Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bu dərin yaraya bilsəydim çara,

Edərdim, sağalsın deyə bu yara.

Nəyə lazım bu taxt, bu tac, bu şöhrət,

Darasız qaldı bu möhtəşəm dövlət.

Mən bu taxta, taca ağlayaram qan,

Ayırmış Daranı təxtü tacından.

Yox olsun dünyadan elə gülüstan,

Bağbanı xəstədir. acı tikandan.

Daranı öldürən dünyaya nifrət,

Gündüzkən öldürür, verməyir fürsət.

Bir çarə etməyə imkan yox məndə,

Bu gənc sərvə gərək ağlayam mən də.

Anlat ki, istəyin, tədbirin nədir?

Qorxunuz kimdəndir, ümid kimdədir?

Söylə ki, hər sözün mənə bir fərman.

Itaət etməyə bağlaram peyman".

Dara hiss edincə bu dost nəfəsi,

Açdı gözlərini, şahanə səsi

Şəfqətlə ucaldı: "Ey uca baxtım,

Tək sənə yaraşır bu tacım, taxtım.

Sorma bir ölüyə mən indi nəyəm?

Xəzanə tutulmuş ölgün çiçəyəm!

Hər kəsin şərbəti buzla duruldu,

Mənim şərbətimsə yalnız buz oldu.

Varlığım qərq olmuş qan dənizinə,

Içərim susuzdan alışır yenə.

Buluddan şığıyan bir şimşəyəm mən,

Dodağım qurudur, sudadır bədən.

Bu kuzə yanından sınıqsa bir az,

Mumla, yapışqanla sağaltmaq olmaz.

Bu dünya eyləyir qarət hər yeri,

Birisi gətirir, alır o biri.

Nə bu gün yaşayan bu gün əmindir

Nə köçüb qurtulan, heyhat, çətindir!

Gör mənim günümü, haqqa doğru qal,

Qorx belə bir gündən, məndən ibrət al!

Sözlərimi anıb dinləsən məni,

Mənim kimi etməz bu fələk səni.

Bəhməndən mən igid deyiləm daha,

Bir aman vermədi ona əjdaha.

Ya da igidəmmi Isfəndiyardan?

Dünya zərbəsindən qurtarmadı can.

Nəslimə əzəldən ölümdür qismət.

Öldürən bu əmrə verir şəhadət[152].

Olsun yeni taxtın qoy səninçin xoş,

Mənimsə balıncım qalacaqdır boş.

Mənimçin ağlamaq lazım gəlirkən

Sorursan qəlbimin istəyini sən.

Könlümdə sevimli üç istəyim var:

Üçü də şahanə bəxtinə yarar:

Birinci - günahsız ölümə görə

Rəftar etməlisən ədalət üzrə.

Ikinci - sən Kəyan taxtını alsan

Ona heç bir zaman yetirmə ziyan.

Bu kinin toxmunu Iranda əkmə,

Kəyanın nəslinə xatimə çəkmə!

Üçüncü - toxunma hərəmxanəmə,

Saxla hörmətini, təhqir eyləmə!

Rövşənək qızımdır, olduqca göyçək,

Əlimdə bəslənmiş bu gözəl mələk.

Öz süfrə yoldaşın etməklə ucalt,

Süfrəyə incilər verir şən həyat,

Könlünü çevirmə Rövşənəyimdən,

Təbii, işıqla günəş olur şən"[153].

İskəndər söz verdi, Dara qaş çatdı,

Söz verən qalxarkən söyləyən yatdı.

Gecənin gözünə qaranlıq axdı,

Bağdadı Kaxsız və Kərxsiz buraxdı[154].

Kəyanın ağacı düşdü meyvədən,

Oldu Isfəndiyar zirehi kəfən.

Dünyadan al günəş qanad çəkincə

Yaqut içdi, şəvə daldı sevincə[155].

Böyük Dara üçün böyük İskəndər

Ağladı axşamdan sabaha qədər.

Özünə ağlardı görürkən onu,

Bilirdi belə bir ölümdür sonu.

Əbləh atlı səhər gəlib üfüqdən

Axuru çəməndə yerləşdirirkən[156]

İskəndər əmr etdi: Daranı artıq,

Daxmaya qoymaqçın olsun hazırlıq!

Günbədi daş qala, taxtı qızıldan

Qayrıldı ona bir müəyyən məkan.

Türbəsi bitincə bitdi hər zəhmət,

Dara zəhmətindən oldular rahət.

Bədən qəfəsində nə qədər can var,

Elə bir igidə hörmət var, şan var,

Bədəndən çıxınca dəyərli cövhər,

Ona öz qadını arxa çevirər.

Qorxunc bir küləkdən sönərsə çıraq,

Nə fərqi, köşk olsun yeri, ya torpaq.

Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

Şor sudan torpağa düşərsə balıq,

Ölüncə qarınca yemidir artıq.

Dünya keçidinin qaydası budur,

Gəldinsə dayanma, köçmək doğrudur.

Birini ucaldar, atar ortaya,

Birinə "məclisdən qalx" deyər dünya.

Göy günbəz altında gəl qurma büsat,

Kəhrəba qələdə yaramaz nişat![157]

Üzünü kəhrəba kimi saraldar,

Əlbəsən lacivərd bir rəngə çalar[158].

Aslanlar şəhrinə düşən bir ceyran

Qorxunc bir ölümü gözlər hər zaman.

Köçməyə quş kimi qanad aç göyə,

Şərabla məst olma "şən yerdir" deyə.

Ildırımtək şığı, bu dünyanı yax,

Ancaq bu dünyada durma, ol uzaq!

Pərvanə, səməndər "od" deyə gedər,

Birisi yorğalar, biri iməklər.

Arpanın yerinə çöp yedi eşşək,

Öldü sahibi də eşşək öləntək.

Bir dövlət şahıdır, ya şah dövləti,

Bir zəhmət yoludur və yol zəhməti.

Kim bilir bu köhnə, bu qoca dünya

Nələr gizlətmişdir mağarasında.

Köhnə bir çuvaldır bu qat-qat torpaq,

Xəzinə sevməyir səs-küy qoparmaq.

Hər yeni kisədə qızıl səs verər,

Yeni küp dolduqca xoş nəfəs verər.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info