Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Rumlular sərasər geysə də dəmir,

Atəşgədəmizdə mum, dəmir birdir,

Nə çıxar rumludan, rum əsgərindən,

Atların nalında məhv olar ölkən.

Əgər Rum üstünə çəksəm ordular,

Tozundan günəşin gözü kor olar.

Ey Rumun ağası, budur məsləhət:

Daraya edəsən zəncitək xidmət.

Xalvarla çıxarsan geyimlə qalpaq.

Bir oxa dayanmaz, inadı burax.

Qarətçi ordumun oxundan məgər

Yemədin, üstümə çəkirsən ləşgər?

Varmıdır Daraya verəcək başın?

Mənimlə keçin, bu fikrindən daşın.

Yayı qır, oxundan çıxar yeləyi,

Zirehi qatla, gey zərif ipəyi.

Yoxsa qulağını buran zaman mən,

Bilirsən ki, heçsən, heçdən də heçsən!

Qorx ürək çeynəyən oxumdan mənim!

Sevinmə bu dovşan yuxumdan mənim!

Hər yatan dovşana xor baxma, zinhar!

Tərpənsə yerindən ox kimi uçar.

Bacarram səninlə edim xoş rəftar,

Həddini aşanı döyməmək olar.

Lakin bir məsəl var: "Şah olsa zəlil,

Quyudur məskəni, yer üzü deyil".

Vergi ver, kini sil, qoy işə qədəm,

Köhnə ayinlərə, gəl, çəkmə qələm.

Hər il nə gərəkdir yeni kürk tikmək,

Noxtayla bir yerdə satılır eşşək.

Köhnə xanədana rəxnə vurma gəl,

Bununla açarsan başına əngəl!

Məcbur etmə məni qalxım yerimdən,

Mən böyük bir filəm, sən bir çibinsən!

Sevin ki, haq sənə vermiş dövlət, var,

Aslan pəncəsindən alınmaz şikar!

Bir qarğa kəkliktək səkdi bir zaman,

Öz yerişi belə çıxdı yadından.

Məclis qur, ulduzlar nur verdi yerə,

Firiştə qapını açmış göylərə[136].

Keyxosrovun tacı səadət arar,

Bilmirəm kim kimin başından qapar?

Bu köhnə zəmanə kimə olar yar?

Ulduzlar kim ilə olar vəfadar?

Bu göyə atdığın tozdan, torpaqdan

Mənə yox, özünə yetişər ziyan.

Baş mənəm, başqalar mənə əl-ayaq,

Nə gərək başını boş yerə qırmaq?

Öz sillən toxunar öz yanağına,

Baltanı vurarsan öz ayağına.

Gənclik qüruruyla şaşmaq əbəsdir,

Qəmənlə boynunu qaşıma, bəsdir!

Qılıncım tək sənə açmamış oyun,

Saysız dik başlardan qoparmış boyun.

Mənimlə munisdir şahların baxtı,

Cəmşidin əklili, Kavusun taxtı.

Bərkliyi çəkməklə dəmir, poladam,

Ruyintəndir mənim şöhrətli babam.

Yağışdan qorxarmı qocaman qurdlar?

Onların ipək yox, dəri kürkü var.

Bəxtiyar kimsənin alınmaz baxtı,

Satın almaq olmaz tac ilə taxtın.

Isfəndiyar köçmüş dünyadan əgər.

Nəsəbin yetişər Bəhmənə qədər.

Bəhmən də şahlığı atdığı zaman

Dünyaya mən oldum böyük hökmüran.

Məndədir Bəhmənin aslan ürəyi,

Həm Isfəndiyarın polad biləyi.

Onlardan yadigar bu gün mənəm, mən!

Zorda Isfəndiyar, ürəkdə Bəhmən!

Kəyan nəslindənəm, mən yenilmərəm.

Başqalar əlaltı, tək əsil mənəm!

Böyük səhv etmisən məni ölçərkən,

Bəhmən qüvvətiylə ölçməmişsən sən.

Babamın mülkünün sahibiyəm mən,

Gəl öz sahibinə üsyan etmə sən.

Tutduğun işlərdən tez ol peşiman,

Düşün ki, bir fayda verməz sonradan!

Çox igid olsan da, qızışma ancaq.

Aslanın izinə, gəl basma ayaq!

Gəl etmə qabalıt, həlim ol, yumşal!

Oynatma yerimdən, öz yerində qal!

Yurdunu talaram, kini tərpətsən,

Ölkələr verərəm bir rica etsən.

Dağ kimi ağıram, mətanətliyəm,

Hökmümdə amansız, həm də qətiyəm.

Sən məni-tərpətmə, tərpənər dünya,

Bir kərə demişəm, dedim bir daha!"

Dara məktubunu şaha oxuyan

Kəskin sözlərini edincə bəyan,

İskəndər əmr etdi: "Oynasın əlin!

Ona bir cavab yaz bundan da kəskin".

Katibi qələmlə göstərdi hünər,

Məktubu bəzədi hər çeşid gövhər.

Yazdı bu məktubu elə sənətlə,

Fələklər əlini öpdü hörmətlə.

Dəyərli məktubun başı qapandı,

Naməni alaraq qasid yollandı.

Daranın katibi məktubu açdı,

Hər rəngin nüktədən yüz gövhər saçdı.

Oxuyub gördü ki, gövhərdir hər söz,

Düzdüyü dürlərdən ayrılmayır göz.

 

 

 

DARANIN MƏKTUBUNA

İSKƏNDƏRİN CAVABI

 

"Anaram tanrını, haq qüdrətini,

Torpaqdan yaradır hər göyərtini,

Bu uca göylərə ülviyyət saçan,

Ağıllı kimsənin gözünü açan,

Dünyanı yaradan hər şeydən qəni,

Kimsəsiz kimsənin kömək edəni,

Dünyaya insanla verdi yaraşıq,

Göyləri yerlərə bağladı artıq.

Suyun qılıncına yer oldu qılaf,

Günəş çeşməsitək parlatdı şəffaf.

Bəndəlikdən uzaq o pərvərdigar,

Onda nə pozulmaq, nə qocalmaq var.



 
[ 1-15 ] [ 16-30 ] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info