Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Kimsənin şahlarla tutmaz dostluğu.

Kini cuşa gəlsə, acıqlansa şah,

Rəhm etməz, oğlu da olsa o hərgah.

Padşahın tinəti atəşdir, ancaq

Yanğına yaxşıdır uzaqdan baxmaq.

Padşaha o zaman öyüd bar verər,

Yolunu qürurdan, kindən təmizlər.

Padşaha nəsihət verən bir insan,

Toxumu şor yerdə səpmiş o nadan.

Daraya dəyərli nəsihət verən

Bildi ki, şah qızmış nəsihətindən.

Sözünə başqa bir cərəyan verdi,

Dadlı bir dil ilə şahı dindirdi:

"Şübhə yox, dünyada bir sənsən Dara,

Düşmənin nəyi var, səndədir dara!

İskəndər kimdir ki, atını çapsın,

Daranın başından külahı qapsın?

Sənə bu külahı tikmiş yaradan,

Ulduzdur sənə bu çırağı yaxan.

Dağın qapısına çıxarsa kəsək

Daş ilə əzilər quru torpaqtək.

Atsa qabaq kolu uca qol-qanad,

Çinara tay ola bilərmi, heyhat!

Qabaq suyu içib doyduğu zaman

Kəndirlə aşağı enər ağacdan.

O da bir qabaqdır başı ucalmış,

Boynuna otlardan bir kəndir salmış.

Otlardan toxunmuş ip də qırılar,

Dolçası qırılıb quyuda qalar.

Günəş məşəlindən işıqlansa bağ

Pərvanə yerinə can verər çıraq.

Aciz, topal tülkü döyüş günündə

Nə iş görə bilər aslan önündə?

Qaşında düyümü iki yana vur,

Kamanın düyümü yanlardan xoşdur.

Dünyanı tədbirlə əlinə gətir,

Bu işdə tələsmək nəyə gərəkdir?

Bir çıraq salmazsa qızğın alovlar,

Nə özü, nə də ki, pərvanə yanar.

Od təndir içində, xəmirsə gəlmiş,

Çörəkdən ağıza çox yol deyilmiş.

Hər bəndin açarı səbrdir, inan.

Səbrli kimsələr olmaz peşiman.

Ziyandır uduzmaq belə şahmatı,

Çapdırmaq nə gərək "fil" ilə "atı".

Mizraba barmaqlar hələ yatmadan.

Çox çalğı qırılmış ağır yaradan.

Sən şahsan, səndədir şövkət, təmtəraq,

Belə bir hesabı kimdən aramaq?

Daraya hörmətçin qoca pəhləvan

Söylədi bir neçə dəyərli dastan.

Daranın ürəyi, beyni atəşdi,

Bu dadlı söhbətlər gözündə heçdi.

Acığı, atəşi sönmədi yenə,

Od vurmaq istədi sözün məğzinə.

Dara katibinə əmr etdi belə:

"Müşk ilə ipəyi, durma, al ələ".

Katibi sür ətlə qələm götürdü,

Dara deyənləri yazıb bitirdi.

O, şəvə qələmi oynatdı şən-şən,

Manini, "Ərjəng"i saldı qiymətdən.

Bir məktub yazdı ki, olduqca dilbər,

Məzmunu cənnətin bağçası qədər.

Sözləri polad bir qılıncdan kəskin,

Lisanı, üslubu incə və mətin.

Katib o qiymətli məktubu yazdı,

Dara imza atdı, möhrünü basdı.

Daradan şahlara məktub aparan

Oldu İskəndərin yanına rəvan.

Məktubu verincə, açdı sür ətlə,

Katibə oxutdu başqa diqqətlə.

 

 

 

DARANIN İSKƏNDƏRƏ MƏKTUBU

 

"Insanı biliklə daim ucaldan

Ən adil, ən böyük tanrı adından.

Elə bir tanrı ki, əl tutar, bəslər,

Tək ona sığınar çarəsiz kəslər.

Işıqlı ulduzu göydə parladır,

Bu qara torpaqdan insan yaradır.

Hər işdə bilikli, güclü, bacaran,

Müstəhəqq olanın keçir suçundan.

Hər ruha ondadır hərarət, işıq,

Hər əqlə o verir qüvvət, yaraşıq.

Birinə dövranı tutur elə təng,

Təknədə tapmayır bir parça çörək.

Birinə dağ kimi xəzinə verər,

Çəkidə dağ olmaz ona bərabər,

Nə yoxsul suçundan çəkmiş bir ziyan,

Nə hünər göstərmiş xəzinə tapan.

Nə istərsə onun əlindən gəlir,

Yaratmaq, öldürmək onunçun birdir.

Hökmündən olurmu qurtarmaq yaxa?

Bir hakim tapılmaz ona tay çıxa.

Olsun haqq salamı elə bəndəyə

Acizlik göstərir aciz kimsəyə.

Nə fayda nakəsə demək afərin,

Sanar afərini böyük bir nifrin.

Düşmənin olsa qan içən zülmkar,

Nəzakət göstərsən acizlik sanar.

Xoş məsəl vurmuşdur igid bir kimsə:

"Əlaltı olma bir əlaltı şəxsə".

Sən, ey xam fikirli, sınaqsız uşaq,

Aslanla çarpışma, inadı burax,

Mənimlə döyüşdə zor pəncən hanı?

Köməyin, qoşunun, sərkərdən hanı?

Səndə əqrəb, ilan xasiyyəti var,

Nəhənglə döyüşə yoxsa kim çıxar?

Əjdaha qılıncım məhv edər səni,

Gəl burax bu ilan təbiətini!

Üstünə qılıncla kükrəsəm, yəqin,

Ya ölüm, ya qaçmaq olar qismətin.

And olsun atəşə, "Avest"ə, "Zənd"ə,

And olsun günəşə, göy çəmbərində,

And olsun yəzdana, uca behiştə,

Əhrimən düşməni olan Zərdüştə.

Rumdan və Yunandan qoymaram əsər,

Başına yağdırram ətəş, müxtəsər.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info