Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Özümə çəkim bu köhnə dünyanı.

Yuvarlaq bu topu hər heyətşünas

Yerin kürəsiylə eyləmiş qiyas.

Şəhriyar onunçun göndərmiş bunu,

Çövkanla qazanım onun topunu.

Daranın fikrini bilincə salar

Kinini küncüddə etdi aşikar.

Küncüdü dağıtdı evə, eşiyə,

Quşları səslədi, dənləsin deyə.

Darıya daraşdı saray quşları,

Qalmadı bu yerdə bir dənə darı.

Bu cavabda elə qəti məna var,

Küncüdün yağını sıxıb çıxarar.

Küncüddən çox olsa Dara qoşunu,

Mənim də quşlarım dənləyər onu.

Üzərlik doldurdu kiçik çuvala,

Qasidə verincə dedi: "Çıx yola[127].

Dara küncüd qədər çıxarsa ordu,

Mənim də ordumun qədəri, bax, bu!"

Qasid İskəndərdən eşidib bunu,

Yüklədi ulağa ağır yükünü-

Daraya Yunandan gətirdi cavab,

Bu ağır cavaba kim gətirər tab?

Daranın cavabdan qızardı gözü,

Çünki çox güclüydü düşmənin sözü.

Ədavət bağladı hiddətlənərək,

Iranın xalqından istədi kömək:

Çin, Xorəzm, Ğəzneyn, Qur mahallarından,

Yer dəmir kəsildi heyvan nalından.

Bir ordu düzəltdi Qaf dağı qədər,

Hamısı daş, dəmir çeynəyən əjdər.

Bu böyük orduya san verən zaman,

San verən qalmışdı bu işdə heyran.

Döyüşkən ərlər ki, at oynadırdı,

Təxminən doqquz yüz minə çatırdı.

Böyük şəhriyarın böyük ordusu

Bir coşğun dənizdi, yoxdu qorxusu.

Kin ilə Yunana doğru yol açdı,

Keçdiyi yerlərdə bayquş ulaşdı.

Axdı dəniz kimi Ermənistana,

Gülək də çatmadı onun tozuna.

Ölkələr aşırdı Yunana qədər,

Qurular titrədi, coşdu dənizlər.

O dikbaş atların polad nalından

Çöllərdə otlardan qalmadı nişan.

Günəş də düşsəydi şahın ardına

Qalardı gəzdiyi yerlər virana.

 

 

 

DARANIN İSKƏNDƏRLƏ

MÜHARİBƏYƏ QOŞUN ÇIXARMASI

 

Ver, saqi, ruh verən parlaq şərabdan,

Ondan işıqlansın qəlbim hər zaman.

Mən onu içərsəm verər səadət,

O məni yeyərsə doğar fəlakət[128].

Ayıqlıq nə böyük dövlətmiş, bilsən.

Əliboş olmamaq dünya nəqdindən.

Dünyada o şəxsin ucalar başı

Çox sayıq davranır hər işə qarşı,

Şüurla ölçər bu həyat yolunu,

Oğrudan qoruyar öz var-yoxunu.

Bir şey ki, işini edəcək asan

Yükündən götürüb atma heç zaman.

Əskiklik versə də atma kürkünü,

Səni qar, soyuqdan saxlar qış günü.

Gədikdə bir eşşək öldü soyuqdan,

Çulsuz çıxmış idi o tənbəl heyvan.

Keçən padşahları öyrənmiş bir pir

Soruşan kimsəyə belə nəql edir:

Dara ordu çəkdi Ermənistana,

Sanki bir qiyamət çökdü hər yana.

İskəndər bu işdən tutmadı xəbər,

Qarşıya çıxarsın qızğın bir məhşər.

Məzlumlar axaraq gəldi hər yandan,

Dedilər: "Coşğun sel qoparır tufan".

Daranın ordusu edərkən səfər

Polad geyimlərdən qaraldı yerlər.

Bir casus söylədi: "Düşmən sərxoşdur,

Durduğu yerlərdə qafil olmuşdur.

İskəndər bir basqın etsə qəflətən

Bir anda çıxarar onu mülkündən".

İskəndər gülərək söylədi cavab:

"Gizlində qalmağı sevməz afitab.

Yararmı döyüşdə böyük İskəndər

Adi quldur kimi qazana zəfər?"

Başqa bir casus da belə dəm vurdu:

"Düşmənin gətirir hədsiz bir ordu.

Qoşun işlərini mükəmməl bilən

Ancaq saya bilər onu təxminən".

Ən qısa bir cavab verdi İskəndər:

"Bir qılınc yüz öküz bağrını dələr.

Acıqlı canavar - o kinli heyvan

Qorxarmı qoyunun çox olmasından?"

Uca şəhriyarın mətin sözləri

Inandırdı buna hər bir əskəri.

Get-gedə böyüdü bu qızğın xəbər,

Ölkəyə yaxındır o qorxunc əjdər.

İskəndər bildi ki, o bir buludtək

Gələcək, qılıncı saçacaq şimşək.

Bütün ölkələrə göndərdi xəbər:

"Durmadan dərgaha yığılsın əskər!"

Rumdan, Əfrəncədən, Misirdən, Rusdan

Bir ordu bəzədi gəlindən rəqsan.

Ordu toplanınca uca İskəndər

Əmr etdi sayından verilsin xəbər.

Sayçılar məlumat verdi padşaha:

Altı yüz min əskər gəlmiş dərgaha.

Hər yandan yığışıb gəlincə ordu

Çalğısız, içkisiz bir məclis qurdu.

Aqillər yığılıb uca dərgaha

Verdilər diqqətlə qulaq padşaha.

İskəndər söz açdı bütün işlərdən,

Daranın açdığı o döyüşlərdən:

"Şübhə yox,- dedi,- o, adlı tacidar

Bizimlə döyüşə vermişdir qərar.

Hərb üçün, sülh üçün fikriniz nədir?

Düşmən çox yaxındır, göstərin tədbir.

Çıxmasa bu kəskin qılınc qınından.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info