Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Dava meydanına yayıldı əsgər,

Daranın canına var idi xətər.

Ordular döyüşə girdiyi zaman

Olduqca genəldi darısqal meydan.

Yanında kimsə yox, yalnızdı Dara,

Onunla etməyir kimsə müdara.

Iki sərxoş sərdar fil kimi coşdu,

Filbədən Daranın üstünə qoşdu, -

Böyründən bir yara vurdular ona,

Laləzar oldu yer, boyandı qana.

Tacidar yıxıldı dərin yaradan,

Sanki bir qiyamət kəsildi cahan.

Bir ağac yıxıldı Kəyan bağından

Yaralı bədəni qanına qəltan.

Dərdə tab gətirməz incə olanlar,

Yel ilə çırağın nə dostluğu var?

O iki qantökən, o iki xain

Qaçdılar yanına tez İskəndərin.

Dedilər: "Atəşə yaxdıq düşmanı,

Taleyin uğrunda töküldü qanı.

Işini bitirdik, vurduq bir yara,

Gözündə cahanı eylədik qara.

Istərsən gözünlə gəl gör bu halı.

Qanıyla boyansın atının nalı.

Hünərlə öldürdük sizin düşməni,

Indi sən yerinə yetir və dəni.

Bizə vəd etmişdin ağır xəzinə,

Doğru qal, vəfa et indi əhdinə".

İskəndər bildi ki, bu iki sərdar

Şah qanı tökməyə olmuş həvəskar.

Verdiyi peymana oldu peşiman

Həyadan bir şölə çıxdı canından.

Adamın yaşıdı ölən zamanda

Həyat ümidindən iz qalmaz onda.

Dedi: "Harda batmış qana tacidar,

Kəyan dövlətini bəzəyən sərdar?"

Hər iki qantökən düşərək önə,

Yol göstərdilər öz azğın zülmünə.

Daranın düşdüyü yerə gəldilər,

Yanında dostlardan yoxdu bir nəfər.

Vücudu bulaşmış torpağa, qana,

O Kəyan külahı düşmüş bir yana.

Olmuş qarıncaya Süleyman əsir,

Tikanlı bir arı bir fili yeyir.

Bəhmənin qoluna sarılmış ilan,

Düşmüş Isfəndiyar tunc çardağından[151] .

Firidun baharı, Cəmin bağçası

Xəzana uğramış, başlanmış yası.

Keyqubad nəslinin vücudunu, bax,

Gör necə dağıdır yel yarpaq-yarpaq.

İskəndər tələsik endi atından,

Daranın önündə durdu pərişan.

Əmr etdi o xain sərkərdələri,

Xaricə meyl edən iki rəhbəri

Möhkəm saxlasınlar, sonra İskəndər

Yerindən tərpəndi üzündə kədər.

Sürətlə yanaşdı xəstəyə sarı,

Kəyan geyimindən açdı bağları.

Başını şahanə dizinə qoydu,

Gecəni işıqlı gündüzə qoydu.

Yuxudan gözünü açdığı zaman

Dedi: "Qalx bu qara qanlı torpaqdan!

Burax ki, solmada qurtuluş bağım.

Qaralmaq üzrədir işıq - çırağım,

Böyrümü, bax, necə yırtmış bu dövran!

Bağrımın altında böyrümdür pünhan.

Pəhləvan, ey başım üstünə gələn!

Qoru öz böyrünü mənim böyrümdən.

Bu böyrüm buludtək sökülsə belə,

Qılıncın acısı getməmiş hələ.

Padşahlar başını burax, qaldırma,

Bu dövran qırmışdır məni, sən qırma!

O hansı əldir ki, uzanır mənə,

Kəyanın tacıyla oynayır yenə.

Əl saxla, qarşında Daradır duran,

Günəşdən aydındır bu, deyil pünhan.

Günəşim saralıb düşüncə dərdə,

Üzümə çəkərsən lacivərd pərdə,

Sərvi başaşağı görmə şərməndə,

Elə bir padişah, belə bir bəndə!

Xəstəyəm, zəhmətdən qıl məni azad,

Haqqın rəhmətiylə məni eylə yad.

Dünyanın taxtında mənəm tacidar,

Yerimdən tərpətsən məni, yer sarsar.

Dadlı bir yuxum var. toxunma. burax,

Odumu göy alsın, suyumu torpaq!

Taxtından çevirmə yatan bir başı,

Inlətmə, bu dünya tökər göz yaşı!

Əcəlim yetişmək üzrədir, dayan!

Məni öz halıma burax bir zaman!

Fikrin tac çalmaqsa mənim başımdan,

Azacıq aman ver, qoy çıxsın bu can!

Bu dünya mülkündən açınca kəmər

Başım da, tacım da getsə, yox zərər".

İskəndər ağladı: "Aman, tacidar,

Nökərin İskəndər mənəm, Şəhriyar!

Istəməzdim görüm torpaqda səni,

Öz qanına qəltan olan bədəni.

Nə etmək, bir işdir olmuş dünyada

Təəssüf verərmi bu işdə fayda?

Başını yenidən qaldırsan əgər,

Kiçiklik edərdi sənə İskəndər.

Heyhat, mən qocaman dənizlər aşdım,

Köksümə qədər al qana bulaşdım.

Təəssüf, azmadım bu yollarda mən,

Atımın dırnağı qopmadı nədən?

Bu ağır günləri görməyəydim mən,

Ah, eşitməyəydim Dara inlərkən.

And olsun hər qəlbi bilən sərrafa.

Daraya ürəkdən istərəm şəfa.

Bir şüşə daş ilə qırılsa naçar,

Çarə qapısına tapılmaz açar.

Əfsus, Isfəndiyar nəslindən sansız

Mülkün yadigarı sən idin yalnız.

Nə olur, mənə də ölüm qoşaydı,

İskəndər və Dara qucaqlaşaydı.

Nə etmək, istəklə gəlməyir əcəl,

Məzara girilməz ölümdən əvvəl.

Padşahın bir tükü gözümdə, inan,

Daha qiymətlidir yüzlərcə tacdan.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info