Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Iran tacidarı səhərdən durdu,

Sazladı olduqca mükəmməl ordu.

Öncə sağ qanada bəzəklər saçdı,

Əjdaha qılınclar ağzını açdı.

Sonra da sol qolu nizama saldı,

Cəbhəyə poladdan bir dağ ucaldı.

Bir mərkəz dikəltdi cinahın gözü,

Qapandı günəşin və ayın üzü.

Bu mərkəz poladdan tökülmüş bir dağ,

Sığınan kəslərə dəmir bir sığnaq.

O yanda Rum şahı qurdu ordunu,

Sanki bal arısı şan etdi mumu.

Silah istəyənə payladı silah,

Kömək istəyənə payladı pənah.

Sağ-solu bəzədi qılınc və qalxan.

Necə ki, canlanır çəmən buluddan.

Dağtək möhkəmlətdi önü, arxanı,

Göydə səyyarətək qurdu meydanı.

Elə ki, hər tərəf sazladı ordu,

Igidlər döyüşə çox hazır durdu.

Qılınclar boyunla oynarkən artıq,

Dünyanın gözündən çəkildi işıq.

Çuxurlar qan ilə dolub daşaraq.

Qırmızı kükürdtək qızardı torpağ.

Əyri qılıncların əjdahasından

Əjdaha yuvası olmuşdu meydan.

Oxların nəhəngi yay pusqusundan

Bir yerdə durmayır, şığıyır hər an.

Qıvrım kəmənd olmuş bir ilan yenə,

Ağzını açmışdır tutsun xəzinə.

Coşduqca fillərin sərxoş nərəsi,

Tıxandı ərlərin kəskin nəfəsi.

Qılınclar o qədər boyun üzdülər,

Qalmadı boynunu dik tutan bir ər.

Ata öz oğluna bəslər ədavət,

Oğul da ataya etməz məhəbbət.

Az qaldı bayrağı qərq eyləsin qan,

Nicat çadırını yığdı dünyadan.

Yaylarda o qədər dartıldı oxlar,

Yay çəkən əllərdə kəsildi qabar.

Döyüşdən o qədər qızışdı meydan,

Qığılcım sıçradı at nallarından.

Ordu mərkəzində Daranın qəlbi

Darıldı bir aslan ürəyi kimi.

Kükrəyir, dağıdır sağ və solunu,

Hər yana işlədir Bəhmən qolunu.

Sarsılmaz qolunu atsa hər yana,

Düşür düşmən başı ayaq altına.

Hər cana çatırsa verməyir aman,

Hər başa vurursa qoparır haman.

Rumların qədərsiz töküldü qanı,

Torpağa sərildi min pəhləvanı.

Bu yanda qılıncla igid İskəndər

Qaldırdı dünyada qanlı bir məhşər.

Iki əl qan tökər, çalışır, durmaz,

Hər əldə bir qılınc - kəsərli almaz.

Iki əl qılıncı elə əridir

Düşmən öz canına hayıf deməyir.

Bir qılınc vurunca hər fil başına,

Salardı başını ayaq altına.

Kinini dənizə töksəydi, şəksiz,

Hər yana atəşlər saçardı dəniz.

Ağzından sanki bir aslan od saçır,

Aslan qarşısından madyanlar qaçır.

Daraya dedilər: "Bu qızmış aslan

Çox adlı igidi saldı atından.

Padşahın qəlbinə kin dolsun gərək,

Belə filgövdədən qurtulsun gərək.

Orduya əmr ver, dolaraq kinə

Hər yandan yürüşlə axsın üstünə".

Bu fikri Dara da gördü məsləhət,

Ordular dəniztək etsin hərəkət,

Hamısı sel kimi bir səmtə axsın,

İskəndər üstünə cilov buraxsın.

Daranın əmriylə ordu yer-yerdən

Qaynayıb irəli atıldı birdən.

Cilovlar parladı edərkən həmlə,

Qılınca sarıldı iki əliylə.

İskəndər görüncə elə divanı

Atdı düşmən kimi şərmi, həyanı,

Əmr etdi yerindən tərpənsin dəniz,

Hər kəs öz canını tutmasın əziz.

Düşmənin yolunu tutsun hər yandan,

Keçirsin qılıncdan, verməsin aman.

Qarınca, çibintək qaynadı meydan,

Girdi bir-birinə hər iki cahan.

O qədər ki, qılınc, ox yağdırdı qol,

Qarınca tapmadı keçməyə bir yol.

Gilə arısıtək çəkdilər neştər,

Göylərdə oxları oxa tikdilər.

İskəndərsə haman qorxulu anda

Bir kötüktək möhkəm durdu meydanda.

Bir igid yanaşdı o filpeykərə,

Əl atdı Əhrimən kimi xəncərə,

Dərindən bir yara açdı pəhləvan,

O gənc sərv titrədi müdhiş yaradan.

Zirehi dələrək kaftandan keçdi,

Işə bax, ipəyi polad nə biçdi.

Parlayan günəşin qolu dönmədi,

O qüvvət altında bir an inlədi,

Ağrıdan azacıq dincəldi canı,

Qılıncla torpağa sərdi düşmanı.

Düşmənin gücünü ölçmək istərkən

Bundan təkan yedi qorxusuz düşmən.

Düşündü meydandan çəksin yüyəni,

Nizədən dincəlsin yorğun bədəni.

yenidən bəxt ilə olaraq həmdəm,

Durdu öz yerində möhkəmdən möhkəm.

Bu falda bir zəfər, səadət gördü,

Qolunda düşməndən çox qüvvət gördü.

Bütün qüvvətini alaraq ələ

Döyüşə qalxdı öz həmçəkisilə.

Həmlədən-həmləyə keçirdi ordu,

Su deyil, sanki qan içirdi ordu.

Döyüşdə sınanmış iranlı birdən

Rumların yolunu kəsdi hər yerdən.

Meydanda zəiflik göstərdi rumlar,

Onları edirdi əcəl giriftar.

Yenidən mərdliklə namusa doldu,

Dağ kimi yerindən tərpənməz oldu.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info