Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Ordunu sazladın qan içsin deyə.

Üstümə gəlirsən basqın etməyə.

Ölkəmə salırsan min fitnə, min kin,

Atamın mülkünü almaqdır fikrin.

Mənə də gərəkdir yığaraq əskər

Belimə bağlayım hərb üçün kəmər,

Ordumla bu dərin dənizdən aşmaq,

Qılıncımla bir qan dənizi açmaq.

Sanma mən sərxoşam, sən ayıq, huşyar,

Mənim də başımda ağlım, huşum var.

Taleyin gününü edibsə parlaq.

Mən də xoşbəxtlikdən deyiləm uzaq.

Sənə iş vermişsə köhnə ruzigar,

O işdə mənim də məharətim var.

Sənə tacın yardır, mənə qılınc yar,

Səndə tac vardırsa, məndə qılınc var!

Güvənmə taxtına sən, ey tacidar!

Hər taxtın önündə bir də tabut var.

Güvənmə ki, dağlar çəkmiş daş hasar,

Elə zənn etmə ki, qırılmaz daşlar.

Döyüş zamanında işlərkən əllər

Dağlardan toz qopar, titrər təməllər.

Bu dünya mülkünün gəlincə sonu

Asanca mənimsər axtaran onu.

Çıxarkən bir sənlik, mənlik ortaya.

Ah, necə doymasın cana bu dünya?![141]

Bilirəm, bax, budur fikrinin canı:

Tutmaz bir tərəzi iki batmanı[142].

Məni öz daşınla gəl çəkmə daha,

Bəhməni bununçun vurdu əjdaha[143].

Cavabda daş, dəniz atsan ortaya,

Dağ kimi daşımı ataram suya[144].

Mən də zirehpuşam, qılınc oynatsan,

Sülhə də razıyam, sülhə əl atsan.

Gövhərdən, qılıncdan, nəyin var, çıxar,

Mənim də bunlarda məharətim var".

Elə ki, məktubu Dara dinlədi,

Dimağı alışdı, kinlə inlədi.

Durmadan topladı qədərsiz əskər,

Daradan qalmadı geri İskəndər.

Ortaya çıxardı güclü bir ordu,

Silahdan onlara yaraşıq vurdu.

Dara anladı ki, qızmış əjdaha

Aslanın izini buraxmaz daha.

Elə bir şövkətlə qalxdı yerindən,

Dağlar da sarsıldı öz təməlindən.

Nəhayət, gəldilər qarşı-qarşıya,

Kinin qapısını açmışdı dünya.

Cəzirə ki, Musil adlı ölkədir,

Səfalı bir yerdir, xoş düşərgədir, -

Bu yerdə toqquşdu iki tacidar,

Dəhşətdən, vəhşətdən titrədi dağlar.

Çarpışan şahlardan əsər axtarsan,

Indi də o yerdə sümük taparsan.

 

 

 

DARANIN İSKƏNDƏRLƏ

MÜHARİBƏSİ

 

Ey saqi, şərabın ağzını dur aç,

Vaxtı boş keçirmə, qədəhə mey saç!

Xüsusi mey ilə xərab et bir an,

Qurtarım canımı bu xərabatdan.

Bu mavi göylər ki, daim seyr edər.

Bu günəş, bu ay ki, dolaşıb gedər.

Bunları sanma bir oyun-oyuncaq,

Sərsəri deyildir bu geniş afaq.

Pərdədə hər telin vəzifəsi var.

Bizə bu hikmətlər deyil aşikar.

Kim bilir ki, sabah nələr olacaq?

Kim sönüb gedəcək, kim sağ qalacaq?

Kimin paltarını atarlar çölə,

Kim qoyar başına tac gülə-gülə.

Yaxşıdan, yamandan xəbər verənlər

Pak, təmiz şahlardan belə nəql edər:

Çin şahı səhərə nəfəs verərkən

Ulduzu günəşə dəyişdi Ədən[145].

Toqquşma yerinə yetişdi ordu,

Qaf kimi düz iki pərgarda durdu.

Yollara töküldü dəmirdən tikan[146],

Şeypurlar coşduqca qopdu həyəcan.

Üz-üzə gəlirdi hər iki ordu,

Nə ürəkdə dinclik, nə gözdə uyğu.

Hər iki tərəfdə ordu qaynaşır,

Qaynaşma ayağa, ələ dolaşır.

Üz-üzə durdular döyüş yerində,

Döyüşə cəsarət yox heç birində.

Hamı düşünürdü bəlkə sülh olsun,

Qılınclar qınında sakit otursun.

Gənclikdən, qürurdan hər iki sərkəş

Birisi su idi, birisi atəş.

Nəhayət, şəfqətdən kin etdi zühur,

Yandı hər ürəkdə kinli bir qürur.

Elə ki, qaynadı kinli bir hiddət,

Ürəkdən büsbütün silindi şəfqət,

Davullar gurlarkən dəhşət verərək,

Təbilin dodağından öpürdü fələk[147].

Sərxoş fillər ilə qızışdı meydan.

Güzgü sınıb düşdü filin alnından.

Şeypurlar qoparır aslan nərəsi,

Dimağı doyurur nayın nəfəsi.

Türk payı qopardı elə bir şivən

Igidlər coşaraq qopdu yerindən.

Zinclərin sədası elə müdhişdi,

Bəzəkli günbədi dəlib keçmişdi.

Meydanı bürüdü qanlı vurhavur,

Döyüşdən igidlər getdikcə coşur.

Sanki bir məhşərdir, yer, göy dağılır,

Israfil şiddətlə surunu çalır.

Göylərin yolunu tutdu toz. torpaq,

Sağlığın yüyəni əllərdən uzaq.

O qədər toz qonmuş tərkə, yəhərə,

Yer göyə dönmüşdü, göy isə yerə[148].

Ciyəri yandırır atəşli səda,

Boğulur kəməndin halqaları da.

Nəfəslər göydə bir buluddur guya,

Qılınc şöləsindən yanırdı dünya.

Qılınc oynadırdı torpaqla, qanla,

Havanın dimağı dolurdu canla.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info