Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Bizə kişi deməz bir nəfər insan.

Tac-taxt alarsam qoca Daradan

Zalım adlanaram bununla da mən.

Qıymaram çıxsın öz mülkündən Dara,

Yamanlıq etmərəm mən Kəyanlara.

Çünki qorxuram bu əməlim bu gün

Düşməni çıxarsın bizlərə üstün.

Bu yolda düzgün bir tədbir göstərin,

Sonunda işimiz olmasın çətin.

Düşünüb söyləyin sağlam bir fikir,

Bu döyüş haqqında fikriniz nədir?

Bilikli, şüurlu, ayıq, hünərvər

Başçılar diqqətlə çox dinlədilər.

Hörmətlə hamısı dil tökdü ona,

Padşaha etdilər çox dua, səna:

"Uğurlar doğsun bu yaşıl ağaca,

Kökləri möhkəmdir, adısa uca.

Taxtınla, tacınla dünya qurulsun,

Qapında düşmənin başı tac olsun.

Doğrudur təmamən şah buyuranlar,

Bir də biz onları edəkmi təkrar?

Əmrindən dönmərik, sözün fərmandır,

Padşahın yolunda canlar qurbandır.

Indi ki, sorursan, ey dana, zəki,

Bizim fikrimizə belə gəlir ki,

Kinli bir ürəyə kin dolan zaman

Keçdiyi yollarda göyərər tikan.

Sən də kin odunu eylə şöləvər,

Kin yaxan bir atəş tikan təmizlər.

O, qoca söyüddür, sən gənc sənubər,

Söyüdlə sənubər olmaz bərabər.

yenidən abad et bu köhnə bağı.

Torpaqdan təmizlə köhnə alağı.

Bu təzə dövlətin al qumaşından

Gəlintək bəzənsin o köhnə cahan.

Şübhəsiz zalımdır amansız düşmən,

Xalq boyun qaçırır onun zülmündən.

Elə bir düşməndən niyə qorxursan,

Evinin içi də özünə düşman.

Zülmün ayininə birdən çək qələm,

Xalqının qəlbindən silinsin ələm.

Düşməndən məmləkət doymuşdur cana,

Atıl üzərinə mərdi-mərdana.

Isti təndir artıq çörək istər, dur,

Atının başına odlu yüyən vur.

Baş qoyarıq hara sən ayaq qoysan,

Bizdə yox əmrindən boyun qaçıran,

Sənin istəyini kim poza bilər?

Əmrindən çıxmağa kimdə var hünər?"

Sözləri bununla bitirdi: "Ancaq

Sən bu qan tökməyə qoyma ilk ayaq.

Kəyanın taxtına göstər sən hörmət,

Öncə qan tökməyə gəl etmə cürət"

Hamının fikrini şah öyrənərək,

Bildi sərkərdələr edəcək kömək.

Doğrular sözünü tutaraq getdi,

Ordu yetirməyə o gün əmr etdi.

Dövr edən günlərdən seçərək bir gün,

Uğurlu taleyi olurkən üstün

Mübarək fal ilə andı səfəri,

Orduya verildi hərəkət əmri.

Kəməri belində kin ilə sıxdı,

Parlayan yüyəni aydan işıqdı.

Qızmış aslan kimi etdi tacidar

Qılıncı dünyanın fəthinə açar.

Neştərli arıydı qaynaşan ordu,

Arı pöhrəsindən artıq idi bu.

Firidun padşahdan yadigar qalan

O uca Dirəfşi tanırdı çoxdan.

O uğurlu bayraq düzələn zaman

Nazlardı dostunu bu qoca dövran.

Bayrağı "Dirəfşi-Gavə"dən yüksək

Çəkdi mahlıcına göy rəngli ipək.

Tam əlli arşındı uca sütunu.

Zinət öz qoynunda bəsləmiş onu.

Ipəyin üstündə müdhiş əjdaha,

Baxanlar qorxudan baxmaz bir daha.

Qıvırcıq qara bir qotaz başında,

Sanki bir buluddur dağın qaşında.

Bir qara qartaldı, qanadı nurdan,

Görürdü onu hər uzaqdan baxan.

Tərpəndi əjdaha heybət əskərlər,

Başında əjdaha peykər İskəndər.

Dünya bu şurişdən dəhşət alaraq,

Nə üçün? - Bir ovuc torpaqçün ancaq!

Hiyləgər dünyaya aldanma, burax,

Qurdu aslanlıqla olur bağlamaq,

Qapaqlı xonça bil köhnə dünyanı,

Gah halva yedirir, gah ciyər qanı.

Yer çuxur, göy isə uca və parlaq,

Biri qan teştidir, o biri torpaq.

Hər teştin üstündə yazılmış çoxdan

Siyavuş qanıtək bir çoxlu dastan.

Bir məhsul verər bu dünyanın bağı,

Al qana batırır bütün torpağı.

Bu teştə kimsənin girməz naləsi,

Köməyə buraxmaz bu yol heç kəsi,

Indi ki, fəryada yetişməz bir kəs,

Kömək istəyənlər çıxarmasın səs.

Səsinə pərdənlə çək mətin hasar,

Sakit bir yaşayış eylə ixtiyar.

 

 

 

DARANIN SƏRKƏRDƏLƏRİ İLƏ

MƏSLƏHƏTİ

 

Dur, tövbə yandıran odu al, saqi,

Başıma o meylə atəş sal, saqi!

Xoşdur bu məclisdə parlasın günəş,

Şam kimi başımda yansın bu atəş.

Aqillər kam alır yaxşılıqlardan,

Tanrı köməyinə sığınır hər an.

Ədalət mülkündən kim üz çevirsə,

Ona aqil deməz ağıllı kimsə.

Insana bu ağıl gözəl qonşudur,

Heyif ki, pislərlə oturur, durur.

Ağılsız kəslərlə oturub duran

Ağıldan, şüurdan deməsin dastan.

Koxanın əlindən olanlar azad



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info