Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bu kənddə ev tikib düzəldər abad.

Sən də bu yükünü boynundan atsan

Qorxmazsan hər alçaq boyun vurandan.

Ancaq öz varınla ol coşğun ümman,

Götür öz faydanı öz varlığından.

Özünə ölüncə özün ol qonaq,

Ağac ol, özündən doğur qol-budaq.

Yedi özgə malın barama qurdu,

Nazildi barmaqtək, yediyin qusdu.

Ən qoca bir möbid rəvayət edir,

Ağıllı kəslərə hekayət edir:

Rum şahı gedirdi böyük şövkətlə,

Qılıncla, qoşunla, varla, dövlətlə.

Hər yerə yayıldı bu qızğın xəbər:

Rum elindən gəlir qorxunc bir əjdər.

Daranın məhvinə hazırlanaraq

Hər çeşid silahla qaldırmış bayraq.

Bu xəbər bayramtək sardı hər yanı,

Çünki yaxmış idi Dara dünyanı.

Bir sözlə, məmləkət, əhali, ölkə

Zalimin əlindən gəlmişdi təngə.

Daraya hər ölkə bəslərdi nifrət,

İskəndərə isə məhəbbət, hörmət.

Bu işdən Daraya verdilər xəbər,

Dənizdən dalğatək keçdi İskəndər.

Sınaqlı kəsləri çağırdı Dara,

Ağıllı başlardan istədi çara.

Nə sayaq girişsin düşmənlə hərbə,

Düşmənə nə sayaq çalsın qələbə?

Nə tədbir göstərir qoca rəhbərlər?

Döyüşdə basılsın rumlu İskəndər.

Görmüşdür enərkən düşmən ordunu,

Döyüşün taleyi qorxutdu onu.

Dərdinə bir çarə demədi bir kəs,

Kimsədən çıxmadı bu barədə səs.

O məclis bilirdi: Dara sərkəşdir,

Yaxmaqda amansız, qızğın atəşdir.

Kimsənin sözünü tutmaz, dinləməz,

Onunçun durmuşdur dinməz-söyləməz.

Məclisdə vardı bir adlı pəhləvan,

Həsəbi, nəsəbi, Zəngə-Şaviran,

Adı Fəribərzdi, gövdəsi bir dağ,

Vücudu poladdı, qolu bir çomaq.

Məclisə çağrılmış bu igid kişi

Gözəlcə bilirdi bütün keçmişi.

Daranın taxtına etdi çox səna:

"Uğurlu məclisin yar olsun sana,

Dünyada hər zaman anılsın adın,

Fələk dövr etdikcə gülsün muradın.

Keçmişdə eşitdim ulu babamdan,

Nəsihət yolunda etmişdi bəyan.

Keyxosrov dünyadan edərkən səfər

Cavahir camından vermişdi xəbər[129].

Yaxın bir zamanda dövlətin taxtı

Alçalar və sönər ulduzu, baxtı,

Rum elindən çıxar müdhiş bir sərkəş,

Hər atəşgədəyə vurar bir atəş.

Bu Iran büsbütün mal olar ona,

Qürurla oturar Kəyan taxtına.

Durmaz bir ölkədə, cahan fəth edər,

Bir zaman özü də məhv olub gedər.

Həmən şəxs olmasın rumlu İskəndər?

Bu düşmən olursa, ondan et həzər.

Adını buza yaz, bizim torpağa

Qoyma bu düşməni ayaq basmağa.

Ondan bu ölkəmiz görməsin ziyan,

Xəzinə yolunda yoxsul verər can.

Bir hiylə qurmalı, itaət etsin,

Yalnız Rum mülkünə qənaət etsin.

Xoş hiylə acıqdan xoşdur hər zaman,

Su səpmək yaxşıdır atəş yaxmaqdan.

Hər zaman qolunun gücünü yoxla,

Tərəzi gözünü bərabər saxla.

Elə iş görmə ki, doğsun sənə kin,

Dəmirə tez təsir etsin sükahin[130].

Aslanlıq heybəti getsə aslandan

Başını bir qatır əzər o zaman.

Dünyanı namusla olur saxlamaq,

Onunla ucalır dövlət və bayraq.

Baş qoşma onunla, iş keçər, gedər,

Dara rütbəsilə böyüklük edər.

Qızıl öz vəznini versə arpaya

Qızıl qiymətiylə çıxar ortaya[131].

Çox zaman yırtıcı qızğın bir aslan

Torpağa sərilir incə tikandan.

Əqrəblə bağlasan düşmən kimi kin,

Baxma çox ucadan, olma çox əmin.

Neştərli çibindən gəl qorun sən də,

Nəmruda əmr etdi: "Mənə ol bəndə!"

O şəxsə ram olmuş dünya əzəldən,

Döyüşdə mərdliyi verməmiş əldən.

Tox ilə ac kabab yesə bir yerdə,

Tox adam kababdan düşəcək dərdə[132].

Hətta öz qadının, övladın olsa,

Parçalar, ortaqlı paltarın varsa.

Oğlunun boyuna gəlsə paltarın.

Məhəbbət gözləmə, gedəcək varın.

Olduqca boy atsa yeni bir fidan,

Sərv ondan, şübhəsiz, görəcək ziyan.

Yaramaz böyüklər sözündən qaçmaq,

Ağıllı sözlərə çevirmə yarpaq!

Dünyanı təcrübə etdikcə bir-bir.

Söylənən bu sözlər bilərsən nədir!

Nəsihət eşitsə çarə arayan

Dərdinə bir açar tapar hər zaman".

Daranın ağıllı pirin sözündən

Heyrətli şimşəklər çaxdı gözündən.

Ancaq söndürmədi o, qızğın kini,

Çox alçaq göründü sülhün ayini.

Qocanın sözündən sarsıldı bir an,

Torpaqda qıvrıldı sanki bir ilan.

Qaşları çatıldı, heyrətə gəldi,

Qəlbində kin coşdu, gözü bərəldi.

Aslan kimi baxdı qocaya birbaş,

Qorxudan vəznini itirərdi daş:

"Kövrək bir dəmirçi gördün məndə sən?

Ondakı poladı bəyəndin nədən?

Qüvvətli söz açma hey nədir bu Rum!

Odlu dağ yolunu bağlamaz bu mum.

Şahinlər güllənsə, kəkliklər coşsa,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info