Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Qulları bir yurdda salmışdı məskən,

Yaxın bir obanı etmişdi vətən.

Qəhrindən, kinindən onun qorxaraq

Şəhrinə bir kişi basmamış ayaq.

Biyara getməyə versəydi fərman

Yolunda kişilər keçirdi candan.

İskəndər səhraya çəkincə ordu

Çadırlar başını əflakə vurdu.

Gördü bir şənliklə yoğrulmuş cənnət,

Etdi əkinlərə, çaylara heyrət.

Sordu: "Bu şən ölkə kimindir, kimin?

Kim burda padşahlıq edir, söyləyin".

Dedilər: "Gördüyün bu var, bu yatır,

Bu gözəl torpaqlar bir qadınındır.

Qadındır, erkəkdən ürəkli, qoçaq,

Dəniz incisindən təmiz və parlaq.

Tayı yox şüurda, adda və sanda,

Rəiyyət becərir çətin zamanda.

Mərdliklə belinə bağlamış kəmər,

"Kəyan nəslindənəm" deyə fəxr edər.

Külahsız qadındır, ancaq tacı var,

Bir əskər üzünü görməz bu sərdar.

Hesabsız qəhrəman qulamları var,

Önündə üzünü görməmiş onlar.

Köksü gül. ağ bilək qız, gəlin ancaq

Hər işdə onunla edər ittifaq.

Boyları ox kimi, döş nara bənzər,

Sanki hər məmədən süd əmmiş şəkər.

Ən incə ipəklər, ən parlaq tüllər

O lətif əndamdan utanıb titrər.

Firiştə onlara baxmaz cürətlə,

Baxsa göydən enər bir fəlakətlə.

Bağın eyvanında parıldar tək-tək

Gündüz şən bir günəş, gecə çıraqtək.

O ağ bənizlərə etsən tamaşa

Az qalır şəfəqdən gözlər qamaşa.

Şaqraq səslərini eşitsə hər kəs

Can qurban etməyə göstərər həvəs.

Qulaqda, boyunda incilər gülür,

Dodaqlar yaqutdur, dişlər isə dürr.

Bilmirəm nə füsun oxumuş bunlar

Ki, şəhvət toruna olmamış şikar?

Bu mavi səmanın altında ancaq

Işləri şərabdır, çalıb çağırmaq.

Nəsilcə uca, pak hökmüdar qadın

Onları qoymazdı şəhvətə yaxın.

Sənəmxanası var saraylar qədər,

Azad girib gəzər orda afətlər.

Pərdə arxasında keçirir həyat,

Doğma ölkəsinə verir qol-qanad.

Möhtəşəm şahanə bir sarayı var,

Bir büsat açmış ki, şahlara yarar.

Büllurdan taxtı var, göyə vurur baş,

Üstünə xalvarla tökmüşdür qaş-daş.

O büllur taxtı bir qəndildən parlaq,

Gecələr aydan da işıqlı çıraq.

Oturur o büllur taxta hər səhər,

Uca tanrısını hər gün yad edər.

Gəlintək taxtında əyləşir yalnız,

Xidmətçin ayaqda durur gəlin, qız.

Mavi çərx altında sazla, qədəhlə

Dünyanı keçirir daşğın fərəhlə.

Tanrıya səcdədən durmazlar geri,

Yox yemək, içməkdən başqa işləri.

Şahanə sarayla, böyük dövlətlə

Riyazət çəkərdi bir ibadətlə.

O qədər dindardır bu nazlı dilbər,

Əz cənnət köşkündə yatmaz gecələr.

Başqa bir köşkü var mərmər daşından,

Ay kimi hər gecə süzülür pünhan.

Köşkündə o günəş, o nazlı qönçə

Başlar ibadətə şəfəq söküncə.

Bir sona suya baş vurduğu qədər

Yasdığa baş qoyub yatar o dilbər.

O pəri əndamlı qızlarla yenə

Mey ilə, çalğıyla başlar keyfinə.

Gecəni, gündüzü keçirir belə,

Gündüzü belədir, gecəsi elə.

Nə gündüz əl çəkir can bəsləməkdən,

Nə gecə tanrıya səcdə etməkdən.

Vardır qapısında çox xidmətçilər,

Özünün, işinin qeydini çəkər".

İskəndər bu işdən şənləndi, ancaq

O naxşı görməyə göstərdi maraq.

Yaşıllıq içində gördü bu dünya,

Gövhərdən qiymətli olan kimiya.

O yerdə başladı istirahətə,

Bir neçə gün daldı eyşə, işrətə.

Hökmüdar qadına verdilər xəbər.

Mübarək fal ilə gəlmiş İskəndər.

Pərəstiş etməyə gördü hazırlıq,

Göndərdi padşahın adına layiq

Hər çeşid yararlı, ləziz yeməklər,

Ürəkdən xidmətə bağladı kəmər.

Ayırdı mətbəxə, miniyə yarar

Gözəlcə bəslənmiş canlı heyvanlar.

Müşk, ənbər qoxuyan dadlı yeməklər,

Əlini yumağa müşk ilə ənbər.

Hər çeşid yeməli, dadlı meyvə var,

Müşk ilə şəkərdən bir neçə xalvar.

Mey, noğul, bostanın bəzəyi reyhan

Neçə gün daşındı şaha durmadan.

Həm də mehtərlərə ayrı olaraq

Hər gün göndərirdi müəyyən ərzaq.

O qədər mərdlik üz verdi qadından

Tə"rifi dillərdə oldu bir dastan.

Padşahın könlündə açdı bahartək

Onunla görüşmək arzusu çiçək.

Qadını öyrətmək istədi o şah,

Olsun bu ölkənin sirrindən agah.

Bilsin sərhəddini bu məmləkətin,

Varmıdır əsli bu sözün, söhbətin?

Şəbdizə vurunca gündüz qızıl nal,

O dünya günəşi atlandı dərhal[184].

Hazırlıq görüncə ucaldı göyə,

Yol aldı saraya "Elçiyəm" deyə.

Elə ki, saraya çox yaxın gəldi,

Yolun zəhmətindən bir az dincəldi.

Göylərə baş vuran bir saray gördü,

Onu yerlər öpür, göylər öpürdü.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info