şövkəti,

Dəyərli ölkəsi, malı, dövləti.

Gördüyü çəməndən, sudan şənləndi,

Gəldi bir çəmənə, atından endi.

 

 

 

İSKƏNDƏRIN BƏRDƏYƏ GƏLMƏSİ

VƏ NÜŞABƏ İLƏ GÖRÜŞMƏSI

 

Canpərvər şərabı dur gətir, saqi,

O susuzlar üçün çeşmədir, saqi!

Yanıram, təşnəlik salmış bir dərdə,

Mənə ver, şərabə oldum aludə.

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

Iyulda dağlara lalələr səpər,

Qışını baharın nəsimi öpər.

O yaşıl meşəsi cənnətə bənzər,

Şən ətəklərinə bağlamış kövsər.

Söyüdlük çöllərə vermişdir zinət,

Ağ bağı elə bil həqiqi cənnət.

Qırqovul yuvası hər sərv ağacı,

Oxuyur kəkliyi, ötür turacı.

Səssizlik içində dincəlir gülşən,

Torpağı silinmiş qayğı, kədərdən.

Reyhanı yaşıldır illər uzunu,

Hər çeşid naz, nemət bürümüş onu.

Yem üçün gələr quş bu gözəl yurda,

Istəsən "quş südü" taparsan burda.

Torpağı yoğrulmuş qızıl suyundan,

Elə bil hər yanda bitmiş zəfəran.

O yaşıl yerləri dolaşıb gəzsən,

Şənlikdən başqa bir xəyal görməzsən.

Indi o dərgahın taxtı alçalmış,

Ipəyi, qumaşı küləklər çalmış.

Təzə nar gülləri tökülüb solmuş;

O narlar, nərgizlər dönüb toz olmuş.

Indisə yerində bu gözəl yurdun,

Bar sel yumuş dərə, qurumuş odun.

Yenə də bol olan o göyərtilər,

Ədalət toxmundan göyərsə əgər,

Yenidən gözəlcə bəslənsə diyar,

Get-gedə yaşıllıq, gözəllik artar.

Padşahın əlinə keçərsə fürsət,

O taxta yenidən verərdi zinət.

Hərum adlanırdı bu yurd hər yerdə,

Indisə adına deyirlər Bərdə.

Bu mərdlər, gözəllər yurdunda, inan,

Çox saysız xəzinə gizləmiş zaman.

Belə şux, sevimli gülşən harda var?

Harda var xəzinə saçan bu diyar?

Belə nəql edir söz xəzinədarı,

Köhnə xəzinənin adlı saları:

Hakim qadın varmış, adı Nüşabə,

Uymuş il uzunu keyfə, şərabə.

Erkəksiz yaşayan bu dişi ceyran

Gözəldi, göyçəkdi erkək tovuzdan.

Xoşsöhbət, ürəyi saf, mətanətli,

Bir pəri əndamlı, xoş təbiətli.

Önündə minlərcə gözəl qız varmış,

Xidmətə ay kimi kəmər bağlarmış.

Bunlardan başqa, var igid, qəhrəman

Otuz min qulamı - qılınc oynadan.

Dərgaha yaxın da olsa, yenə də

Evinə girməzdi erkək bir bəndə.

Qadınla aşardı onun hər işi,

Tapşırıq almamış ondan bir kişi.

Sarayda iş bilən qadınları var,

Yalnız kətxudasız iş görər onlar.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info