Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Xalq onu səbirli görüb oldu şən,

Əmrinə baş əydi hamı yer-yerdən.

Cəmşidin rəsmiylə böyük İskəndər

Taxtının başına keçdi bir səhər.

Daima göründü xalqa mehriban.

Böyüklər rəsmini tutdu hər zaman.

Məktublar göndərdi hər bir diyara,

Hər hüdud bəyinə, hər bir sərdara.

Ədliylə o bütün qəlbə girmişdi,

Basqından hər kəsə aman vermişdi.

Dünyanı özünə etmişdi o, ram,

Ram etmək yolunda tutmadı aram.

 

 

 

İSKƏNDƏRİN DARANIN QIZI

RÖVŞƏNƏYİ RUMA GÖNDƏRMƏSİ

 

O yaqut qədəhi, saqi, birbaşa

Mənə ver, ayağım toxunmuş daşa.

Bir çarə arayım, daşlıqdır hər yan,

Yaquttək özümü qoruyum daşdan.

Fələk dəvəsini sür ətlə sürür,

Ondandır ki, gündə bir oyun doğur[176].

Peşəsi sülhdür, döyüşdür hər an,

Keçirir gündə bir rəng xəyalından.

Keçmişi bir kərə alsan nəzərə,

Görərsən bənzəmir bu günkülərə.

Tanrının verdiyi pərvərişlərlə

Hər gözəl girmişdir başqa bir şəklə.

Sanma biz yatarsaq yatar ruzigar,

Bu ev heç bir zaman olmaz tarümar.

Çoxları köçmüşdür köhnə dünyadan,

Bu dünya yenə də hamandır, haman.

Dəyərli kişilər keçib getdilər,

Dostlar da onları təqib etdilər.

Yoluna azuqə hazır et bir az,

Dost olan dostundan geridə qalmaz.

Nə qədər yolu pis getsə də, bişəkk,

Axura düz gedir hər çolaq eşşək.

Nəql edir köhnədən tarix yazanlar:

Olmamış şahların taxtı zülmkar.

İskəndər dünyanı tutduğu zaman

Şəxsi istəyinə uymadı bir an.

Çalışdı dünyanı islah etməyə,

Onunçun yetmişdi bu böyüklüyə.

Şahlıqda bir örnək al İskəndəri,

Sən də gör İskəndər görən işləri.

Bu dünya mülküylə oldu bəxtiyar,

Onun istəyinə uydu ruzigar.

Həbəş və Xorasan, Qurdan da Çinə,

Qol gücü görmədən keçdi əmrinə.

Elçilər, qasidlər getdi hər yana,

Sikkələr vuruldu onun adına.

Bir aslan ürəyi çarparkən onda,

Dünyanı tutmuşdu qılınc altında.

Irana inana bilmədi sərdar,

Rumlu öz yurdunda salamat yaşar.

Bir gecə uyaraq göylər baxtına,

Doğru bir məsləhət verdi taxtına.

Vəziri çağırdı, ona söz açdı,

Bu gizli fikrini ortaya saçdı:

"Madam ki, əlimə keçmişdir Iran,

Bu yerdə bağlanıb qalmaqdır ziyan.

Daima dolanır bu yeddi fələk,

Dünya seyrinə var məndə də istək.

Görüm bu dünyada yeni nələr var,

Varmıdır məndən də güclü tacidar?

Işıqlı fikrimcə budur məsləhət:

Dünyanı gəzməyə çıxarkən, əlbət,

Xəzinə, dövləti Ruma göndərmək,

Oraya etimad bağlamaq gərək.

Hər işdə lazımdır ayıqlıq, diqqət,

Hər kuzə çeşmədən çıxmaz səlamət.

Taxtımın başını tutar bir düşmən,

Taxtımdan, tacımdan ayrılmaram mən.

Dünyanın çəkilməz bəlaları var,

Bu yolun qorxusu, cəfaları var.

Ruma dön, orada məskən elə, qal,

Mənim də fikrimə uyğundur bu hal.

Fitnədən o mülkü qoruyursan sən,

Çünki ay nayibdir işıq günəşdən.

Rövşənək xatunu götür bərabər,

Onunla ölkənin işi düzələr.

Bir fikir doğunca günəş ağıla,

Hər yaxşı-yamana bir ölçü saxla.

Nayibsən, işi gör, dinlə ədl ilə,

Məni yaxşılıqla gətir sən dilə.

Onunçun bəyəndim səni hər kəsdən.

Böyüklük gözüylə sənə baxdım mən".

Sözə başlayaraq hünərli vəzir,

O buyruq verənə göstərdi tədbir:

"Padşaha layiqdir hər buyruq, fərman,

Əmriylə iş görür hər iş bacaran.

Getdikcə şövkətin kəmalə dolsun,

Qərəzlə istəyin qol-boyun olsun,

O uca rəyiniz göstərdi tədbir,

Qarşını görməkdən ziyanmı gəlirə

Şahın göstərdiyi uğurlu işə

Mən boyun qoyaram, düşmə təşvişə.

Işində, gücündə, ancaq, hər zaman

Ayıq olmalıdır uca hökmüran.

Bu mübarək səfər çatınca sona,

Dönüncə yenə öz doğma yurduna,

Ağır iş deyildir böyük sərvərə

Dünyanı tapşırmaq iş bilənlərə.

Dövləti saxlamaz yalnız bir nəfər,

Dünyanı özünə bağlamaz bir ər.

Dünyada var saysız ölkə və dövlət.

Bu dövran hər kəsə ayırmış qismət.

Ram etsən özünə tanrı verəni,

Qismətin ondadır, o tutar səni.

Hər padşah əmrinə boyun əyincə,

Hər ölkə, hər tərəf sənindir məncə.

Olsa düşman evi sənin torpağın.

Cilovu başına buraxma, saqın.

Başqalar mülkündə durmaq nə yarar,

Vurma ayağına onunla cidar.

Yad mülkü nə əldə saxlamaq olur.

Nə də varına bel bağlamaq olur.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info