Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Rumun, Misrin, Çinin qumaşlarından

Dəyərli zinətlər yığdı hökmüran.

Şahlara yaraşan dəyərli paltar

Vücudu təzələr, ürəyi oxşar.

Zər ilə işlənmiş qumaşlar, xəzlər

Geyənə istilik, məhəbbət verər.

Çox boyun bağları - xalis gövhərdən,

Bundan başqa hədsiz zərdən, zivərdən,

Möhrü açılmamış müşk ilə ənbər,

Ən incə dəridən nəfis geyimlər, -

Şahın mişkusuna göndərdi dərhal,

Matəm paltarları dönüb oldu al.

Firuzəni mərcani rənginə saldı,

Matəm lacivərdi qızıl rəng aldı.

Vurdu qara daşa qızıldan zivər,

Məhəkdə qızılı sınamaq istər.

Dara şəbistanı matəmi atdı.

Bənövşə yerinə al gül yaratdı.

O bağa nəşəli yaraşıq verdi,

Sevimli çöhrəyə bir işıq verdi.

Üç, dörd gün səbr ilə oldu çox dəmsaz,

O bahar qönçəsi açılsın bir az.

Gəlinlər bəzəyə alışıb dursun.

Başına ən incə bəzəklər vursun.

Sevgini ürəkdən alsın dimağa.

Üzünü çevirsin işıq - çırağa.

Bildi ki, matəmdən qalmamışdır iz,

Yengini matəmdən elədi təmiz.

Ağıllı vəzirə dedi: "Durma, get,

Addımı, dilini, bacar, geniş et!

Mişkuya gedərək məndən ver xəbər,

Gəlmiş bir iş üçün bura İskəndər.

O Dara nəsəbli, ayüzlünü mən

Görməklə şadlanım, qəlbim olsun şən.

Şux şəbistanına çəkərəm hasar.

Əmrimlə ucalar kənizlər, qızlar.

Qızıldan şahanə bir təxti-rəvan,

Bəzəyi firuzə, inci və mərcan,

Götür o nazənin müşkin dilbərə.

Göy xuraman olub ensin yerlərə.

Yel qanadlı atlar, zərnişan yəhər

Apar, minsin onu qəlbən sevənlər".

Bilici vəzirə şaH verdi tədbir,

O əmri yerinə yetirdi vəzir.

Daranın xüsusi evinə getdi,

Evdə olanlarla xoş rəftar etdi.

Dara sarayına getdiyi zaman

Sanki bulaq axır cənnət bağından.

Huriylə dopdolu bir cənnət gördü,

Aldandı, aldadan yüz afət gördü.

Alma üzlü qızla oynayar, gülər.

Sanki alma ilə oynar bir nəfər.

Padşahdan öncə bir salam söylədi.

Yaşınan kəslərə pəyam söylədi:

"Şahanə müşkuya şahdan nur axsın.

Ortadan ikilik büsbütün qalxsın.

Bir xəta işlədi azğın zamana,

Uzatdı əlini bu xanimana.

Ortada böyük bir itki var, bəlli,

Bu işdə olmamış padşahın əli.

Nəhayət, məndə bir belə arzu var

Ki, ümidsiz ondan olsun ümidvar.

Bu evdə xoşbəxtlik quracaqdır şah,

Öz böyüklüyündə duracaqdır şah.

Daranın fərmanı öz zəkasilə,

Gəlibdir qohumluq təmənnasilə.

Şövkətli padşahın istəyi budur:

Ismət pərdəsində parlayan o nur

Olsun şəhriyarın işıq ülkəri,

Tacının Rövşənək olsun gövhəri.

Gözləri nurlansın bu işıq üzdən,

Köşkünü bu güldən etsin bir gülşən.

Bu işə Darayla bağlamış peyman,

Ay üçün göndərmiş bir təxti-rəvan.

Yalnız bu məqsədlə uca tacidar

At çapmış, bu yerdə tutmuşdur qərar.

Bir qıfıl vurmuş hər söyləyən dilə,

Şah özü gəlmişdir bu məqsəd ilə.

Mindirin taxta o pəri peykəri,

Işi tez bitirin, durmayın geri!"

Elçiyə tərcüman belə söylədi:

"Şahın kölgəsində yaşa əbədi!

Bu evə uca şah nəslindən yarar,

Yel ilə gələni yel də sovurar.

Qızıldan yazılsın gərək bu sözlər:

"Çarvadar əkəni dəvəçi biçər"[172].

Taxtının guşəsi bir tacdır bizə,

Taxtının ayağı meracdır bizə.

Kəniztək alsa da, alsın, biz nəyik,

Qadın edəcəksə, etsin, bəndəyik.

Əmrindən boynunu qaçıran kimdir?

Hər əmri bir qızıl açar kimidir.

Bu işi edərsə uca tacidar,

Rövşənək başını göyə ucaldar.

Padşaha varmağa qəlbimizdir şən,

Dünyaya gəlmişik şahlar nəslindən.

Hər zaman istəsə böyük şəhriyar,

Birləşmək istəyi tutunca qərar,

Ayini yerinə yetirib daha,

Şadlıqla gələrik uca dərgaha".

Saraya döndü bu xəbərlə vəzir,

Qərarı padşaha anlatdı bir-bir.

Şahın sevincindən parladı üzü,

Insanı ovlarmış insanın sözü.

Hər cavab qulaqda qoparsa qubar,

Dinləyən ürəkdə kədər doğurar.

Taleyi ona yar olan zamanda,

Baxışlar vüsala dolan zamanda

Atalar rəsmiylə uca tacidar

Eylədi özünə Rövşənəyi yar.

Kəyan rəsminə də riayət etdi,

Ürəkdən çox hörmət, məhəbbət etdi,

Şənlənsin deyə bu ömrünün bağı

Kəbinə yazıldı Iran torpağı.

Əmr etdi: çirmənsin iş bacaranlar.

Bəzənsin, düzənsin hər küçə, bazar

Rum ilə Xarəzmin ipəkləriylə,

Ölkələr bəzənsin bəzəkləriylə.

Padşahın istəyi kimi Isfahan

Ipəklə, gövhərlə bəzəndi əlvan.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info