Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Şahinlər şahini batmazmı yasa?

O kimdir hərb üçün bağlayım kəmər,

Min kəmərbəstəm var ondan mötəbər.

O miskin qorxağın gördüyü hünər

Aslana naz edən ceyrana bənzər.

Şahların tacında qızıl tacam mən,

Namərdəm, qorxsam bir rumlu miskindən!

O, qafil yuxudan ayılan zaman

Şişə çəkmiş olar ətini aslan.

Yumurta ağırdır, bərklik var onda,

Ancaq tab gətirməz çəkic altında.

Bunu kim bilərdi, dünənki uşaq

Böyüklə bəd rəftar edən olacaq?

Birinci qədəhdə qanar o dəni

Mənim şövkətimi, həm öz səhvini.

Mənə ar deyilmi belə sürünmək,

Miskinlər yanında aciz görünmək?

Zəhərlər içinə qərq olsam, inan,

Nəhəng qurbağadan dilənməz aman.

Harada görünmüş aciz bir yunan

Belə bir gəmini çıxarsın sudan?[133]

Günəşin taxtını çevirə bilməz,

Cəmşidin yerini o verə bilməz.

Iranı yıxmağa ucaltsın bayraq,

Keyxosrov taxtını bacarmaz çalmaq.

Kəyan şövkətini gərəkdir bilsin,

Qədəminə görə irəliləsin.

Nə itdir o qorxaq tülkü, saymadan

Qızmış bir aslana yetirsin ziyan?!

Aslan artığını tülküdür yeyən,

Bulud ağlamasa gülərmi çəmən?

Əliboş adamlar olarmı maldar?

Hansı bir ayaqla qaçar çolaqlar?

Məndədir, bilirsən, həm şövkət, həm şan.

Kim deyər acizəm rumlu uşaqdan?

Sərxoş qulamlara döydürrəm onu,

Çobanlarım qırar onun qolunu.

Bir aslan köpəkdən qorxarsa, bişəkk,

Ona şıllaq atar qoca bir eşşək.

Qartal bir çibini sansa əjdaha

Qalxmasın düşdüyü yerdən bir daha.

Qoca bir tülküdən qorxarsa aslan,

Beynini oxla, dəl, heç vermə aman!

Yaxında gücümü bildirrəm ona,

Ataram başını ayaq altına.

Kimdir bu bac verən rumlu İskəndər,

Uca tacidarla olsun bərabər?

Kəyan taxtı olmuş mənə müyəssər,

Başımda tacım var, belimdə kəmər.

Heç kəsdə hünər yox eyləsin cürət -,

Babamın yurdunu almağa niyyət.

Kəyanın külahı Kəyana yarar,

Bu xəzin içinə sığarmı rumlar?

Bəhmən nəslindənəm, Keyxosrov babam,

Namərdəm arxasız rumludan qorxsam.

Bir babam Ruyintən Isfəndiyardır,

Bu taxt ondan mənə bir yadigardır.

Dönməzsə fikrindən keçmiş yoluna

Qaranlıq olar bu işıq - gün ona.

Girsə dənizimə gəmisi əgər,

Başını ayağım altında görər.

Cavabım acıdır, acı dənizdən

Ataram torpaqdan dənizlərə mən.

Elə sel axıdım qanlı buluddan,

Əli də günəşə çatmasın bir an.

Kin, inad edən bir kəndlidən, ancaq

Sülhlə yox, ölümlə xoşdur qurtulmaq!

Eşşəyə yəhər yox, yaraşır palan,

Yükünü onunla daşıyar aslan.

Mən ucaltmışam bu ovun boynunu,

Yenə mən salaram kəməndə onu.

Ey başı çürümüş qoca pəhləvan,

Daraya belə xor baxışdan utan.

Olmaz söz atını belə oynatmaq,

Qocaman bir dağı kəməndlə tutmaq.

Səhrada çırağı yaxmaq nə gərək,

Sınanmış fələyə şahlıq öyrətmək?

Gövşəmə, çıxma öz həddindən kənar,

Hər çeşid gövhərin başqa yeri var.

Hər kəsin əyninə uymasa donu,

Demək, özgələrdən almışdır onu.

Qocalıq yerindən oynatmış səni,

Çürütmüş fikrini, yemiş beynini,

Arxana yorğunluq çökmüşdür, ey pir,

Nizə yox, sənə bir əsa gərəkdir.

Qocalanda ağıl olar pərişan,

Bütün bilikləri çıxar yadından.

Qocaya yalnız bu iki şey yarar:

Birisi ibadət, birisi məzar.

Dünyanı burax bu igid gənclərə.

Qocaldın, ortadan çəkil bir kərə!

Bir zəif-qocadan umulmaz pənah,

Nə kömək edəcək qırıq bir silah?

Orduya igidlik yaraşır. Qoca

Sülhə bir yol arar döyüş qızınca.

Hər söz öz-yerində olur çox gözəl,

Çünki nar bar verməz vaxtından əvvəl.

Hər vaxtsız banlayan xoruzun gərək

Durmadan başını bıçaqla kəsmək.

Dilini bağla ki, əldə qalsın baş,

Dil quru olarsa, boğaz olmaz yaş[134].

Qan ilə islanmış dilsiz bir başdan,

Şübhə yox, yaxşıdır başsız bir insan[135].

Dilini ağzında saxla daima,

Yersiz heç bir zaman nəfəs çıxarma.

Dil dimaq evində otursun gərək,

Bəxtiyar yaşasın, gülsün hər dilək.

Düzlükdə ad almış çəkinin dili,

Milindən bir yana əyilməz beli.

Milindən azacıq aşağı ensə,

Enər baş aşağı bir az tərpənsə.

Elə söz vardır ki, yaramaz demək,

Başqa bir dil ilə söyləmək gərək.

Onu incə-incə söylərkən bir-bir

Ondan hər eşidən alar bir təsir.

Xüsusən şahlara sözü yonaraq,

Ölçərək deməli, həm də çox yumşaq".

Daranın acığı edincə tüğyan,

Qoca üzr istədi, oldu peşiman.

Padşahlar işində qaynaşır qorxu,



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info